22 dekabr 2014- cü ildə 14 saylı CÇM- də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra cinayətin üstünü açmaq əvəzinə hakimiyyət müəssisədə olan özbaşınalığa, işgəncələrə və dustaq ölümünə etiraz edən məhbusların etirazını yatırmaq üçün ordu qüvvələrindən istifadə edib. Cəza Çəkmə Müəssisəsinə ordu hissələri, güc birləşmələri yeridib. Nəticədə yüzlərlə məhbus zorakılığa və işgəncəyə məruz qalıb. Dustaqlardan bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də "kars"- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla ondandan artıq məhbus isə Vərəm Dispanseri olan, "Tubzon" deyilən yerə aparılıb. Həmin dustaqlara dəhşətli dərəcədə işgəncələr verilib. Məhz bu səbəbdən də uzun müddət onları öz ailə üzvləri ilə görüşmələrinə imkan verilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə adı çəkilən məhkumlar sağlam olublar, vərəm və digər xəstəliklərdən əziyyət çəkməyiblər. Onların “Tubzon”-a deyilən yerə aparılması həmin məhbuslara verilən işgəncələri ört- basdır etmək məqsədi daşıyıb. Təəssüf doğuran haldır ki, 14 saylı CÇM- də məhkum Elşad Babayevin Penitensiar Xidmətin əməkdaşları tərəfindən qətlə yetirilməsində iştirak edən şəxsləri aşkara çıxararaq onları cəzalandırmaq əvəzinə məhbus ölümünə etiraz edənlər hədəf götürülür. Adı çəkilən müəssisədə məhbuslara işgəncə verilməsi ilə kifayətlənməyən hakimiyyət onlar barəsində cinayət təqibinə başlayıb. Bir neçə gün öncə MTN və Respublika Prokurorluğunun yaydığı birgə açıqlamada haqqında bəhs edilən cinayət təqibi aydın hiss olunur. Məhkum Elşad Babayevin qətlə yetirilməsi və cinayətkaların bu günə qədər aşkara çıxarılıb cəzalandırılmaması bir daha göstərir ki, dinc, günahsız insanların qətlə yetirilməsi hakimiyyətin yuxarı səviyyələrində himayə olunur. Bu faktın özü bir daha göstərir ki, rejim getdikcə kriminallaşır, insanların vəzifə başında olan məmurlar tərəfindən öldürülməsi adi hala çevrlirib. Klassik Xalq Cəbhəsi Partiyası 14 saylı CÇM- də qətlə yetirilən dustaq Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmasını, 22 dekabr hadisəsindən sonra “kars”-a salınıb, “Tubzon”-a göndərilərək gizlədilən məhbusların cəzadan azad edilməsini, onlar haqqında cinayət təqibinə son verilməsini, həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılmasını və dustaqlara münasibətlərin qanunçuluq səviyyəsində həyata keçirilməsini tələb edir.
Sorğu
Yeni dizaynımız necədir?