İqtidar indi 2003-cü ilin ən zəif variantda təkrarına belə hazır deyil
Rejim İsa Qəmbərin “əlinin suyu”nu bir neçə dəfə görüb və cəmiyyətin ona münasibətini də dəqiq bilir
Dünən Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiya rəhbərliyinin, fəallarının, ziyalıların və jurnalistlərin iştirakıyla Lənkəran şəhərinə yola düşüb. Səfərdə məqsəd Müsavat Partiyası Lənkəran Şəhər Təşkilatının yaranmasının 20 illik yubileyində iştirak etməkdir. İsa Qəmbərlə bərabər 100-ə yaxın şəxs Bakıdan Lənkərana yola düşüb. Onların arasında bir sıra media təmsilçiləri də var. Qeyd edək ki, yanvarın 13-də İsa Qəmbər Lənkərana səfəri zamanı hücuma məruz qalmışdı. Budəfəki səfəri yanvarın 13-də baş tutmayan səfərin davamı hesab etmək olar. Yanvarın 13-də olduğu kimi Müsavat Başqanına qarşı təxribat törətmək üçün xüsusi öyrədilmiş qruplar təşkil olunub. Bu gün səhər saatlarından başlayaraq Müsavatın yerli fəalları təqib olunmağa başlanılıb, onların bəziləri həbs ediliblər. Lakin Lənkəran camaatının Müsavat Başqanını xüsusi entuziazmilə qarşılamağa hazırlaşdığını görən hakimiyyət bu tədbirlərin heç bir nəticə verməyəcəyinə əmin olduqdan sonra prosesə birbaşa müdaxiləyə qərar verib. Yol boyu İsa Qəmbəri müşayiət edən maşın karvanı izlənilib və polis postlarında bir neçə dəfə saxlanılaraq yoxlanılıb.
Müsavat başqanının səfər xronologiyası
12:40 - Müsavat Başqanını müşayət edən maşın karvanı Salyan postunda saxlanılıb və avtomobillər yoxlanılıb. Polislər İsa Qəmbərin hansi maşinda olduğunu deqiqləşdirmək istəyir. Aldığımız məlumata görə Cəlilabadın mərkəzində 200-ə yaxın təxribatçı dəstəsi İsa Qəmbəri müşaiət edən avtomobil kortejinə hücum etmək üçün gözləyirlər.
13:00 - Müsavat Partiyasının başqanı İsa Qəmbərin korteji Salyan rayonu ərazisini keçib. Maşın karvanı Salyan avtovağzalının yanından keçməyib və hazırdaBakı-Astara magistralı ilə yoluna davam edir.
13:10 - Müsavatın Lənkəran təşkilatının sədri Yadigar Sadıqlının verdiyi məlumata görə, artıq Lənkəranın girişində 100-ə yaxın öyrədilmiş insan və KamAZ markalı iki yük maşını "karvan"ın gəlişini gözləyir. Onun sözlərinə görə, Lənkəran şəhərinin özündə isə sakitlikdir. Müsavatçılar da İsa Qəmbərin qarşılanması üçün hazırlıqlar görürlər.
13:20 - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərə qarşı törədilən sui-qəsdin baş verdiyi əraziyə yüzədək insan gətirilib. Həmin insanların kəndlərdən gətirildiyi güman olunur. Bir qədər əvvəl Lənkəran rayon icra hakiminin müavini Möhübbət Babayev onların yanına gəlib. Bundan sonra həmin şəxslərə yemək və su paylanıb.
13:40 - Müsavat Başqanını müşayət edən maşın karvanı polis maşınlarının müşayiəti ilə Lənkərana doğru irəliləyirlər. İsa Qəmbər Twitter vasitəsilə məlumat verib ki, heyət Biləsuvarı keçib.
13: 55 - Lənkərana giriş hər iki istiqamətdə bağlanıb. Yollardan birinə təmir işləri adı altında tikinti materialları yığılıb, digərində isə xüsusi öyrədilmiş adamlar təxribat törətməyə hazırlaşırlar
14:40 - Müsavat Başqanını müşayət edən maşın karvanı Cəlilabad rayonundakı Göytəpə yol polisi postunda saxlanılıb. Müsavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, yol polisi əməkdaşları sənədləri yol polisi əməkdaşları sənədlərin yoxlanılması bəhanəsi ilə İsa Qəmbərin hansı maşında olduğunu dəqiqləşdirməyə çalışırlar. İsa Qəmbər Twitter-də yazıb: "Celilabadda yol polisi 20 deqiqedir bizi yoxlayir:)"
14: 50 - İsa Qəmbərin olduğu maşın postdan buraxılsa da, digər avtomobillər hələ də saxlanılır. Postda saxlanılan müsavatçılar elə oradaca aksiya keçirirlər. Onlar "İstefa!" şüarı səsləndirirlər.
15: 10 - Yol polisi əməkdaşları yalnız İsa Qəmbər və Arif Hacılıya postu keçməyə icazə verir. Bu isə təxribata hazırlığın bir hissəsidir və İsa Qəmbərin müdafiəsiz qoyulmasına cəhd kimi qiymətləndirilir.Hazırda Göytəpə postunda böyük tıxac yaranıb. Lənkəranda isə İsa Qəmbəri qarşılamağa çıxan müsavatçılar həbs edilirlər. Göyşaban kəndindən keçən yolda İsa Qəmbərin qarşısının kəsilməsini almaq üçün Lənkərandan yüz nəfərə yaxın Müsavatçı həmin əraziyə gəlib. Polis isə onları həbs edərək şöbəyə aparıb. Hadisə zamanı insident baş verib
15.21 - İsa Qəmbər Twitter-də yazır: "Polis bizim desteni bolub zeifletmek isyteyir"
15: 30 - Lənkəran Rayon İcra hakimiyyəti “Samovarın yanı” adlanan yerdən başqa Lənkəran şəhərinin məhəllələrində İsa Qəmbərin kortejinə hücum üçün 300- ə qədər adam toplayıb.
15: 40 - İsa Qəmbər və onun maşın karvanı Göytəpədən geri qayıdır. Səbəb yol polislərinin Lənkərana avtomobil karvanının buraxılmasına icazə verməməsidir. Rayonun girişində təxribatçı dəstələr saxlanıb. Mülkü geyimli şəxslər və polis açıq şəkildə Müsavat Başqanının rayona buraxılmayacağın elan edib.
16:00 - Müsavat Partiyasının başqanı İsa Qəmbər olaylı Lənkəran səfəri ilə bağlı Musavat.com saytına eksklüziv açıqlama verib. Başqan deyib ki, Cəlilabadın Göyğəpə postunda onları uzun zaman yoxlayandan sonra, nəhayət onun və daha iki müşayiətçi maşının keçməsinə imkan veriblər. Lakin burada məkrli bir plan olmasından şübhələnilib. Başqanı müşayiət qrupundan ayırıb, qarşıda ona yönəlik hücum təşkil etmək. Bu səbəbdən də, Müsavat başqanı onu müşayiət edən ziyalılarla, partiya və İP rəhbərliyi iə məsləhətləşərək, Bakıya dönmək qərarı verib. Bu qərarını müsavat.com-a izah edən baqan dedi: “Sübut etdik ki, bizi bölgələrə buraxmayn iqtidarın özüdür, hansısa bölgənin sakinləri deyil. Lənkəranda da artıq həbslər başlayıb. Bu səbəbdən, qərar verdik ki, Bakıya qayıdaq. Lakin məluat almışıq ki, yol boyu yenə də təxribatlar hazırlanır ”.
İsa Qəmbərdən ilk açıqlama: “Hamısı hakimiyyətin ölkəni özəlləşdirdiyini, şəxsi mülkiyyəti kimi idarə etmək istədiyini göstərir”
İsa Qəmbər Lənkəran səfəri haqda qısa açıqlama verib: «Bu səfərə rəhbərlik edən dostlarımız məsləhətləşdilər və belə qərar verdilər ki, geri dönmək məcburidir. Çünki yanvarın 13-də hakimiyyət 10-15 adamı öyrədib arxasında gizlənmişdisə, guya lənkəranlıların bizim ora getməyimizi istəmədiklərini uydururdusa, bu gün faktiki etiraf etdi ki, bizim bölgələrə səfərimizin qarşısını alan özüdür. Bizi Göytəpə postunda saxlayaraq dedilər ki, ancaq İsa Qəmbərin maşınını buraxa bilərik. Bundan başqa, Lənkəranda olanlardan da xəbərimiz var. Ora yük avtomobilləri gətirilib, saxta təmir, qazıntı işləri aparırlar. Hətta bəzi müsavatçıların həbsi haqda məlumatlar gəlir. Buna görə də geri qayıtmalı olduq». «İsa Qəmbər Lənkərana getməklə İsmayıllı hadisələrindən diqqəti yayındırmağa çalışır»- deyənlərə Müsavat başqanı belə cavab verdi: «Bu cür düşünənlərin ya siyasi təhlil imkanları yoxdur, ya da danışmağa sözləri. Bugünkü səfər əslində, 13 yanvar səfərinin davamıdır. Biz Lənkərana yollananda hələ İsmayıllı hadisələri yox idi, Binədəki hadisələr yox idi. Bu səfəri biz dekabrdan hazırladığımız üçün o biri hadisələr də yox idi. Digər tərəfdən, axı, bu hadisə də göstərir ki, Azərbaycandakı bütün problemlərin kökü bu hakimiyyətdir. İstəyirsiz Qubada və İsmayıllıda əraziləri mənimsəyən, istəyirsiz «Binə»də insanlara bir tikə çörək qazanmağa imkan verməyən məmur-oliqraxlara, hakimiyyətin birinci adamlarına diqqət edin, istəyirsiz də Lənkəran hadisələrinə. Hamısı hakimiyyətin ölkəni özəlləşdirdiyini, şəxsi mülkiyyəti kimi idarə etmək istədiyini göstərir. İsmayıllıda, «Binə»də repressiyalar və bizim səfərə maneələr eyni mənbədən qaynaqlanır. Bu da hakimiyyətin ifşasına xidmət edir». İsa Qəmbər sual edir: «İsmayıllı hadisələrinə görə, heç kim, heç bir partiya addım atmamalıdır? İsmayıllı haqda danışmaq istəyənlər danışıb qurtarandan sonra deməlidir ki, mövzu bağlandı, indi yenisi lazımdır? Bu gülüncdür. Onda uydursunlar ki, İsmayıllıda camaat ona görə ayağa qalxmışdı ki, «Binə»dəki hadisələr gündəmdən düşsün, ya da Ticarət Mərkəzində haqlarını müdafiə edənlər ona görə qalxmışdılar ki, əsgər ölümləri ilə bağlı etirazlar yaddan çıxsın». İsa Qəmbərin fikrincə, baş verənlər hakimiyyəti ifşa etdi. Bu da qeyd olunur ki, İsmayıllıdakı etirazlar bir çox azərbaycanıların avtoritar hakimiyyətdən, korrupsiyadan və varlılarla yoxsullar arasındakı böyük haçalanmadan bezikdiyini nümayiş etdirib.
Daxili İşlər Nazirliyi başqa söz deyir
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı İsa Qəmbərin Lənkəran rayonuna səfərinin baş tutmamasına münasibət bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, İsa Qəmbərin Lənkərana səfərinə polis heç bir müdaxilə etməyib: “Azərbaycan polisi daim hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin. Bu gün baş verən hadisə ilə bağlı isə deyə bilərəm ki, İsa Qəmbər 35 maşından ibarət böyük bir maşın karvanı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edib. Bu zaman onlar “Yol hərəkəti haqqında” qanunu pozaraq, avtomagistralda hərəkət edən digər avtomobillərin hərəkətinə maneçilik yaradıblar. Ona görə də Dövət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılarkən onlara yol hərəkəti haqqında qanun izah edilib və bildirilib ki, böyük bir karvanla yolda hərəkət etmələri digər vətəndaşlara maneçilik törədir”. E. Zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib: “ Onlara təklif olunub ki, əvvəlcə 4-5 maşın irəli hərəkət etsin. Daha sonra da bu cür kiçik karvanlarla digər maşınlar da yola davam etsinlər. Amma onlar DYP əməkdaşalrının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar. Daxili İşlər Nazirliyi bir daha bildirir ki, polis İsa Qəmbərin cənub bölgəsinə səfərinə heç bir maneə yaratmayıb. Əksinə, biz hər bir vətəndaş kimi İsa Qəmbərin də təhlükəsizliyini təmin etməyə hazırıq”.
İsa Qəmbərə qarşı aqressiyanın sirri
Bir sözlə, qəribə bir vəziyyət yaranıb. Ölkə seçki ilinə daxil olub, artıq prezidentliyə namizəd olmaq niyyətlərini elan edənlər də var. Onlardan biri və 26 yanvara qədər yeganəsi isə Müsavat başqanı İsa Qəmbərdir. O, bəyan edib ki, ölkədəki seçkiqabağı mühitin antidemokratik olmasına baxmayaraq seçkidə iştirak etmək və təmsil etdiyi partiyanın imkanlarını bir daha yoxlamaq niyyətindədir. Ölkə iqtidarı isə həm beynəlxalq səhnə və tribunalarda, həm də bütün daxili auditoriyalarda bəyan edir ki, onun idarəçiliyindəki Azərbaycanda hər cür demokratik şərtlər var. Lakin budur, ölkənin ana müxalifət partiyasının başqanının, hakimiyyətin seçkidəki əsas rəqibi olacağı əvvəlcədən də gözlənilən İsa Qəmbərin Azərbaycanın bir bölgəsindən başqa bir bölgəsinə hərəkət etməsi heyrətamiz dərəcədə ciddi hadisəyə çevrilir. Yanvarın 27-də (bazar günü) işləyən bütün KİV-lər səhər tezdən yalnız bir xəbərə diqqət edirdilər: “Müsavat başqanı Bakıdan çıxıb Lənkərana çata biləcəkmi? Çatsa, orada onu və onun ətrafındakıları nə gözləyəcək? Neçə gündür Lənkərandan alınan təxribat hazırlıqları gerçək təxribat olaylarına çevriləcəkmi?...” İqtidar indi 2003-cü ilin ən zəif variantda təkrarına belə hazır deyil. Nə ictimai dayağı var, nə də beynəlxalq dəstəyi. İsa Qəmbərin də “əlinin suyu”nu bir neçə dəfə gördülər və cəmiyyətin ona münasibətini də dəqiq bilirlər. İndi başqanın revanşı başlayıb. Bunun nə demək olduğunu bəlkə də müxalifətdəki İsa Qəmbər bədxahları, hətta dostları da bilmirlər. Lakin iqtidardakılar yaxşı bilirlər. Buna görə də bu cür əcaib, qəribə hadisələr baş verir. Bu baxımdan indi aydınlaşmağa başlayır: ötən dəfəki də yalnız bir administrasiya məmurunun - İsa Qəmbərin də gənclik, tələbəlik dostu olan Zeynal Nağdəliyevin özfəaliyyəti deyildi. Ötən dəfəki Lənkəran olayı da, 27 yanvardakı olaylı Lənkəran səfəri də (bu sətirlər yazılanda başqan hələ Cəlilabadı keçə bilməmişdi) siyasi hakimiyyətin bilavasitə öz qərarından doğan, lakin heç də yüksək səviyyəli hesab olunmayacaq reaksiyalarıdır. Bütün bunlar rayon səviyyəli proseslər deyil, siyasi hakimiyyətin müqavimətidir. İqtidar “bizdə demokratiya var” deyir. Lakin hərəkətləri ilə göstərir ki, bu, Müsavat və İsa Qəmbər üçün deyil. Bununla da həm cəmiyyətə, həm də bütün dünyaya Azərbaycandakı ƏSAS RƏQİBİNİ bir daha təqdim edir. Qorxduğu, hətta Bakıdan kənara çıxmasından belə əndişələndiyi siyasi rəqibini... Hüseyn Abbasoğlu, Bakı-Lənkəran-Bakı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?