Hakimiyyət rəsmisi xalqı Əkrəm Əylisliyə qarşı nifrətə çağırır, "Qanunda insanları nifrətə çağırmaq qadağandır"
Əylislinin xalq yazıçısı titulu və prezident təqaüdündən məhrum edilməsilə nəticələnən "Daş yuxular" hekayəsi Azərbaycanda etirazlara səbəb olub. 2012-ci il dekabrın sonlarında rus dilində “Xalqlar dostluğu” jurnalında çap edilən əsərdə 1980-ci illərin sonunda azərbaycanlıların ermənilərə qarşı zorakılıq törətdiklərindən bəhs edilir. Hakimiyyət təbliğatçılarının son günlər əsas mövzusu bu məsələdir. "Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik", Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında çıxışı zamanı Ərkəm Əylislinin mübahisəli hekayəsinə münasibət bildirərkən deyib. "Qanunda insanları nifrətə çağırmaq qadağandır", hüquqşünas Aslan İsmayılov BBC Azərbaycancaya deyib, lakin məsələnin hüquqi baxımdan deyil, siyasi baxımdan şərh etməyə üstünlük verib. "Hakimiyyətin atdığı addımlar Azərbaycan üçün Əkrəm Əylislinin hekayəsi qədər ziyanlıdır, bəlkə ondan da çox ziyanlıdır", o deyib. "...Biz tolerant xalqıq, əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə - "erməni soyqırımını türklər tanımalıdır" fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Niyə? Bir mükafat almaqdan ötrü", Prezidentin sözçüsü çıxışında bəyan edib. "Cinayət məcəlləsində belə bir maddə var, 283-cü maddə və həmin maddə bu sözlərə qarşı istifadə oluna bilər", hüquqşünas Anar Qasımlı BBC Azərbaycancaya deyib. Lakin vəkil vurğulayıb ki, Əli Həsənovun bunu hansı kontekstdə dediyini bilmədiyinə görə dəqiq və ətraflı cavab verə bilməz. Cinayət Məcəlləsinin 283-cü maddəsi "Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına ... yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə" 1000 AZN-dən 2000 AZN-dək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəlləyə əsasən eyni əməllər "şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" və ya "mütəşəkkil dəstə tərəfindən törədildikdə" isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Anar Qasımlı həmçinin maddənin daha öncə cinayət iddiaları zamanı İslamçılara, Talışlara qarşı istifadə olunduğunu bildirərək bunun “populyar” bir maddə olduğunu bildirib. Digər rəsmilər arasında Əkrəm Əylislinin hekayəsinə münasibət bildirən, YAP-ın icra katibi Əli Əhmədov deyib ki, yazıçının Şöhrət ordeni geri alınmalıdır. Parlament üzvü Əhməd Vəliyev isə "anti-Azərbaycan təbliğatı aparanların psixoloji durumu"nun yoxlanılmasını və "həmin adamların genetik kodu"nun müəyyənləşdirilməsini tövsiyyə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?