Türk Amerikan Assosiasiyalarının Assambleyası martın 13-14-də Vaşinqtonda 35-ci illik Türk-Amerikan Konfransı təşkil edib. Türkiyə Nazirlər Kabineti yanında xaricdəki türklər üzrə komitənin də dəstək verdiyi iki günlük konfransda Türkiyə və ABŞ rəsmiləri, Birləşmiş Ştatlardakı bir sıra türk təşkilatlarının təmsilçiləri, yerli elm xadimləri və tədqiqatçılar məruzələrlə çıxış ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu tərəfindən konfrans iştirakçılarına yazılı müraciətlər ünvanlanıb.
Konfransın martın 14-də keçirilmiş sessiyalarının əsas qonaqları arasında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc ilə yanaşı, Azərbaycan səfiri Elin Süleymanov da olub.
Elin Süleymanov məruzə ilə çıxış edərək müasir Türkiyənin beynəlxalq aləmdəki mövqeləri barədə danışıb və bu ölkəni regionda əvəzolunmaz tərəfdaş kimi xarakterizə edib. E.Süleymanov Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda hər hansı strateji layihənin uğur qazanmasının qeyri-mümkün olduğunu söyləyib. Səfir, eyni zamanda, Azərbaycanın regionda oynadığı strateji rol barədə söhbət açıb və ölkələrimiz arasında sarsılmaz bağların olduğunu vurğulayıb. O, Azərbaycan dövləti və xalqının ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına sadiq şəkildə ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə önəm verdiyini söyləyib.
Keçmiş SSRİ respublikalarından hazırda Azərbaycanın ən müstəqil ölkə olduğunu vurğulayan səfir bu tarixi nailiyyətin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi və strateji seçimləri sayəsində mümkün olduğunu deyib.
Diplomat Türkiyənin ölkəmizə verdiyi dəstəyin, xüsusilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq rəsmi Ankaranın tutduğu ədalətli və qəti mövqenin yüksək qiymətləndirildiyini vurğulayıb. O, Dağlıq Qarabağda müharibə cinayətləri, xüsusilə Azərbaycan xalqına qarşı Xocalı soyqırımının törədilməsində əli olan Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin 1915-ci il hadisələri ilə əlaqədar Türkiyəyə qarşı irəli sürdüyü iddiaların tamamilə uydurma olduğunu vurğulayıb. Bildirib ki, erməni lobbisinin dəstəyi ilə Türkiyəyə münasibətdə irəli sürülən bu böhtanlar türk kimliyini alçaltmağa yönəlmiş rəzillikdən başqa bir şey deyil. Səfir Ermənistanın Türkiyəyə münasibətdə bu əsassız iddialarının Azərbaycana qarşı apardığı işğalçı siyasəti ört-basdır etmək üçün istifadə etdiyini söyləyib. E.Süleymanov əlavə edib ki, Ermənistan rəhbərliyinin yürütdüyü düşmənçilik siyasəti bu ölkənin real müstəqillik və suverenlikdən məhrum olması ilə nəticələnib.
Səfir Azərbaycandan başlanan mühüm regional layihələrdə Türkiyənin iştirakını və qardaş ölkənin iqtisadiyyatına sərmayə qoyuluşunu xalqlarımız arasındakı qarşılıqlı etimadın əməli göstəricisi kimi qiymətləndirib və bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub” qaz dəhlizini misal göstərib.
E.Süleymanov ABŞ-dakı türk və Azərbaycan icmalarının aktiv fəaliyyətlərinin və onların sıx əməkdaşlığının önəmini vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?