Hüquqşünaslardan, iqtisadçılardan ibarət, vergi və qoruq sistemindən "nadir tapıntı” kimi cəlb olunan qeyri-peşəkarlar Bakı Baş Təhsil İdarəsi avtoritar rejimə xas olan inzibati- amirlik prinsipləri əsasında idarə edir
Uzun zamandır ki, başının üstündən dumanlar səngiməyən Bakı şəhər Təhsil İdarəsinin taleyinə nədənsə hələ də aydınlıq gəlməyib. Sabiq İdarə rəhbərinin vəzifədən alınmasından sonra burada hələ də vəzifələrin icrasına rəhbərlik edəcək bir şəxs tapılmır. Təhsil Nazirliyi uzun zamandır ki, BŞTİ-nə rəhbərlik edəcək bir şəxsi tapmaqda çətinlik çəkir. Nailə Rzaquliyevanın vəzifədən çıxarılmasından sonra idarəyə rəhbərlik Elnur Əliyevə həvalə olunmuşdu. Təhsil işçilərinin üzü Elnur Əliyevə yenicə öyrəşmişdi ki, lakin, ötən ilin sonlarında bu səlahiyyətlər ondan alınaraq Təhsil Nazirinin müavini Ceyhun Bayramova həvalə edilib. Aldığımız məlumatlara görə, artıq bir müddətdir ki, BŞTİ-də əməlli-başlı "özfəaliyyət” yaranıb. Çünki, konkret olaraq kimin hansı işlə məşğul olacağı məlum deyil. Ceyhun Bayramovun eyni zamanda iki mühüm posta nəzarət etməsi isə heç bir qanunvericiliyə uyğun gəlmir. Belə ki, Təhsil nazirinin müavini kimi onsuz da məsuliyyəli bir vəzifənin daşıyıcısı olan C. Bayramov üstəgəl paytaxtın təhsil müəssisələrinə də nəzarəti tamamilə ələ alıb. Sual olunur: əgər bu vəzifənin icrası nazir müavinlərindən biri tərəfindən icra olunmalıdırsa, onda BŞTİ-nə nə ehtiyac vardı? Göründüyü kimi, burada söhbət heç də hansısa qanunauyğunluqdan və yaxud "dinamik inkişafdan” getmir. Söhbət məhz kimin və yaxud kimlərinsə şəxsi maraqlarının təmin olunmasından gedir. Yaranmış vəziyyət paytaxtın təhsil müəssisələrində əməlli-başlı çaşqınlıq yaradıb. Çünki, yaranmış problemlərin həlli üçün bilavasitə məsuliyyət daşıyacaq bir şəxs ortada yoxdur. Təhsil işçiləri bildirirlər ki, hər hansı bir məsələnin həlli üçün kimə müraciət edəcəklərini bilmirlər. Çünki, Ceyhun Bayramova edilən mürciətlər "mənim səndən sənə şikayətim var” effektini verir. Heç bir qanunvericilikdə, əmək məcəlləsində bir şəxsin iki mühüm posta eyni zamanda sahiblənməsi nəzərdə tutulmadığı halda bir müddətdir ki, Bakı şəhər Təhsil İdarəsində bu acınacaqlı vəziyyət davam edir. Bu gün BŞTİ artıq bir müstəqil qurum kimi demək olar ki, mövcud deyildir. Sadəcə olaraq Təhsil Nazirliyinin bir şöbəsi vəziyyətinə gətirilən idarədə süstlük və ətalət hökm sürür. Nazirlikdə olan şöbələrin sektor adı ilə dublikatları statusunu daşıyan bölmələr isə tamamilə fəaliyyətsiz duruma salınıb. Pedaqoji kadrların işə qəbulu mərkəzləşdirilmiş qaydada nazirlik tərəfindən həyata keçirilirsə, əlavə təhsil məsələləri ilə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və İxtisasdəyişmə İnstitutu məşğul olursa, "Kadrların idarə olunması və Əlavə təhsil” sektorunun nə işlə məşğul olacağını anlamaq o qədər də çətin deyil. "Təhsilin idarə olunmasının məlumat sistemi” (TİMS) sektorunun topladığı məlumatlardan nə vaxt və harada istifadə olunmasını, "Monitorinq və qiymətləndirmə” sektorunun isə, nəyin monitorinqini keçirdiklərini və nəyi qiymətləndirdiklərini yəqin ki, həmin sektorların müdirlərindən başqa heç kim bilmir. "Beynəlxalq əlaqələr” və bir çox digər sektorların "fəaliyyəti” isə ümumiyyətlə məlum deyil. Halbuki, səy və iradə, əzmkarlıq və qətiyyət nümayiş etdirməklə, Bakı təhsilində köklü islahat yolu ilə radikal struktur dəyişikliyi aparıb, bütün bu olayları keçmişdən qalan xatirələr kimi unutdurmaq olardı. Nə yazıq kı, böyük ümid bəslənilən proses baş vermədi.Bir neçə sektorun adının dəyişdirilməsi və kadrların yerdəyışməsi ilə, struktur islahatı görüntüsü yaradıldı. Hüquqşünaslardan, iqtisadçılardan ibarət, vergi və qoruq sistemindən "nadir tapıntı” kimi cəlb olunan qeyri-peşəkar mütəxəssislərimiz isə, gənc olmalarındanmı, həddən artıq təkəbbürlü olub, təcrübəsizliklərindən və ya, kiməsə arxayınçılıqlarındanmı, Bakı təhsilini avtoritar rejimə xas olan inzibati- amirlik prinsipləri əsasında idarə etməklə, öz vəzifə səlahiyyətlərini yerinə yetirmiş olduqlarını zənn edirlər. Xeyli müddətdən bəri "Baş” idarə statusundan məhrum edilən bir idarə, indi də, xeyli müddətdir ki, öz yeni "Baş”çısını gözləmək ümidinə qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?