Tiflisdə Gürcüstan Xarici İşlər naziri Maya Pancikidze və onun qazaxıstanlı həmkarının birinci müavini Samat Ordabayev arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi və regional məsələlərdə tərəflərin bir-birinin mövqeyinin dəstəklənməsi müzakirə olunub.
Axar.az–ın Gürcsüstan mətbuatına istinadən xəbərinə görə, ən diqqət çəkən məqam Abxaziya və Cənubi Osetiya məsələsində rəsmi Astananın Tiflisin mövqeyini dəstəkləməsi olub.
Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qazaxıstan bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Bundan başqa, ölkəsinin adından çıxış edən Ordabayev diqqətə çatdırıb ki, rəsmi Astana qondarma Abxaziya və Cənubi Osetiya respublikalarını Avrasiya Birliyində görmək istəmir, Gürcüstanla da iqtisadi əlaqələri genişləndirmək fikrindədir.
Ekspertlər artıq rəsmi Astanın bu cür demarşını Rusiya Prezidenti Vladmir Putinin dövlət başçısı Nursultan Nazarbayev və Qazaxıstanın dövlətçilik tarixi ilə bağlı qalmaqallı fikrinə cavab kimi dəyərləndirməyə başlayıblar.
Xatırladaq ki, sentyabrın 10-da Minskdə Avrasiya Birliyinə üzv ölkələrin növbəti sammitinin keçirilməsi planlaşdırılıb. Siyasi icmalçılar indidən toplantının olduqca gərgin atmosferdə kəçəcəyini proqnozlaşdırırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?