Prezident İlham Əliyev Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin (bundan sonra – şəxsiyyət vəsiqəsi) tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.
Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə təchiz olunmasını; “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra – İAMAS) şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsini; şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını; Dövlət Sərhəd Xidməti ilə birlikdə, şəxsiyyət vəsiqəsi ilə ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrinin proqram-texniki vasitələrinin təkmilləşdirilməsini; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün “ASAN xidmət” mərkəzlərində və əhaliyə səyyar xidmət göstərən nəqliyyat vasitələrində müvafiq proqram-texniki vasitələrin təchizatını və quraşdırılmasını təmin etməlidir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini; şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin edəcək.
Ədliyyə, Səhiyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Dövlət Miqrasiya Xidmətinə şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) haqqında vətəndaşın ərizə-anketindəki məlumatların real vaxt rejimində yoxlanılması və nəticələrinin İAMAS-a təqdim olunması məqsədi ilə müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmək tapşırılıb.
Ədliyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq informasiya sistemlərinin təkmilləşdirilməsini, avadanlığın gücləndirilməsini və zəruri infrastrukturun yaradılmasını təmin edəcəklər.
Daxili İşlər, Ədliyyə, Səhiyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Miqrasiya Xidməti bu sərəncamda tutulan işlərin şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə görülən tədbirlərlə bərabər aparılmasını və 2015-ci il dekabrın 1-dək başa çatdırılmasını təmin etməlidirlər.
İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncama uyğun olaraq şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqi məqsədi ilə görülən tədbirlərin əlaqələndirilməsini təmin edəcək.
Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamda nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?