Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiə naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev Modern.az saytına müsahibəsində mərhum prezident Əbülfəz Elçibəy haqqında da danışıb. Onu böyük türkçü adlandıran keçmiş nazir deyib ki, Elçibəyi gecə yatanda öldürüb eyvandan atmaq planını quranlar olub. Əli Nağıyevin iddiasına görə, Elçibəyə qarşı sui-qəsd təşkil edənlər öz yaxınları olub. Bu, nə dərəcədə həqiqətdir?
Modern.az saytı sabiq nazirin bu iddiasına vaxtilə Elçibəyin ətrafında olmuş siyasətçilərdən münasibət öyrənib.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın sözlərinə görə, Əbülfəz Elçibəyə qarşı 2 dəfə sui-qəsd hazırlanıb: “Yadımdadır, biri Gəncədə hazırlanmışdı, mən də orda olmuşam. Bu situasiyanı Elçibəyin olduğu avtomobilin qarşısındakı maşın yaratmışdı. Digər hadisədə isə Elçibəyi öldürmək üçün xüsusi snayper hazırlanmışdı. Onların kim olduğunu bilmirəm. İstintaq materiallarında bunlar qeyd edilib”.
Vaxtilə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə Komitəsinin sədri olmuş, Əbülfəz Elçibəyin 1-ci müavini postunu tutmuş, hazırda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə bu faktları dəqiqləşdirmək üçün Əli Nağıyevin daha ətraflı danışmalı olduğunu vacib sayıb: “Bunu dəqiqləşdirmək lazımdır. Bu, sırf cinayət xarakterli olaydır. Əli müəllimin hadisədən xəbəri varsa, bu sui-qəsd cəhdlərini kimlərin təşkil etdiyini bilirsə, deməlidir. Məndə bununla bağlı heç bir məlumat yoxdur”.
Qardaşı Almurad Əliyevin fikrincə, Əbülfəz Elçibəyə qarşı yaxınları tərəfindən heç bir sui-qəsd cəhdi olmayıb. Onun sözlərinə görə, bunu iddia edənlər yalan danışır: “Bircə dəfə Gəncədə sui-qəsd etməyə çalışıblar. Həmin vaxt mən xəstəxanada idim, xəbəri orada eşitmişdim. Sonra Elçibəy gəlib mənimlə görüşdü”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Elçibəyə qarşı sui-qəsd cəhdləri ilə bağlı məlumatının olduğunu bildirib: “Amma onu yaxınlarının edib-etmədiyini bilmirəm. Bunu məsələdən ətraflı məlumatı olanlar deyə bilər. Mənim adi vətəndaş və dostcasına bildiklərim var. Zamanında bilməmişəm, sonradan öyrənmişəm. Həmin dövrdə təhlükəsizlik xidmətində, Xüsusi İdarənin rəhbərliyində çalışan insanlar var. Onlar daha dəqiq deyə bilərlər. Bu faktları Prezident yanında Xüsusi İdarənin rəhbəri Vaqif Axundov bilər. O, Elçibəylə işləyib. Onlar bu barədə xüsusi məlumata malikdirlər. Bizim bildiklərimiz ümumi şeylərdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?