Bu gün səhər Bakı hava limanında saxlanılan blogger Mehman Hüseynov axşamüstü sərbəst buraxılıb.
O, Səbayel Rayon Polis İdarəsində dindiriləndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılıb və orada sorğu-sual edilib. Daha sonra isə sərbəst buraxılıb.
* * *12:40
Daxili İşlər Nazirliyindən blogger Mehman Hüseynovun həbsinə reaksiya gəlib.
DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında Mehman Hüseynov barədə cinayət işi olduğunu deyib: “2012-ci ildə qanunsuz keçirilən aksiya zamanı Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib, xuliqanlıq edib. Buna görə də barəsində cinayət işi qaldırılmışdı. İstintaqın gedişi ilə əlaqədar ölkədən çıxmasına yasaq qoyulmuşdu. 2013-cü ildə Mehman Hüseynov xarici ölkələrdən birinə hansısa tədbirə getmək üçün istintaq orqanına müraciət etmişdi. Müraciətə baxıldı, icazə verildi. Bu dəfə isə Mehman Hüseynovun nə özü, nə də vəkilləri tərəfindən müraciət olunmayıb. Saxlanılmasına səbəb budur”.
* * *10:52
Blogger Mehman Hüseynovu ATƏT-in konfransında iştirak üçün Tiflisə yola düşərkən aeroportda saxlayıblar. Ona pasportunun sistemdə olmadığını, saxta olduğunu deyiblər.
Bu barədə jurnalist Xədicə İsmayılova facebook səhifəsində yazıb: “İndi aeroportun polis idarəsinə aparırlar. Mehman Hüseynov üzərindəki səyahət qadağasının qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ona müraciətinə müstəntiqin baxdığı haqda cavab gəlmişdi. Müstəntiq də belə baxıbmış”.
Son üç ildə blogger Mehman Hüseynova səfər qadağası qoyulmuşdu. Ona polisə müqavimət ittihamı irəli sürülmüşdü, istintaqın getdiyi bildirilirdi.
“İstintaqın müddəti limiti keçdiyindən Hüseynov qadağanın götürülməsi üçün müraciət edib. Prokurorluq bu məsələnin polis müstəntiqinə aid olduğunu deyib. Polisdən cavab gəlməyib. Konfrans bu gün başlandığından Mehman sərhəd xidmətinin reaksiyasını yoxlamağa cəhd edib. İndi isə dövlət onun vətəndaşlıq pasportunu tanımır” - Xədicə İsmayılova yazıb.
Mehman Hüseynov radioya deyib ki, hazırda aeroportun polis idarəsində olduğundan danışa bilmir. O, Səbayel Rayon Polis İdarəsinə təhvil veriləcəyini bildirib.
Mehman Hüseynovla əlaqə saxlanılıb. Bloggeri hava nəqliyyatı polisindən qolu qandallı çıxarıblar. Bu barədə radioya onun nümayəndəsi, RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib.
Günay İsmayılovanın sözlərinə görə, Mehman Hüseynovun pasportu 2019-cu ilədək etibarlıdır ("Azadlıq" radiosu).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?