Qərib Məmmədovun yaxınları komitə sədrinə minnətçi düşüb; Kərəm Həsənovsa müxtəlif bəhanə ilə xahişləri rədd edir
Bir neçə gün əvvəl ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin əhəmiyyətli hissəsinə sahiblənən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı maraqlı xəbər var.
«Gündəm Xəbər» mediada yayılan xəbərlərə istinadən bildirir ki, komitə sədri Kərəm Həsənov, hələ Qərib Məmmədovdan alınan sahələr üzrə təftişinin davam etdirir. Eyni zamanda o, paralel olaraq tabeliyindəki digər qurumlarda da islahata qərar verib. Elə bir neçə gün bundan əvvəl onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdovu işdən azad etməsi və yerinə Abşeron Şəhər Ərazi İdarəsinin rəisi Qabil Əliyevi təyin etməsi də, deyilənləri təsdiqləyə bilər. Məlumata görə, Abşeron Şəhər Ərazi İdarəsinin boş qalmış rəis postina isə, işdən azad etdiyi Şəmsi Şahvələdov göndərilib.
Verilən digər məlumatlara görə, Kərəm Həsənov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin daha bir neçə əməkdaşını işdən azad edib. Onlar arasında öz qohumları da var.
Qəzetimizi məlumatlandıran mənbə deyir ki, bu təyinatlarla öz qohumlarına qarşı da amansız davranış görüntüsü sərgiləyən Kərəm Həsənov, bununla ləğv edilən komitənin minnətçi düşən əməkdaşlarına da sanki mesajını verib: «Diqqətinizə çatdırım ki, bir neçə gün öncə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bir sıra səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilib. Ancaq həmin sərəncama qədər, orada işləyən işçilərin hələ də taleyinə aydınlıq gətirilməyib. Başqa sözlə desək, səlahiyyətlər Kərəm Həsənova verilsə də, işçilərin taleyi Allahın və yeni rəhbərin ümidinə qalıb. Belə vəziyyətdə isə, komitənin bəzi vəzifəli şəxslərinin Kərəm Həsənov və onun müavinlərinə minnətçi düşmələri haqda da ciddi xəbərlər var”.
Məlumata görə, uzun illər Qərib Məmmədovla addımlayan həmin vəzifəli şəxslər, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyindən vəzifələrində saxlanılmalarını və ya münasib işlə təmin edilmələrini xahiş etdirirlər:
“Lakin Kərəm Həsənov hələ də heç bir xahişə müsbət cavab verməyib. Daha dəqiqi, o, ləğvetmə komisiyasının təhvil-təslimini və Nazirlər Kabinetinin
yeni əsasnaməni təsdiqini gözləməklərini bildirib. Yəni, Qərib Məmmədovun kadrlarından heç birinə ümid verməyib».
Məlumatlı şəxs deyir ki, əslində Kərəm Həsənov mütəxəssislər istisna olmaqla, ləğv edilən komitənin şöbə müdirləri, müavinləri və digər vəzifəli şəxslərinə vəzifə vermək niyyətində deyil: «Düşünürəm ki, bir neçə nəfər istisna olmaqla, qalanlarına “qapı” göstəriləcək. Kərəm Həsənov əsas vəzifələrə öz adamlarını təyin edəcək».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?