Elşad Məmmədov özünün və ailəsinin təhlükəsizliyilə bağlı Ramil usubova müraciət etdi
“Bu qədər naziri, generalı olan ölkə Hacı İbrahim Nehrəmliylə bacarmır. Etdiyim bütün müraciətlər cavabsız qalıb, üç az yaşlı övladlarımla kirayədə qalıram. Məhkəmələr haqqımı bərpa etmir. Əlimdə ödədiyim pulların qəbzi, mənzillərin maliyyə arayışı var” - bunu iş adamı Elşad Məmmədov deyib. O, 2012-ci ilin fevralında “Avesta” konserninə məxsus “Həsən-96” MTK-dən 355 min manata iki mənzil alıb. Üstündən iki ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir. Çünki “Avesta”nın prezidenti hacı İbrahim buna imkan vermir. Elşad Məmmədov deyir ki, bu iki il ərzində çəkmədiyi zülmlər qalmayıb: “Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla kirayələrdə qalıram. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur. Hətta Respublikanın baş prokuroru Zakir Qaralovun qəbulunda oldum, o göstəriş verdi ki, problem həll ediləcək. Bunun da bir xeyri olmadı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev, prokuror Nazir Quliyev mənim haqlı olduğumu deyib. Bir neçə dəfə Prezident Administrasiyasında getmişəm. Orada da vəd verdilər. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun iki dəfə qəbulunda olmuşan. O mənə söz verdi ki, problemlə bağlı Prezident Administrasiyanın bölgə üzrə kuratoruna məlumat verəcək. Bundan başqa Heydər Əliyev Fondunda da oldum. Mehriban Əliyevanın köməkçisi dedi ki, bizlik deyil. Bir sözlə hamı haqqımı tanıyır, ancaq yardımçı ola bilmirlər. Onlarla mətbuat konfransı keçirmişəm, yüzlərlə dövlət idarələrinə şikayət ərzilər yazmışam”. Həyatının təhlükə altında olduğunu deyən iş adamı mətbuat vasitəsiylə Daxili işlər naziri Ramil Usubova müraciət edir: “Mənim və ailəmin təhlükəsizliyinə zamanət versinlər. Çünki dəfələrlə Hacı İbrahimin mühafizəçisi açıq nömrədən məni ölümlə, “Bandotdel”ə aparmaqla hədələyib”. Elşad Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yenicə təyin olunan Mübariz Qurbanlıya da müraciət edib. O, komitə sədrindən xahiş edir ki, probleminə diqqət yetirsin: “Hacı İbrahim deyir ki, guya mən onun üçün iş görməli idim, bunu yerinə yetirməyib qaçmışam. Gah da deyir ki, Gürcüstana qaçmışam, nə bilim “Bandotdel”də etiraf etmişəm ki, heç kimin mənə borcu yoxdur. Bütün bu deyilənlər yalandı. Nə Hacı İbrahim üçün iş görmüşəm, nə gürcüstana qaçmışam, nə də “Bandotdel”ə aparılmışam. Ondan iki mənzil almışam, nə pulumu verir, nə də evlərimi. Hacı adam yalan danışmaz, insanlara şər atmaz”.
Elşad Məmmədov avqustun 3-də saat 12:00-da Prezident Administrasiyası önündə aksiya keçirəcək: “Başqa yolum yoxdur. Kirayədə qalmağa pulum yoxdur. Pulum, yaxud da mənzilim qaytarılmayınca məcburam ki, Prezident Administrasiyası önündə gecələyim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?