Nəşr olunduğu müddət ərzində geniş oxucu auditoriyası toplamış, ölkədə və dünyada baş verən hadisələrə özünəməxsus obyektiv yanaşması ilə seçilən “Gündəm xəbər” qəzeti maliyyə çətinlikləri ilə əlaqədar olaraq fəaliyyətini dayandırmışdı.
Qəzetin son sayı 20 iyun 2014-cü ildə nəşr olunub. “Gündəm xəbər” qəzeti satış bazarından əldə olunan gəlirlər hesabına öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin, redaksiyanın özündən asılı olmayan səbəblərdən yaranmış maliyyə çətinlikləri sonda qəzetin fəaliyyətinin dayandırılmasına səbəb oldu. Belə ki, “Metro Servis” MMC-nin qərarı ilə metro stansiyalarında qəzet satışı dayandırıldı. Həmçinin “Qaya MMC-nin və “Qasid” ASC-nin satış köşklərinin şəhərin bir çox hissələrindən götürülməsi qəzetin yayımında problemlər yaratdı. Belə maneələrin yaradılması və yay fəslində qəzet satışında müşahidə olunan ənənəvi problemlər sonda ölkənin tanınmış bir qəzetinin nəşrinin dayandırılması ilə nəticələndi. Lakin, “Gündəm xəbər” qəzeti nəşr olunmadığı dövrdə belə diqqətli oxucularımız daima onun fəaliyyətə başlaması üçün müraciətlər edirdilər. Ölkədə və dünyada baş verən proseslərdən kənarda qalmamaq, dəyərli oxucularımızın çoxsaylı müraciətlərini nəzərə alaraq yenidən “Gündəm xəbər” qəzetinin fəaliyyətinin bərpa olunmasına qərar verilib. Bütün çətinliklərə rəğmən dayandığımız yerdən başlamaq niyyətindəyik. Ümidvarıq ki, dəyərli oxucularımız bizi bu çətin yolda tək buraxmayacaqlar. “Gündəm xəbər” kollektivi hər zaman öz diqqətli oxucularının dəstəyini hiss edib. Fəaliyyətimizin yeni dönəmində də bunun belə olacağına inanırıq. Yaxın günlərdə “Gündəm xəbər” qəzeti yenidən sizlərlə olacaq. Sizinlə olmadığımız dövrdə biz dəyişmədik. Sözün düzünü, həqiqətin ən doğrusunu paylaşmaq üçün yaxın günlərdə aranızdayıq. Gündəmin nəbzini bizimlə tutacağınız günə çox az qalıb! gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?