Hacıbala Abutalıbovun növbəti “abadlıq işləri” nəticələrini çox gözlətmədi
Aprelin 10-da paytaxtın Nobel prospektində baş verən güclü yanğın xoşbəxtlikdən tələfatsız ötüşsə də, özündən sonra bir sıra suallara meydan açıb. Belə texnogen qəzaların baş verməsi təbii olsa da, son hadisə gələcək böyük təhlükələrin ilk qığılcımı hesab oluna bilər. Son yanğın Bakının yeni bir təhlükə ilə- Penoplast təhlükəsi” ilə üz-üzə qaldığını ortaya qoydu. Bütün il boyu küləklərin hakim olduğu, yay aylarında temperaturun 40 dərəcəyə çatdığı paytaxt şəhərində tezalışan penoplast üzlüklərlə yaşayış binaları böyük risk altında qalıb. Xatırladaq ki, srağa gün baş verən güclü yanğına qədər də paytaxtda bir neçə belə lokal yanğın hadisəsi baş verib. Səbəb isə tezalışan penoplast üzlüklərin alışması olub.
Ekspertlər dəfələrlə mediada çıxış edərək, binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulasalar da nədənsə Bakı şəhər İcra Hakimiyyəti, Hacıbala Abutalıbov şəhərin yeni simasını penoplastsız təsəvvür etmir. Qeyd edək ki, penoplast üzlüklər Çindən gətirilir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu məsələ dəfələrlə qadırılsa da, mütəxəssislərin rəyləri nəzərə alınmayıb. Elə son yanğın hadisəsi zamanı binanın 9 və 8-ci mərtəbəsində başlanan qığılcımın 10 saniyə içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübutu oldu.
Mütəxəssislər bildirirlər ki, binaların üstünə vurulan bu plastik üzlüklər günəş şüası ilə də alışa bilir. Çox ağır kimyəvi bir materialdan hazırlanan bu penoplastlar Bakıya təhlükə törədir. Bu material yanan zaman öldürücü qoxusu hər yeri basır ki, yay vaxtı belə hadisənin baş verməsinin necə fəlakət yarada biləcəyini xüsusi izah etməyə ehtiyac yoxdu.
Son hadisə bunu qəti şəkildə ortaya qoydu. Kiçik bir ehtiyatsızlıq nəticəsində 408 nəfər bina sakini evsiz qaldı. Bir tərəfdən yanğın, bir tərəfdən də yanğın söndürülən zaman suyun vurulması nəticəsində mənzillərin içərisi yararsız hala düşüb. Üstəlik, yanğın vaxtı evdə olan bina sakinlərinin əksəriyyəti zəhərlənib.
Maraqlıdır ki, binalara üzlük kimi vurulan bu penoplastlara sonradan “aqlay” daşları rəngində boya çəkilir. Hətta əvvəlcədən görməyənlər binaların “aqlay” daşları ilə üzləndiyini düşünə bilərlər.
Xatırladaq ki, şəhərin mərkəzində ötən ilin ortalarına qədər üzlüyü dəyişdirilən binalarn əksəriyyətində məhz “aqlay” daşlarından istifadə olunub. Ancaq sonradan hansısa səbəbdən binaların fasadlarının “aqlay” daşları ilə deyil, Çindən ucuz qiymətə alınıb gətirilən penoplast materialı iə üzlənməsinə qərar verilib. Şəhərin ətrafında yol qırağında, görünən yerdə yerləşən bütün binaların
üzünə penoplast material vurulur. Qeyd edək ki, təkcə bir prospekt boyu 16 binada belə üzlüklərin çəkilməsi prosesi 8 aydır ki, davam edir.
Həmçinin binaların təhlükəli üzlüklərlə üzlənməsi zamanı mövcud qanunvericilik aktları da kobud şəkildə pozulub. Ekspertlər bildirir ki, binaların üzlənməsi zamanı 2009- cu ildə qəbul edilən Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmayıb. Belə ki, həmin Məcəlləyə əsasən, binanın idarəsi sakinlərə verilməlidir və onlar təmirlə bağlı qərar qəbul etməlidir. Tender keçirilməlidir ki, hansı şirkətin təmiri həyata keçirəcəyini sakinlər seçsinlər. İndi bu baş verən yanğına görə dəymiş zərəri o binanı təmir edən İcra Hakimiyyəti ödəməlidir. Bu kompensasiya ona görə ödənilməlidir ki, yanğın hadisəsi birbaşa onun səhvi ucbatından baş verib.
Görəsən şəhər rəhbərliyi paytaxtın “gözəlləşdirilməsi” üçün istifadə etdikləri bu “kitayski” variantın nə qədər təhlükəli olduğunun fərqində deyilmi? Minlərlə insanın taleyini təhlükə altına alan bu kosmetik əməliyyatların gələcəkdə daha böyük faciələrə yol açmayacağına kim təminat verə bilər? Hacıbala Abutalıbovun “Bakımızın” gözəlləşdirilməsi üçün etdiyi bu növbəti təhlükəli eksperiment artıq ilk “nəticələrini” verib. Bəs növbəti təhlükələrdən bizləri kim sığortalayıb? Bunu bir düşünən varmı görəsən?
Sorğu
Yeni dizaynımız necədir?