İkinci Qarabağ müharibəsi Rusiyanın bir sözündən asılıdır
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Xocalı hava limanı ətrafında vəziyyətin kritik nöqtəyə çatdığını və həm Azərbaycanın, həm də Ermənistanın ən təhlükəli ssenariyə hazırlaşdıqlarını bildirib. Elxan Şahinoğlu Ermənistanın Xocalı hava limanını işə salmaqda, Azərbaycanın isə hava limanına enməyə çalışacaq istənilən təyyarəni zərərsizləşdirməkdə israrlı olduğunu vurğulayıb. “Tərəflərdən heç biri geri addım atana oxşamır. Hava limanı hazırdır və ermənilər məsələni illərdir uzadırlar, məhz bu il düyməyə basmaq qərarına gəliblər. Çünki, bu mövzunu bir az daha uzatsalar, Ermənistan hakimiyyətindən soruşacaqlar ki, Qarabağa təyyarə enməyəcəkdisə, orada hava limanı niyə inşa edilirdi. Aydındır ki, İrəvan fevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkisinə qədər heç bir risqli addım atmayacaq, ondan sonra isə qarşı tərəfdən hər cür təxribat gözləmək mümkündür”. Xocalı hava limanının işə salınmasının arxasında Kremlin nəfəsinin hiss edildiyini deyən analitik hava limanı məsələsində İrəvanın böyük ehtimalla Moskvanın qərarından asılı olduğunu bildirib: “Moskva İrəvana əmr verən kimi, Ermənistan paytaxtından Xocalı hava limanına istiqamətlənən təyyarə havaya qalxacaq. Azərbaycan üçün də artıq geri addım atmağa yer qalmayıb. Çünki, Bakı rəsmən bəyan edib ki, hava sərhədini pozan istənilən təyyarəni vuracaq. Hakimiyyət dediyini yerinə yetirməzsə, daxildə və xaricdə ciddiliyini itirəcək. Beləliklə, Xocalı hava limanının işə düşməsi irimiqyaslı müharibəyə yol aça bilər. Əslində indiki vəziyyətdə bu nə Ermənistana, nə də Azərbaycana lazımdır. Müharibə hər iki ölkəyə ciddi zərər verəcək. Toqquşma yalnız Rusiyadakı dairələrin istəyi nəticəsində reallaşa bilər. Həmin dairələrlə rəsmi Bakının münasibətləri isə son zamanlar kifayət qədər pozulub. Durumu dramatikləşdirmək istəməzdim, ancaq Xocalı hava limanının işə düşməsi və buna veriləcək adekvat cavab vəziyyəti o həddə çatdıra ki, Azərbaycanda oktyabrın 15-də keçirilməsi planlaşdırılan prezident seçkisi də təxirə salına bilər. Azərbaycan Konstitusiyasında fors-major hallarda seçkinin təxirə salınmasına dair maddə də buna imkan verir”. “Siyasət şöbəsi”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?