Həkimlər xəstələrə qarşı rüşvət cədvəli tərtib ediblər; rüşvət siyahısı “Gündəm xəbər”ə təqdim olundu
Bakı Sağlamlıq Mərkəzində baş verən rüşvət və digər özbaşınalıqlar xəstələr və onların yaxınlarını dilə gətirib.
“Gündəm xəbər”ə daxil olan məlumata görə, ölkə əhalisi Bakı Sağlamlıq Mərkəzində 10 günlük müalicə kursu götürmək istəyərkən çox ciddi pul tələbləri ilə qarşılaşırlar:
«Bu Mərkəzə ayaq basan kimi, pul söhbəti başlayır. Məsələn, qəbul şöbəsində 20 manat, «kolyaska» aparan və ya bələdçi (lifti işə salan) 3 manat, xadimə 3 manat, «postel» gətirən 5 manat qiymət oxuyur. Yəni hələ həkimin üzünü görmədən təxminən 30-35 manat xərcləməlisən. Qəbuluna yazıldığın həkim isə 10 günlük kurs müalicəsi üçün ilkin olaraq 150 manat tələb eləyir. Bu qiymətin tibb bacılarına aidiyyatı yoxdur. Açıq şəkildə deyirlər ki, baş tibb bacısı üçün 10 günə 50 manat, növbətçi tibb bacılarına isə 10 manat verilməlidir».
Adının çəkilməsini istəməyən xəstə yaxınlarından birinin qəzetimizə verdiyi məlumata görə, hər şey bununla bitmir:
«Elə yatağına uzanan kimi, mərkəzin aşbazı özünü hövlənk yetirir. Başlayır ki, siz nə yeyirsiniz, nə olar, nə olmaz. Yəni aşbaza hesabat verməklə iş bitmir. Aydın olur ki, hər gün yemək üçün əlavə bir manat da aşbaza ödəməliyəm. Bundan sonra isə həkimlərin digər fırıldaqları işə düşür. Belə ki, həkimin israrlı tələbi ilə rentgenə 5 manat, ÜZİ-yə 15 manat, kordioqrama üçün 20 manat, tomoqrafiya üçün 50 manat verməlisən. Bununla canını rüşvət tələsindən qurtulduğunuzu da düşünməyin. Həkimlər yazdıqları dərmanları haradan, yəni hansı aptekdən almaq uğurunda xəstə ilə açıq şəkildə mübahisə aparır. Deyir ki, guya digər apteklərdə satılan dərmanlar keyfiyyətsizdir. Yəni həkimin tövsiyə etdiyi aptekdən dərmanı almasaq, müalicəyə təminat verilmir. Bəli, ən təsirli tələ budur».
Şikayətçi deyir ki, həkimlərin “əməkdaşlıq” etdiyi aptekdən nisbətən baha qiymətə alınan dərmanları hətta xəstənin ayağına gətirirlər:
«10 günlük müalicə dövründə həkimlərin başqa fırıldaqları da var. Məsələn, kursun yarısında gəlirlər ki, bəs, travmatoloq və ya dəri həkimi də çağırmışıq. Buna görə 50 manat ödənilməlidir. Həmin həkim isə yoxlayandan sonra əvvəlki həkimin yazdığı bir neçə dərmanı qəbul etməyi qadağan edir və əlavə dərman yazır. Təbii ki, bu da apteklərlə gizli əməkdaşlıq edərək, xəstə “qanın sovurmağa” çalışan həkimlərin əlavə qazancı deməkdir».
Şikayətçi deyir ki, əsəb sarsıntısı ilə keçən kurs dövrü yekunlaşarkən isə həkimlərin daha bir pul tələsi işə salınır: «Gəlib deyirlər ki, daha 5 gün müalicəyə ehtiyac var. Hətta utanmadan deyirlər ki, kursa əlavə olunan günlər üçün xəstəyə 50 faiz endirim olacaq. Bəli, Bakı Sağlamlıq Mərkəzinə bu qədər xərc qoyulub. Ölkə prezidenti əhalinin sağlamlığı və onun tibbi müayinəsi ilə bağlı tapşırıqlar verib. Amma buranın həkimləri sanki ölkə prezidentinin tövsiyə və tapşırıqlarına qarşı çıxmaqla, bu kampaniyaya da xələl gətirməkdən çəkinmirlər. Görünür, bunların həyat amalı puldur. Ona görə də ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi bu mərkəzdəki fırıldaqçılara qarşı sərt addımlar atmalıdır. Ən azından ölkə prezidentinin nüfuzuna xələl gətirən rüşvət və fırıldaq sistemini tətbiq edənləri işdən qovmaqla cəzalandırmalıdırlar».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?