Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarları 306.500 manat cərimələyib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 2012-ci ildəki yoxlamaları göstərib ki, ölkədə dövlət standartlarına əməl edilməsi işləri üzrə heç də hər şey qaydasında deyil. Bu səbəbdən 261 müəssisənin istehsal fəaliyyətini qadağan edilib. Komitənin mətbuat xidmətində Turan-a deyiblər ki, 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və 833 subyektdə standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib. 66 çörək məmulatları, 21 süd məhsulları, 23 alkoqolsuz içkilər, 1 mebel istehsalı, 4 tikinti materialları, 2 asfalt istehsal edən və s. təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib. 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan ərzaq dövriyyədən çıxarılıb. Sahibkarlıq subyektlərinə ümumi məbləği 306.500 manat olan inzibati qaydada cərimələr tətbiq edilib.
Sorğu
Yeni dizaynımız necədir?