İtaliyada keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin iştirak etməsinə imkan verilməyib.
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, məsələ ilə bağlı rəsmi Romaya və beynəlxalq sərginin təşkilatçılarına xəbərdarlıq olunub.
“İtaliyadakı səfirliyimiz tərəfindən öncədən həyata keçirilmiş qəti və ardıcıl tədbirlər nəticəsində İtaliyanın Rimini şəhərində oktyabrın 9-11-də keçirilən “TTG İncontri - The İnternational B2B Fair for the Tourism” sərgisində Ermənistan pavilyonun tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsil olunmasının qarşısı alınıb”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən bu narahatedici məqamla əlaqədar İtaliyanın Xarici İşlər Nazirliyinə və sərginin təşkilatçısı olan şirkətə müraciətlər edilib və Dağlıq Qarabağ adlanan qondarma rejimin Ermənistan pavilyonunda və ya ayrıca şəkildə sərgidə təmsil olunmasının qeyri-qanuni olduğu izah olunub: “Ermənistan tərəfi ənənələrinə sadiq qalaraq, bu kimi beynəlxalq tədbirlərin təşkilatçı şirkətlərini aldatmağa cəhd göstərir və Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərməyə çalışır. Ermənistan tərəfindən adətən tədbirin təşkilatçılarına əvvəlcədən xəbər vermədən tədbir başlayan günü “Dağlıq Qarabağ” adı altında bir neçə təbliğat materialları Ermənistana aid pavilyona qoyulur və bu da qondarma rejimin “təmsil olunması” kimi təqdim olunur. Ermənistanın bu kimi cılız təxribatçı əməllərə yenidən əl ata biləcəyinin istisna olunmadığını nəzərə alaraq, sərginin gedişi diqqətdə saxlanılır”.
Sorğu
Yeni dizaynımız necədir?