İki il əvvəl baş verən qanlı olayla bağlı şikayət var; Elminaz Abdullayeva iki oğlunun və ailəsinin təhlükəsizliyi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib
Redaksiyamıza Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 26-da yaşayan Abdullayeva Elminaz Ağasalam qızı tərəfindən prezident İlham Əliyevə ünvanlanmış məktubun surəti daxil olub.
Şikayətçi yazır ki, 18 mart 2013-cü ildə oğlu Əlvan Abdullayev Davud Aşurovu bir qadınla (həmin qadı haqqında məlumat verilsə də, etik olmadığından adını yazmadıq - redaksiya) uyğunsuz vəziyyətdə görüb:
«Bundan sonra Aşurov Davud oğlum Əlvanı telefon vasitəsi ilə hədə və qorxu gələrək ölümlə hədələmişdir. 18 mart 2013-cü il tarixində Davudgil beş nəfərdən ibarət birici Davud Aşurov, Zaur Aşurov, dayısı Abdullayev Rasət Əliniyaz oğlu, yeznəsi Qasımov Rəşad Qurban oğlu, yeznəsi Yasər Səyyab oğlu silahlı vəziyyətdə bizim yaşadığımız darvazanın qabağına Əlvanı öldürmək məqsədi ilə gəlmişlər. Onlar oğlum Əlvanı telefon vasitəsi ilə çağırıblar. Əlvan çölə çıxarkən onları silahlı və içkili vəziyyətdə görmüş və qapıdan qovmuşdur. Bundan yarım saat sonra Əlvana məxsus olan Qaz-24 markalı maşınla qəsəbədə yerləşən dükana bazarlıq məqsədilə gedəndə həmin dəstə maşınları ilə oğluma məxsus olan Qaz-24 markalı maşının qabağına keçərək yolu bağlamış və yuxarıda adlarını çəkdiyim dəstə üzvlərindən Davud və qardaşı Zaur Əlvana məxsus olan Qaz-24 markalı maşının yan tərəfini, yəni sağ və sol tərəf şüşələrini bıçağın tini ilə sındıraraq, oğlumu rol arxasında, oturduğu yerdə möhkəm döyərək ağır xəsarət yetirmişlər. Əlvan bunların üstündə silah görmüş və canını onlardan xilas etmək üçün yaralı vəziyyətdə maşından düşüb qaçmışdır. Aşurov Davud əlində bıçaq, belində silah Əlvanın dalınca qaçaraq onu qovmuşdur. Lakin içkili vəziyyətdə olduğuna görə Əlvana çata bilməmişdir».
Şikayətçi iddia edir ki, bundan sonra Davud geri qayıdaraq Əlvana məxsus olan maşının bütün şüşələrini sındırıb, üstünə çıxaraq maşının kapotunu, banını, ümumiyyətlə, maşını tamam əzərək yararsız vəziyyətə salıb:
«Hətta təkərlərini də bıçaqla kəsib, sonra kapotu, kreli, qapıları bıçaqla deşik-deşik etmişdir. Bundan sonra Əlvan qardaşı, yəni digər oğlum Rəşada
zəng edərək döyülməyini və maşının əzilməyini deyib. Oğlum Rəşad hadisə yerinə gələrək, maşının qəsəbədə icra nümayəndəsinin qabağında tam yararsız vəziyyətdə görüb. O, bunun səbəbini öyrənmək üçün Davudgilin məhəlləsinə gedib. Bu vaxt Davudgilin məhəlləsində çoxlu adamların toplaşdığını görərək, geri dönmək istəyib. Amma Davudgil Rəşadı görüblər və oğlumun idarə etdiyi 07 maşınına arxadan atəş açıblar. Rəşad bunu gördükdə sürətlə onlardan aralanıb, təxminən bir kilometr aralıda maşınını saxlayıb. Maşını saxlayan kimi, Davud və Zaur qardaşları öz maşınları ilə arxadan gəlib, ona çatıblar. Çatan kimi də birinci Zaur düşərək Rəşada silahdan atəş açıb. Bu zaman Zaurun atdığı güllə boşa çıxdıqdan sonra Rəşad Zaurla əlbəyaxa olub. Belə vəziyyətdə Davud maşından silah çıxarıb, Rəşada farsonka silahla atəş açır. Rəşada atılan güllə qardaşı Zaura dəymişdir. Buna baxmayaraq, Davud yenə də sakitləşməyib. O, ikinci gülləni dolduraraq Rəşadı baş nahiyyəsindən vurmuşdur. Rəşadın başından qan axdığını görüb Davuda yapışmış, onu yuxarı başının üstünə qaldırarkən Davud əlindəki farsonka silahla Rəşadın başına ağır zərbə vurub yıxmışdır. Sonra Rəşad huşunu itirərək yerə yıxılmışdır. Bu zaman hadisə yerinə yetişən Əlvan qardaşı Rəşadı yerdə qan içində uzanıqlı görüb».
Şikayətçinin iddiasına görə, oğlu Əlvan qan içində olan qardaşına yaxınlaşmaq istəyərkən Davudun qardaşı Zaur ona silah tuşlayıb: «Əlvan ona silahı buraxmaqla bağlı xəbərdarlıq edib. Zaur isə xəbərdarlığa məhəl qoymayaraq, Əlvana atəş açmışdır. İkinci gülləni doldurmaq istədikdə Əlvan onun ayaqları altına ov tüfəngi ilə atəş açmışdır. Bundan sonra Əlvan qardaşı Rəşadı ölmüş vəziyyətdə görüb, onu maşına qoyaraq təcili şəkildə xəstəxanaya çatdırıb. Rəşad isə başından güllə yarası aldığı üçün xəstəxanaya yerləşdirilmişdir».
Şikayətçi yazır ki, istintaq zamanı Şirvan şəhər prokurorunun baş müstəntiqi Cəfər Həsənov Əlvandan və şahidlərdən olduğu kimi izahat alıb:
«Ancaq üstündən 10-15 gün keçəndən sonra həyat yoldaşım Eldar Abdullayevi müstəntiq Cəfər Həsənov çağıraraq yoldaşımın prokurorla söhbət etməsini məsləhət görmüşdür. Beləliklə, yoldaşım Abdullayev Eldar Şirvan şəhər baş prokuroru Həsən Hənifəyev, baş müstəntiq Cəfər Həsənovla görüşüb, söhbət edib. Onlar həyat yoldaşımdan 50.000 manat pul istəyib və bildiriblər ki, biz Avropaya doğru gedirik və dövlət rüsumu kimi bu pula qəbz verəcəyik. Yoldaşım isə razılaşmayaraq evə gəlmişdir. Səhərisi gün isə
bütün qohumlar və dostlarla məsləhətləşərək, borc və bankdan pul götürərək 50.000 ABŞ dolları düzəltdik. Müstəntiqin otağında prokurorun razılığı ilə Cəfərə verdik və bizi tam arxayın etdilər ki, hər şey obyektiv şəkildə qanuni həll olunacaqdır. 6-7 ay keçəndən sonra, yəni məhkəməyə az qalmış yoldaşım Eldarı çağıran Cəfər Həsənov bildirib ki, Baş Prokurorluq ittihamnaməni təsdiq etməyib. Sabah gəl pulunu götür. Səhərisi gün saat 12-13:00 radələrində Cəfər Həsənov yoldaşıma yenə zəng edərək, gəlib pulu aparmasını dedi. Yoldaşım isə pulu gedib tək götürməyə qorxduğuna görə mən və kəndçimiz İsmayıl İsmayılovu özümüzlə götürdük. Biz prokurorluğun qabağında gözlədik, yoldaşım isə gedərək pulu götürüb gəldi. Biz bu günə kimi maddi və mənəvi ziyan içindəyik. Hal-hazırda bizə hədə-qorxu gəlməklə hər cür sözlər deyirlər: "O bir oğlunu da tutacağıq və kalonda olan oğluna isə əziyyət verəcəyik". Bu sözləri deyənlər elə polis və ədliyyə işçiləridir».
Sonda şikyətçi ölkə prezidentindən ailələrinin təhlükəsizliyini təmin etmək üçün aidiyyatı orqanlara tapşırıq verilməsini və oğlanlarının üzləşdiyi vəziyyəti obyektiv araşdırmağı xahiş edib.
«Gündəm xəbər» qəzeti olaraq, yazıda adları hallanan hər bir tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?