Klassik Xalq Cəhbəsi Partiyasının Azadalıq radiosu ofisinin bağlanması ilə bağlı bəyanatı
Yerli və beynəlxalq təpkilərə, etirazlara baxmayaraq ölkədaxili repressiyaları davam etdirən hakimiyyət ilin son günlərində dünyanın demokratik düzəninə ləkə vuran daha bir addım atdı. 26 dekabrda respublika prokurorluğu vasitəsi ilə “Azadlıq” radiosunun ofisində qanunsuz axtarış aparıb, radioyaya məxsus avadanlıqları müsadirə edib və qurumun qapısını möhürləyib. Faktiki olaraq bu addım dünyanın ən böyük və müstəqil media qurluşlarından birinin- “Azadlıq” radiosunun Bakı ofisinin bağlanması deməkdir. Azadlıq” radiosu on illiklərdir ki, Azərbaycan xalqının zəruri, alternativ məlumatlandırma mənbəyi olaraq böyük və şərəfli bir missiyanı yerinə yetirir. Xüsusən Sovetlər zamanında müstəqilliyimizin əldə olunan dövrlərində “Azadlıq” radiosu xalqımızın yeganə etibarlı informasiya kanalı, mənəvi qidası idi. 1990- cı ildə 20 yanvar hadisələri zamanı Azərbaycanın haqq səsini dünyaya çatdıran, informasiya blokadasını yaran məhz Azadlıq radiosu olub. Hazırda da “Azadlıq” radiosu müstəqil və tərəfsiz fəaliyyəti ilə təkcə insanlarımızı məlumatlandırma və maarifləndirmə funksiyasını yerinə yetirmir. Bu radio həm də haqqı, hüququ tapdanan vətəndaşlarımızın azad tribunası, sığınacaq nöqtəsi və güvənc yeridir. Məhz buna görə də öz xalqına qarşı səlib yürüşünə çıxmış Əliyev rejimi xalqa arxa duran, onun haqq səsinə səs verən bütün strukturları, təşkilatları, insanları susdurmaq üçün “Azadlıq” radiosunu da hədəfə alıb. Azərbaycanda avtoritar rejimi möhkəmləndirmək yolunu tutan hakimiyyətin gözünü qisasçılıq cəhdi və divan tutmaq ehtirası o qədər örtüb ki, dünyanın ən möhtəbər, nüfuzlu və bütün dünyada sevilərək qəbul olunan, azad media qaranquşlarından olan “Azadlıq” radiosunu susdurmaq istəyir. Rejimin baş bilənləri başlarını itirib o qədər qəddarlaşıblar ki, hətta bəyənmədiyimiz Sovetlər İmperiyasının susdura bilmədiyi “Azadlıq” radiosunu bağlamaq, səsini kəsmək istəyir. Çünki “Azadlıq” radiosu azadlıq və demokratiya istəyən xalqların azadlıq tribunasıdır. YAP hakimiyyəti isə azadlıq və demokratiya ilə tərs mütənasibdir və ziddiyyət təşkil edir. Digər tərəfdən bu radionun istedadlı juranlistləri Azərbaycanda baş alıb gedən neft gəlirlərinin talanması, xalqın pullarının oğurlanıb ofşar zonalara daşınması, sülalə hakimiyyətinin qurduğu səltənət, çirkli pullar hesabına malik oluğu varidat və cah- cəlal, ölkədə olan ədalətsizlik, seçki saxtakarlığı, qanunsuz həbslər və s. barədə obyektiv, maraqlı yazılar, araşdırmalar və məlumatları daimi olaraq yerli və beynəlxalq ictimimaiyyətə çatdırır. Klassik Xalq Cəhbəsi Partiyası hakimiyyətdən insan haqlarına və ifadə azadlığına hörmət etməyi, “Azadlıq” radiosuna qarşı qanunsuz axtarışları və basqıları dayandırmağı, azad mətbuatın normal fəaliyyət göstərməsinə şərait yaratmağı, həbsdə olan jurnalsitləri və digər bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir. 28 dekabr 2014- cü il, Bakı şəhəri
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?