Son illər ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilib. Son vaxtlar bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında rüşvət aldıqları yerdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanması və onlar haqqında cinayət işinin qaldırılması da rüşvətxorluğa qarşı mübarizənin daha ciddiliyindən xəbər verir. Hətta ölkə başçısı İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da bu məsələyə bir daha qayıtdı və dedi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı bundan sonra daha ciddi mübarizə aparılacaq. Azərbaycan Prezidenti rüşvətxor məmurlara bir daha ciddi xəbərdarlıq edərək demişdir: “Görülən işlər zamanı israfçılığa yol verilməməlidir”.
Təəssüflər olsun ki, rüşvətxorluğu özləri üçün peşə seçmiş bəzi məmurlar hələ də rüşvətxorluqdan, büdcə pullarını acgözlüklə mənimsəməkdən əl çəkə bilmirlər. Onlardan biri də Saatlı peşə liseyin direktoru İsmayıl Hüseynovdur.
Saatlı peşə liseyinin direktor sarıdan bəxti heç gətirmir. Bir neçə il əvvəl ixtisasca Kamaz sürücüsünü bu liseyə direktor təyin etdilər. Çox qəribədir ki, Təhsil Nazirliyinin Texniki peşə məktəblərinə nəzarət edən şöbəsinə dəfələrlə müraciət olundu ki, məgər siz Saatlı rayonunda və ya Azərbaycanda ali təhsilli bir mütəxəssis tapmadınızmı ki, Kamaz sürücüsünü bu böyüklükdə pedaqoji kollektivə rəhbər təyin etdiniz? Sonradan bu təyinatın səbəbi bəlli oldu. İxtisasca Kamaz sürücüsü olan direktor dedi ki, bir ətək pul vermişəm. Verdiyimi çıxarmalıyam, ya yox. O da verdiyini çıxarmaq üçün peşə liseyinin bütün dəzgahlarını, texnikasını, ləvazimatlarını hamının gözü qarşısında satdı.
Kamaz sürücüsünün yerinə indiki direktor İsmayıl Hüseynov təyin olunanda liseyin pedaqoji kollektivi yenə də ümidsiz oldu. Çünki İsmayıl müəllimi rayonda hamı rüşvətxor, pulgir, puldan ötrü hər şeyi qurban verən bir adam kimi tanıyırdı. O, Gəncə Məişət Kollecinin Saatlıdakı pedaqoji filialının (diqqətlə fikir verin, Məişət Kollecinin pedaqoji filialı) əsas vəzifəsi diplom satmaq idi. Hətta, Saatlı rayonunda latın qrafikasını bilməyən çoxlu sayda ibtidai sinif müəllimi yaranmışdı. Onların hamısı İsmayıl müəllimin “yetirmələri” idi.
İsmayıl müəllim peşə liseyinə direktor təyin olunanda satmağa bir şey qalmamışdı. Yalnız bir -iki köhnə traktor, bir də məktəbin təcrübə sahəsi olan 50 hektar torpaq. Müəllimlər köhnə texnikalara çox ciddi nəzarət edirdilər. Çünki İsmayıl Hüseynovu yaxşı tanıyırdılar. Bilirdilər ki, gecə də olsa, bu köhnə traktorları satacaq. Elə də oldu. Müəllimlər bir də onda xəbər tutdular ki, artıq köhnə traktorlar və məktəbin torpaq sahəsi satılıb. İndi siz deyin, bu məktəbə texniki peşə liseyi demək nə dərəcədə doğrudur?
İ.Hüseynov satmağa bir şey tapmadığından indi də gözlərini büdcədən ayrılmış vəsaitə tikib. O, büdcə pullarını müxtəlif yollarla, xüsusilə saxtakarlıqlarla mənimsəyir. Bir neçə faktı diqqətinizə çatdırıram. Peşə liseyin rus dili müəllimi İsmayıl Həsənov bir ildən sonra dönüb oldu Azərbaycan dili və Ədəbiyyatı müəllimi. Sən demə, İsmayıl Həsənov peşə liseyində işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Yenidənhazırlanma və İxtisasartırma kursunda düz bir il əyani təhsil alıbmış. Görəsən, bu necə baş verib? Axı, İsmayıl Həsənov peşə liseyində jurnalları özü yazıb və hər ay əmək haqqı alıb. Bəz Müəllimlər İnstitutunda nə vaxt təhsil alıb? İndi o, peşə liseyində Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Şagirdlər deyirlər ki, İsmayıl müəllim nitq hissələrini də bilmir. Adicə isimin tərifini deyə bilmir. Bəs uşaqlara nə öyrətsin? Özü nə bilir ki, şagirdlərə də nə öyrətsin? Bütün bu oyunalar Saatlıda
peşə liseyin direktoru İsmayıl Hüseynovun, Bakıda isə Azərbaycan Müəlllimlər İnstitutunun hələlik adını çəkmək istəmədiyimiz müəlliminin əli ilə edilib. Digər bir saxtakarlıq. Saatlıdakı Səməd Vurğun adına şəhər tam orta məktəbinin ingilis dili müəllimi Məşəqqət xanım həm də Saatlı peşə liseyində saaathesabı çalışır. İsmayıl müəllim saathesabı işləyən müəlliməyə kabinet və sinif rəhbərliyi də verib. Halbuki, mövcud qanunçuluğa görə bu, ciddi maliyyə pozuntusu hesab olunur. Yenə də Səməd Vurğun adına tam orta məktəbin ədəbiyyat müəlliməsi Xalidə müəllimə eyni zamanda peşə liseyində saathesabı çalışır. İsmayıl müəllim səxavət əlini bu müəllimə üçün də əsirgəməyib. Ona da kabinet və sinif rəhbərliyi verilib. Kim deyə bilər ki, kabinet və sinif rəhbərliyi pulunu həmin müəllimələrin özləri alır. Qətiyyən mümükün deyil. Həmin pullar direktor İsmayıl Hüseynova çatır. Yoxsa, İsmayıl müəllimin maddi marağı nədir ki, belə bir maliyyə pozuntularına getsin.
Əgər peşə məktəbində yoxlama aparılsa, daha ciddi maliyyə pozuntuları və cinayət xarakterli faktlar aşkarlanar. Əgər müvafiq təşkilatlar bunu “görməsələr”, növbəti dəfə digər ciddi maliyyə pozuntularını da onların nəzərlərinə çatdırarıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?