Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, İsmayıllı hadisələri ilə əlaqədar daha 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bunlar Tofiq Yaqublu ilə İlqar Məmmədovdan başqa, İsmayıllı rayon sakinləri Mirkazım Abdullayev və Elşən İsmayıllıdır. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər. Günahları sübuta yetirilərsə, onları 10 ilədək həbs gözləyir. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi REAL (Respublikaçı Alternativ) hərəkatının lideri İlqar Məmmədova və Müsavat Başqanının müavini Tofiq Yaqubluya qarşı rəsmi ittiham irəli sürüb. İttihamlar İsmayıllı şəhərində yanvarın 23-24-də baş vermiş iğtişaşlarla bağlıdır. Qeyd edək ki, bir müddət əvvəl DİN və prokurprluq İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini Tifiq Yaqublunun yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllıya gəldiklərini və əhalini iğtişaşlara təhrik etdiklərini bildirib. Hər iki müxalifətçi bu ittihamları rədd edərək, onları qondarma adlandırılblar. Onlar İsmayıllıya gəlişlərini baş verənlərlə yerində tanış olmaq istəyi ilə izah ediblər. Dünən səhər saatlarında isə Məmmədov və Yaqublu dindirilmək üçün prokurorluğa çağırılıblar. Hər iki müxalifətç haqda dünən 2 aylıq həbs qətimkan tədbiri seçilib. Baş verənlər haqda məlumat verən İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib: «Tamamilə qanunsuz, heç bir hüquqi əsası olmayan bir qərardır. İnsan Hüquqları və Əsas Azadlıqları Müdafiəsi haqda Konvensiyanın, eləcə də Azərbaycan qanunvericiliyinə zidd bir qərardır. Tamamilə siyasi sifarişlə verilən, siyasi məzmunu olan bir fəaliyyətin nəticəsidir». İlqar Məmmədova Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Vəkil Fuad Ağayev AzadlıqRadiosunun «İşdən sonra» proqramına belə deyib: «Onu ictimai qaydanı pozan qrup hərəkətləri təşkil etməkdə təqsirli bilirlər. İndi onu Nəsimi rayon Məhkəməsinə aparırlar, haqqında həbs-qətimkan tədbiri seçilməlidir». Fuad Ağayev İlqar Məmmədovun bu ittihamı rədd etdiyini bildirib: «30 illik təcrübəsi olan hüquqşünas kimi deyirəm ki, bu ittihamın hüquqi əsası yoxdur». Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli deyib: «Bu, biabırçılıqdır. Tofiq Yaqublunun həbsi hökumətin sifarişidir. Tofiq Yaqublu İsmayıllı hadisələrindən az sonra qəzetdən rayona ezam olunub. Onu təşkilatçılıqda günahlandırmaq ağlasığmaz işdir», deyə vəkil bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?