Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişinə əsasən paytaxtın uşaq bağçalarında yoxlamalar aparılır. AzNews.az-a daxil olan məlumata görə, BŞİH - də yaradılan internat evləri və uşaq müəssisələri idarəsi tərəfindən aparılan yoxlamalarda əsasən qrupların fəaliyyəti, qrupa qəbul edilən uşaqların sayı, ərzaq təminatı kimi məsələlərə diqqət yetirilir. Xüsusilə paytaxtın Binəqədi rayonu ərazisində uşaqların zəhərlənməsindən sonra H. Abutalıbovun bağça müdirləri ilə iclasda verdiyi tapşırıqlara əməl edilməsi vəziyyəti araşdırılır. Həmin tapşırıqlara əsasən bağçalarda ərzaqdan istifadə, qruplarda uşaq sayının 20-dən artıq olmaması tam nəzarətə götürülüb. Eyni zamanda valideynlərə evdən bağçaya hər hansı ərzağın gətirilməsi qadağan edilib. Bağçalarda qrup otaqlarında qadağalarla bağlı elanlar asılıb. Xatırladaq ki, bir müddət öncə bağçalarda ərzaq, xüsusilə də toyuq ətindən istifadəyə dair keçirilən monitorinqin nəticələri BŞİH - də müzakirə edilmiş və 10-a yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə Hacıbala Abutalıbovun əmri ilə işdən azad edilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?