Bu gün səhər saatlarında Moskvadakı “MoskvaSiti” ofis mərkəzinin tikintisində faciə baş verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, binanın 10-cü mərtəbəsində tikinti materiallarını və fəhlələri qaldırmaq üçün istifadə olunan “səbətin” trosu qırılıb və 8 fəhlə aşağı yıxılıb. Yıxılanların 7-si ağır bədən xəsarətləri alıb, biri isə ölüb.
Əvvəlcə xəsarət alanların sayının 7 nəfər olduğu açıqlanıb. Lakin hadisə yerinə gələn polislər bir fəhlənin cəsədini aşkar ediblər. Maraqlıdır ki, qalan fəhlələr ölən şəxsin cəsədini gizlətməyə çalışıblar və polislər cəsədi məişət tullantılarının yığıldığı qapalı yerdə aşkar ediblər.
Cəsədin gizlədilməsinin səbəbi aydın deyil, lakin istisna deyil ki, podratçı şirkət bununla ölüm faktını gizlətməyə çalışıb.
Yıxılan və ağır yaralanan fəhlələrin Özbəkistan vətəndaşları olduğu bildirilir. Ölən fəhlə isə Azərbaycan vətəndaşıdır. Lakin bəzi məlumatlara görə, yaralıların da çoxu azərbaycanlıdır.
Moskva polisinin mətbuat xidmətinin məlumatına görə, hadisə səhər saat 6 radələrində baş verib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Qeyd edək ki, “Moskva Siti” ofis mərkəzinin mülkiyyətçilərindən biri azərbaycanlı iş adamı, prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovdur.
“Forbes” jurnalının İlham Rəhimov haqda 2012-ci ildə yazdığı “Professorun payı” adlı məqaləsində göstərilirdi ki, “Moskva Siti”nin yarımçıq qalmış tikintisində Rəhimovun 15 faizlik payı var.
Belə ki, tikinti katlavan mərhələsində yarımçıq qalandan sonra Moskva meriyası onu satıb. Rəhimov 15 faiz pay alıb və hazırda binanın tikintisi davam edir.
* * *
Son məlumatlara görə, Moskva hüquq-mühafizə orqanları bildirib ki, “Moskva Siti”də qəzaya səbəb olan “səbət” fəhlələrin yuxarı mərtəbələrə qaldırılması üçün nəzərdə tutulmayıb və yalnız tikinti materiallarını qaldırmaq üçün idi.
Bundan əlavə tikintini həyata keçirən Türkiyə şirkəti “Ant Yapı”nın bu cür tikinti aparmaq üçün sənədlərinin qaydasında olmadığı məlum olub.
Faktla bağlı “Mosqosstroynadzor” bütün tikinti sahəsində işi dayandırıb və yoxlamalara başlayıb. Yaralananların hamısının Özbəkistan vətəndaşları olduğu dəqiqləşib, tikintiyə türkiyəli mühəndis başçılıq edirdi.
Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırma başladıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?