Komitə sədri kadrların yerdəyişməsinə başladı, mətbuat xidmətinin rəhbəri isə kadr dəyişikliklərindən məlumatsızdır?
Daha bir yüksək vəzifəli məmur rəhbərlik etdiyi qurumda kadr dəyişikliklərinə başlayıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qurumda kadr dəyişikliklərinə imza atıb. Son günlərdə komitə rəhbəri Daşınmaz Əmlakın Reystr Xidmətinin müxtəlif rayonlar üzrə ərazi idarələrinin rəisləri arasında yerdəyişmə aparıb. Kərəm Həsənov ilk olaraq kadr dəyişikliyinə doğulduğu rayondan başlayıb. Belə ki, Dövlət Registr Xidmətinin Cəlilabad Rayon Ərazi İdarəsinin (idarə Cəlilabad, Masallı və Yardımlı rayonlarını əhatə edir-red.) rəisini Abşeron rayonuna, Abşeron Rayon Ərazi İdarəsinin (Abşeron, Xızı və Siyəzən rayonları -red) rəisini isə Sumqayıt Şəhər Ərazi İdarəsinə rəhbər təyin edilib. Kadr dəyişikliyi paytaxt Bakıdan da yan keçməyib. Xidmətin Bakı Şəhər İdarəsinin Binəqədi rayonu üzrə şöbəsinə Sumqayıtın rəisi gətirilib. Binəqədi rayonu üzrə şöbə müdiri isə Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qurumda daha hansı kadr yerdəyişmələrinin olduğunu və bu dəyişikliklərin hansı səbəbdən aparıldığını, habelə vəzifələri dəyişdirilən kadrların adlarını öyrənmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Qulu Xəlilov isə aznews.az-a açıqlamasında bu dəyişikliklərdən ümumiyyətlə xəbəri olmadığını bildirib. Görünür, Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin mətbuat katibi qurumda baş verən proseslərdən tamamilə təcrid olunduğundan kadr yerdəyişmələrindən məlumatsızdır. Ya da komitə rəhbərliyi kadr yerdəyişmələri barədə ictimaiyyətin məlumat almasında maraqlı deyil...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?