"Ağabəy Əsgərov xəstədir, görünür, vəzifə istəyir. Ona görə də, Əbülfəz Elçibəy haqqında belə danışır. Həyatını Azərbaycanın milli azadlığına həsr edən adama necə avara demək olar. Ola bilsin ki, Ağabəy Əsgərov kimi adamlar milli azadlıq uğurunda mübarizə aparmağı, etiraz aksiyaları keçirməyi avara, boş iş hesab edirlər. Əgər belə düşünürsə, deməli, ən böyük avara elə onun özüdür". Bunu Teleqraf.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun "ölkənin ən böyük işsiz-gücsüz avarası baş cəbhəçi Əbülfəz Əliyev (Elçibəy-red.) idi" ittihamına cavab olaraq bildirib. A.Əliyev qeyd etdi ki, Əbülfəz Elçibəyə hətta mərhum prezident Heydər Əliyev də hörmət edib: "Heydər Əliyev qardaşım haqqında yüksək fikirdə olub. Ağabəy Əsgərov kimi adamlar Elçibəy haqqında danışarkən heç olmasa bunu nəzərə alsınlar. O, xəstə adamdır, vəzifə əldə etmək üçün Elçibəyi söyür. Amma bilmir ki, bu cür ifadələrinə görə ona heç kəs, hətta öz komandası da hörmət qoymayacaq. Əbülfəz Elçibəyin siyasi fəaliyyətindən narazılıq etmək olar, amma onu avara adlandırmaq həm də günahdır. Bu günə qədər Elçibəyi təhqir edənlərdən heç kim ağ günə çıxmayıb, başları bəlalar çəkib. Görəcəksiz, Ağabəy Əsgərov da bu sözünün bəlasını çəkəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?