Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan manatının 34 faizə yaxın devalvasiyasından sonra “Azərenerji”nin ən riskli vəziyyətə düşən dövlət şirkəti olduğunu açıqlayıb
Agentlik manatın devalvasiyasının “Azerenerji”nin kredit öhdəliklərini müstəqil şəkildə yerinə yetirmək imkanlarını zəiflətdiyini bildirir.
Agentlik hesab edir ki, daha zəif kredit qabiliyyəti “Azərenerji”nin reytinqinin aşağı düşməsinə gətirib çıxarmazdı, çünki dövlət şirkəti olan və dövlətdən dəstəklənməkdə davam edən “Azərenerji”nin reytinqi Azərbaycanın suveren reytinqi (BBB-proqnoz “Stabil”) ilə eyni səviyyədədir.
“Biz hesab edirik ki, “Azərenerji” daha ciddi risklərə məruz qalıb. Çünki onun borclarının az qala 80 faizə yaxını xarici valyuta ilə, əsasən avro, dollar və yapon iyeni ilə nominasiya olunub. Bu zaman şirkətin bütün gəliri milli valyuta ilə daxil olur. Şirkət bu riski azaltmaq üçün mühüm ehtiyat fonduna malik deyil. Bununla belə, “Azərenerji”nin kreditlərinin əsas hissəsi dövlət təminatı altına alınıb” - deyə “Fitch Ratings” bildirib.
Agentliyin proqnozlarına görə, “Azərenerji”nin maliyyə mövqelərinin pisləşməsi kovenantların, yəni kreditlər üzrə öhdəliklərinin yerinə yetirilməsi şərtlərinin pozulmasına gətirib çıxara bilər. Nəticədə şirkət ya kreditlərin qaytarılması şərtlərini dəyişdirmək üçün danışıqlara başlamalı, ya da dövlət borcların qaytarılması qrafikinin pozulmasını aradan qaldırmaq üçün müdaxilə etməlidir.
“Biz gözləyirik ki, zərurət yaranarsa, dövlət tərəfindən “Azərenerji”yə belə dəstək veriləcək. Çünki əvvəllər şirkət koventnatlardan yayınmağa icazə alıb”- deyə agentlik bildirir.
“Fitch Ratings” hesab edir ki, “Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin də bütün xarici borcu valyuta ilə nominasiya olunub. Buna baxmayaraq ADD QSC “Azərenerji” ilə müqayisədə daha əlverişli mövqelərdədir. Bu da onunla əlaqəlidir ki, ADD-yə daxilolmaların üçdə ikisinə yaxını beynəlxalq və tranzit yükdaşımalarının hesabınadır. Beynəlxalq yükdaşımalarda isə tariflər İsveçrə frankı ilə hesablanır və şirkət tərəfindən dollara nominasiya olunur.
Agentlik ARDNŞ-in də borclarının 80 faizindən çoxunun dollarla nominasiya olunduğunu açıqlayıb. Lakin eyni zamanda şirkətə daxil olan vəsaitlərin də böyük əksəriyyəti dollarladır. Bu da manatın devalvasiyasını kompensasiya edir.
Digər tərəfdən, ARDNŞ xərclərinin əsas hissəsini manatla aparır. Buna baxmayaraq agentlik hesab edir ki, ortamüddətli perspektivdə vəziyyət ARDNŞ üçün də dəyişə bilər. Çünki şirkət inflyasiya təzyiqləri qarşısında əmək haqlarını və digər xərclərini artırsa, ümumi xərcləri daha da artacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?