İcra başçısının Tərtərdə apardığı yenidənqurma işləri ciddi narazılıqla qarşılanır
Azərbaycanda “neft bumu”nun təsiri ilk növbədə abadlıq-quruculuq işlərinə vüsət verdi. Təbii ki, ölkənin simasının dəyişməsi baxımından təqdirəlayiq bir əməldir. Lakin, milyonlarla vəsaitin sərf olunduğu bu abadlıq işlərini bərbad edən məmurlar nəticədə korrupsiyanın yeni “abadlıq metodunu” kəşf etdilər. İstənilən rayonda görülən işlərə nəzər saldıqda demək olar ki, eyni mənzərə ilə rastlaşırsan. Şübhəli tenderlərdə qalib olan “10 manatlıq” məmur şirkətləri, yerli sahibkarlara və büdcə təşkilatlarına qoyulan “abadlıq vergisi”, qiymətlərin şişirdilməsi, daha çox kosmetik əməliyyatlar və sair. Bütün ölkə boyu aparılan abadlıq işlərinin ümumi mənzərəsi belədir. Əksər rayon mərkəzlərinin yalnız mərkəzi hissələrində işlər aparılır, kənar ərazilər isə sanki diqqətdən uzaq düşürlər.
Rayonlarda icra başçılarının “abadlıq sevgisi” təbii ki, bu sahəyə ayrılan milyonlardan qaynaqlanır. Belə olmasaydı, rayonlarda eyni ərazilərin müxtəlif icra başçıları tərəfindən təkrar təmir olunması halları müşahidə olunmazdı. Təbii ki, büdcə vəsaitlərinin silinməsini reallaşdıran məqsədli bir işdir.
Tərtər rayonuna Müstəqim Məmmədovun icra başçısı təyin olunmasından 10 ay keçməsinə baxmayaraq, onun bu sahədə qazandığı “uğurlar” illərin zəngin təcrübəsinə əsaslanır. Hazırda Tərtərdə sökülən və yenidən qurulan parklarda, səkilərdə abadlıq işlərinin aparılması üçün heç bir zərurət yoxdur. Qısa müddət əvvəl milyonlarla vəsait sərf olunaraq abadlaşdırılan və hazırda sökülən ərazilərin yenidən abadlaşdırılmasının isə ancaq bir açıqlaması ola bilər. Dövlətin milyonlarla vəsaitini bir heç edərək yenidən həmin yerlərə milyonlar sərf edilməsi ancaq ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi məqsədini daşıya bilər. Hər yeni təyinat alan icra başçısı köhnə başçının gördüyü işləri sökür və yenidən həmin ərazi yeni başçının «zövqünə» uyğun abadlaşdırılır. Əslində dövlət vəsaitlərinin bu şəkildə tarmar edilməsinin heç bir anlamı yoxdur. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitləri həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçıları heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abadlaşdırırlar.
Sual oluna bilər ki, məgər maxinasiyaları yeni abadlıq işləri görməklə aparmaq mümkün deyilmi? Təbii ki, mümkündür! Sadəcə bu işdə əsas önəmli olan başqa bir səbəb var. Yuxarıda da qeyd etdiyimiz kimi, əsas abadlıq işləri rayon mərkəzlərinin inzibati hissələrində aparılır və ümumi görüntü yaratmaq üçün xüsusi əhəmiyyət daşıyır. Kənar ərazilərdə aparılan abadlıq işlərini isə yuxarılarda çox da təbliğ etməyə imkan olmur. Əksər vaxtlarda isə belə ərazilərə ziyarət edən dövlət rəsmilərinin sayı da yox səviyyəsində olur. Odur ki, icra başçıları “qurucu” imici formalaşdırmaq üçün eyni əraziləri təkrar-təkrar söküb tikməkdən yorulmurlar. Ortada isə dövlətin havaya sovurulan milyonları qurban gedir.
Tərtərə gəlişinin ilk ayından başlayaraq, M.Məmmədov rəhbərlik etdiyi rayonda söküntü-tikinti işlərinə start verib. O, özündən əvvəlki icra başçısı Ceyhun
Səfərovun gördüyü işlərin hamısını yarıtmaz olduğunu hesab edərək yeniləmək qərarına gəlib. Məlumatlara görə, rayonda əvvəlki icra başçısına aid bir nişanə belə qalmayıb. M. Məmmədovun göstərişi ilə rayon mərkəzində, icra hakimiyyətinin qarşısında qızğın işlər gedir. Əsas işlərin də mahiyyəti bundan ibarətdir: səkilərə, parklara düzülən daşlar sökülür və onlar yenisi ilə əvəz olunur. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqdan başqa bir şey deyil. Əvvəla abadlaşdırılmış yerlər ikinci dəfə abadlaşdırılır və bu zaman birinci abadlıq işlərinə sərf olunan milyonlar çölə atılmış olur. Digər tərəfdən isə ikinci “abadlıq” işləri zamanı da həyata keçirilən mənimsəmə və korrupsiya faktları dövlət büdcəsinin talanmasına hesablanıb. Qazanan tərəf isə təbii ki, abadlaşdırma adı altında dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyən cənab Məmmədov və onun yaxın çevrəsidir.
Rayondan “Gündəm xəbər”ə verilən məlumatda bildirilir ki, Müstəqim Məmmədovun Tərtərdə sərf etdiyi inşaat materiallarının hamısı Yevlaxdan, yəni icra başçısının tikinti materialları dükanlarından gətirilir. Bu zaman təbii ki, qiymətlərdə bir neçə dəfə şişirdilir və nəticədə Müstəqim Məmmədov iki tərəfli qazanc saxlamış olur. Qeyd etək ki, Müstəqim Məmmədov Yevlaxda çalışdığı zaman şəhərin abadlaşdırılma işlərinə rəhbərlik edib və buna görə də, icra başçısının Yevlaxda bir neçə iri inşaat materialları dükanı var.
Rayonda aparılan belə “abadlıq” isə sakinlər tərəfindən narazılıq və ikrah hissi ilə qarşılanır. Çünki, Tərtərin həll edilməli çoxsaylı problemləri olduğu halda icra başçısının “yenidənqurma siyasəti”nə başqa cür yanaşmaq da mümkün deyil.
Verilən məlumatlara görə, başçının əməlləri artıq lazımi orqanlarda da əks reaksiya yaradıb. Ona tezliklə fəaliyyətində dönüş yaratmaq tapşırılıb. Əks təqdirdə M. Məmmədovun sökdürdüyü əraziləri başqası tikib qurtarmalı olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?