Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı zamanı sağlamlıq imkanları məhdud insanlarla görüşündə deyib.
Prezident qeyd edib ki, hər yerdə ədalət olmalıdır: "Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaqdır. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər". Dövlət başçısı əmindir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir: "Artıq işlər başlanmışdır. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Ədalət yoxdur, əlbəttə. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə". İlham Əliyev daha sonra deyib: "Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaqdır. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır. Ulu öndər Heydər Əliyev bunu hələ 1970-ci illərdə demişdi. Dahi Nizaminin kəlamıdır "Qoy ədalət zəfər çalsın". Bu gün də aktualdır. Hər bir ölkə üçün aktualdır, təkcə Azərbaycan üçün yox. Amma biz Azərbaycanda nümunəvi cəmiyyət formalaşdırırıq. Ona görə burada xoşagəlməz hallara yer olmamalıdır" (Trend.az).
Sorğu
Yeni dizaynımız necədir?