Demokratik düşərgənin birmənalı mövqeyi yoxdur Azərbaycanda müxalifətin yeni birliyi yarana bilər. Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Müsavat Partiyası, ADP, Ümid Partiyası, KXCP, Azadlıq Partiyası, Liberal-Demokrat Partiyası, VİP, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, AXP və Azad Demokrat Partiyası rəhbərlərinin iştirakı ilə Müsavat Partiyasının qərargahında dəyirmi masa keçirilib.
Siyasi məhbus probleminə həsr olunmuş toplantıya eyni zamanda QHT və KİV nümayəndələri, ziyalılar, eləcə də Avropa İttifaqının Azərbaycan ofisinin nümayəndələri qatılıb. Bundan bir neçə gün sonra isə yuxarıda adları qeyd olunan 11 siyasi partiyanın daxil olduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Polşa səfirliyində görüş keçirib. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən verilən məlumata görə, mərkəzin Sədrlər Şurasının toplantısının qərarına müvafiq olaraq ALDP sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc Polşanın Azərbaycandakı səfirliyində olublar. Mərkəz təmsilçiləri səfir səlahiyyətlərini icra edən xanım Beata Baranşka ilə görüşüb. Görüşdə Siyasi Partiyaların Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzinin fəaliyyəti və məqsədləri, o cümlədən avrointeqrasiya məsələsində planları barədə, habelə ölkədəki vəziyyət, vətəndaş cəmiyyəti xadimlərinin, hüquq müdafiəçilərinin və QHT təmsilçilərinin həbsi müzakirə olunub.
Siyasi ekspertlərə görə, 2015-ci ildə müxalifətin birliyi məhz Siyasi Partiyaların Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzi üzərində qurulacaq. Faktiki olaraq hazırda ən böyük partiyalar birliyini məhz bu qurum təşkil edir. Ancaq müxalifət daxilində bu məsələyə münasibət birmənalı deyil. Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzinin seçki blokuna çevrilməsi ilə bağlı hər hansı danışıqlar aparılmır: “Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzi siyasi partiyaların birliyidir. Bu mərkəz funksional əməkdaşlıq mərkəzidir, bu qurumun hər hansı bloka çevrilməsi ilə əlaqədar müzakirələr aparılmır.
Seçkilər öncəsi siyasi partiyaların, müxalifət təşkilatlarının müxtəlif blokları yarana bilər. Ancaq Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzinin hər hansı bloka çevrilməsi istiqamətində müzakirələr aparılmır".
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə adıçəkilən siyasi partiyaların seçkilərdə bir araya gəlməsini istisna etmir. Ümid sədrinin fikrincə, ilk növbədə partiyalarda birlik istəkləri, ortaq nöqtələr üzərindən birləşmə meylləri ortaya qoyulsa yeni partiyalar bloku yaradılması mümkündür: “Problem ola biləcək məsələləri masa üzərinə gətirmək lazım deyil. Bizi birləşdirən məqamları axtarmaq lazımdır. Bunları axtarsaq, məsələlərə xoşməramlı yanaşsaq mümkündür. Mən bunu istisna etmirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?