Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə hazırlıq görülür. Amma Bakıda nə qədər beynəlxalq yarış və tədbirlər keçirilsə də, bir problem həllini tapmır. Bakı meri Hacıbala Abutalıbov, icra hakimiyyətləri, MİS-lər, bələdiyyələr paytaxtın zibil problemini həll edə bilmirlər. Şəhərdə abadlaşma işləri aparılır. Amma zibil yenə də necə deyərlər, dizə çıxır, yığışdırılıb qurtarmır.
Avropa Oyunlarına 4-5 ay qalıb. Amma binaların yanında günün istənilən vaxtı qalaq-qalaq yığılmış zibilliklər vəziyyətin çətin olduğunu göstərir. Bu işlə məşğul olan MİS və ya bələdiyyələr çox vaxt kifayət qədər büdcənin olmamasından şikayətlənirlər.
Qeyd edək ki, Bakının qeydiyyatdan keçən əhalisinin sayının 2 milyon olduğunu, zibilliklərin yığılması üçün adambaşına 30 qəpiyin toplandığını nəzərə alsaq, məbləğ ayda 600 min manat edir. Bələdiyyələrə isə bunun üçün hər il dövlət tərəfindən vəsait aryılır. Konkret olaraq bu il və gələn ilin büdcəsindən onlara 5,2 milyon manat pul ayrılıb.
Beynəlxalq təcrübədə belə problemlərin həlli rəsmi olaraq bələdiyyələrin üzərinə düşür. Və səlahiyyətlərin icra olunmasında isə bələdiyyələr bu fəaliyyət növlərini
tenderlər vasitəsilə özəl təşkilatlara tapşırırlar. Bunula da dəqiq nəticəni tələb etmək üçün onların əllərində əsas yaradır və effektivlik artır.
Əslində məsələnin həll olunmasında bir sıra problemlər var. Binaların qarşısında zibillərin konkret hansı qurumun təmizləməli olduğunu dəqiq bilən yoxdur. Gah fəaliyyəti qanunla dayandırılan MİS-lər, gah da bələdiyyələrin öhdəliyində olduğu deyilir. Digər problem isə, tullantıların gündə bir və ya iki dəfə yığılmasıdır. Nəzərə alsaq ki, bir neçə binaya cəmi 2-3 zibil qutusu xidmət göstərir, o zaman vəziyyətin axşama doğu artıq bu hala düşməsi anlaşılandır. Yığılan zibilliklərin hara gəldi boşaldılması isə ən böyük problemdir.
Çox vaxt adamlar zibili əlində 1 saat gəzirlər, amma atmağa zibil qabı tapmırlar. Məcbur olub onu elə küçəyə atırlar. Bunu da belə əsaslandırırlar ki, zibil qutusu yoxdursa, yerə atmağımızda bir qəbahət də yoxdur. Deyirlər ki, bunun qeydinə onlar deyil, Bakı meri qalmalıdır.
Ancaq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin
inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.
Amma əhalini də qınamaq mümkün deyil. Çünki Bakının mərkəzində, əsasən də parklarda zibil qutularına tez-tez rast gəlinsə də, hamının “Torqovıy” kimi tanıdığı Nizami küçəsində hər 5-6 metrdən bir zibil qutuları qoyulsa da, parklar istisna olmaqla, şəhərin digər hissələrində heç 100 metrdən bir də zibil qutusu tapmaq çətindir. Bakıətrafı qəsəbələrdə isə zibil qutusunun adını çəkməyə belə ehtiyac yoxdur. Çünki gözdən-könüldən uzaq olduğuna görə burada axtarsan, üs-üstə heç 10 zibil qutusu tapmazsan. Buna görə də sakinlər zibili yerə atırlar. Bu da kiçik yaşlı uşaqların tərbiyəsinə pis təsir edir. Gələcəkdə həmin qəsəbələrdə zibil qutuları quraşdırılsa da, böyüyən uşaqlar yenə də zibili yerə atacaqlar. Çünki belə tərbiyə alıb böyüyüblər, böyüklərin zibili yerə atdığını görüblər. İndiki və gələcək gəncliyi qınamamaq üçün müvafiq icra hakimiyyətləri orqanları üzərilərinə düşən vəzifəni vaxtında yerinə yetirməlidirlər.
Qərbi Avropa ölkələrində hər addımdan bir zibil qutusu olduğundan, yerdə bir çöpə də rast gəlməzsən. Elə bil küçələri hər saatdan bir nəinki süpürürlər, hətta yuyurlar. Çünki təsərrüfat sistemi bu ölkələrdə mükəmməl qurulub. Sözügedən ölkələrin vətəndaşlarında elə tərbiyə formalaşdırılıb ki, zibil qabı olmasa belə, zibili heç vaxt küçəyə atmazlar. Yaxud qonşu Türkiyənin baş şəhəri İstanbulda tullantıların yığılması xidmətini bələdiyyələr həyata keçirir. Buna görə də küçələrdə bir dənə də olsun zibil olmur. Bəs bələdiyyələr bu məsələ ilə bağlı nə düşünür? Bələdiyyələrdən bildirirlər ki, zibil qutularının qoyulması, ümumiyyətlə, şəhərin təmizliyi onların nəzarətində deyil. Amma bələdiyyələrin əməkdaşları bu işi onların görməli olduğunu deyir: “Bir çox xidmətlər kimi bu xidməti də biz göstərməliyik, amma bizə heç bir iş tapşırmaq istəmirlər”.
Bələdiyyələrdən bildirirlər ki, rayonlarda zibil qutularının quraşdırılması, ümumiyyətlə, təmizlik məsələlərinə mənzil kommunal təsərrüfat birlikləri (MKTB) baxır.
Qeyd edək ki, paytaxt və paytaxtətrafı rayonlarda küçələrin zibillənməsinin əsas baiskarı MKTB-lərdir. Amma təəssüflər olsun ki, indiyə kimi öhdəliklərinə düşən vəzifəni yerinə yetirmədiklərinə görə bir dənə də vəzifəli şəxs cərimələnməyib. Yəqin MKTB-də işləyənlər düşünürlər ki,
vətəndaşlara yaşadıqları yerdən ərizə verməklə işləri tamamlanır.
Təəssüflə onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da paytaxtda kifayət qədər zibil qutusunun olduğunu düşünür. Buna görə də mətbuata verdiyi açıqlamasında adamların zibili zibil qabına deyil, küçəyə atdıqlarını deyib: «Bakıda zibil qutuları problemi yoxdur, ancaq zibili zibil qutusuna atmaq problemi var. Gedirik, zibil qutusu da yanımızdadır, çəkdiyimiz siqareti oraya yox, yerə atırıq, üstəlik, onu ayağımızla əzirik də».
Bu baxımdan bəzi ekspertlər zibili yerə atanlarla yanaşı onun toplanması və daşınmasına cavabdeh olan icra hakimiyyəti və bələdiyyə məmurlarının hamısını cərimə etməyi təklif edir. Üstəlik, “Təmiz şəhər” ASC mövcuddur ki, bu məsələlər onun da səlahiyyətinə daxildir. Ancaq hələ ki, heç bir şəhər strukturu öz vəzifəsinin öhdəsindən gələ bilmir. Abşeron qəsəbələri - Buzovna, Şüvəlan, Zaqulba, Pirşağı və digərləri - həmçinin, gözəl dənizimizin sahil boyu ictimai çimərliklər də tullantılarla zibillənib. Qəsəbələrin heç birində zibil qutuları yoxdur, demək olar ki, zibil konteynerləri mövcud deyil, olanlar isə həftələrlə təmizlənmir. Bakının özündə də müasir zibil qutuları hələ də quraşdırılmayıb və sakinlər siqaret kötüklərini və dondurma qablarını atmağa yer tapmırlar.
Bakının digər ciddi problemi isə kanalizasiya problemidir.
Bakının bəzi ərazilərində kanalizasiya problemi qalmaqdadır. Paytaxtın bir çox rayonlarının bəzi ərazilərində kanalizasiya sisteminin olmaması üzündən onsuz da 3 tərəfi su ilə əhatə edilən Abşeron yarımadasında qrunt sularının artmasına gətirib çıxarır. Paytaxtda əhalinin miqrasiya artımı, nizamsız tikililər "Bakı Xəzər dənizinin altında qala bilər" təhlükəsini aktual edir.
Maştağa qəsəbəsində, Savalan yaşayış massivində gündən-günə sayı artan yaşayış yerlərinə rəğmən, kanalizasiya sisteminin olmaması, əhalinin kanalizasiya quyularından istifadə etməsi ərazidə ciddi problemlər yaradıb. Axarı olmayan tullantı suları sonucda yenə evlərə dolur, antisanitariya və yaşayış üçün təhlükə yaradır. Yasamal rayonu Alatava yaşayış məskəni 50 ildən artıqdır ki, salınıb, amma hələ də burada normal kanalizasiya sistemi yoxdur. Ötən ilin əvvəllərində Bayılda “Bəyoğlu” restoranı yerləşən ərazinin sürüşməsini mütəxəssislər tullantı sularının axarının olmaması ilə əlaqələndirdilər. Məhz kanalizasiya sistemi üzündən Bakıda sürüşməyə məruz qalan ərazilərin siyahısını uzatmaq da olar.
Onu da qeyd edək kiŞ Bakıda gedən yenidənqurma və əhalinin şəhərdaxili miqrasiyasının artması da işlək olan
kanalizasiya sisteminnin pozulmasına səbəb olub. Hazırda ”Sovetski" sökülür və ilkin hesabatlara görə, 20 mindən çox əhali bu ərazidən köçməkdədir. Həmin insanların su və kanalizasiya sistemləri işlək vəziyyətdə idi. Bu əhali hara köçəcəksə, suya olan tələbat, təbii ki, artacaq və kanalizasiya sistemində yüklənmə yaradacaq. Bu, ilk baxışdan sadə görünsə də, əhalinin yerdəyişməsi nəticəsində yeni yaşayış yerlərində problemlərin üzə çıxmasına səbəb olacaq.
Hesabatlar göstərir ki, Abşeron yarımadasına gələn su ilə tullantıların atılması arasında fərq, qrunt sularının artmasına və ekoloji vəziyyətin gərginləşməsinə səbəb olur. Oğuz-Qəbələdən gətirilən su ilə bağlı qürurla danışırıq. Bu qədər su birləşmiş qablar qanunına görə lay və qrunt sularının səviyyəsinin artmasına səbəb ola bilər. Lay suları ilə bağlı hazırda Suraxanı rayonunda daim çökəklik olur. Sabunçu rayonunda da bu baxımdan problem var. Bu problem isə əhalinin sağlamlığını birbaşa təhlükə altında qoyur. Texniki nöqteyi-nəzərdən suyu təmizləyib birbaşa dənizə axıtmaq çətin deyil. Ancaq əhalinin sağlamlığının qorunması istiqamətində profilaktik tədbirlərin görülməsi, tullantı sularının düzgün idarə olunmasına ciddi ehtiyac yaranıb. Ən pis vəziyyətdə gölməçələrin sayı artacaq, üfunətli, təmizlənməyən ərazilərin sayı çoxalacaq. Odur ki, bu problem öz həllini gözləyir.
Beləliklə, Avropa Oyunları yaxınlaşmaqdadır, lakin Bakının küçələrinin əbədi problem – zibil və kanalizasiya sularının küçələri bərbad hala salması davam edir. Onu da qeyd edək ki, yay zamanı qalaqlanan zibillər, eləcə də kanalizasiya suları üfunət qoxuyur. Görən Hacıbala müəllim bu barədə nə düşünür? “Gözəl Bakımız” deyən mer Avropa Oyunlarına qədər heç olmasa bu problem həll edəcəkmi? Vətəndaşlarımız bu duruma onsuz da öyrəşib, heç olmasa, Hacıbala müəllim avropalı qonaqların gözündə ölkəmizi xar etməsin…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?