Dövlət başçısı ədibi “Xalq yazıçısı” adından və prezident təqaüdündən məhrum etdi, İctimai Palata Ə.Əylislinin də ifadə azadlığı hüququnu tanıdığını bildirdi, yazıçı özü isə “təəssüf edirəm, artıq bu barədə danışmaq istəmirəm”
Dövlət başçısı İlham Əliyev bu gün yazıçı Əkrəm Əylislinin “xalq yazıçısı” adından və Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdündən məhrum edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamında qeyd edilir ki, Əylisli müstəqillik illərində ona qarşı olan böyük etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycan tarixinin həqiqətlərini Azərbaycan yazıçısına yaraşmayan şəkildə təhrif edib. Əylisli Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa çalışaraq, əsassız olaraq onu ümumbəşər dəyərlərinə qarşı yönəlmiş əməllərdə ittiham edib, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini saxtalaşdırıb, Azərbaycanın uzaq və yaxın keçmişinə ləkə yaxıb, münaqişə nəticəsində doğma yurdlarından qovulmuş bir milyon azərbaycanlının ləyaqətini təhqir edib, deyə sərəncamda qeyd edilir. Bunu, habelə dövlət və ictimai qurumlardan, vətəndaşlardan gələn çoxsaylı müraciətləri nəzərə alaraq, dövlət başçısı Əylislini “Xalq yazıçısı” adından məhrum edib. İctimaiyyətin, qaçqınların və məcburi köçkünlərin çoxsaylı müraciətləri ilə əlaqədar, dövlət başçısı Əylislini Azərbaycan prezidentinin fərdi təqaüdündən də məhrum edib. Yazıçı Əkrəm Əylisli prezident İlham Əliyevin onun “Xalq yazıçısı” adından və prezident təqaüdündən məhrum edilməsi haqqında bugünki sərəncamı ilə bağlı təəssüfünü ifadə edib. “Konstitusiyası söz azadlığına zəmanət verən bir dövlətdə belə qərarların qəbul edilməsinə təəssüf edirəm. Artıq bu barədə danışmaq istəmirəm”, deyə Əylisli Turan-ın müxbiri ilə söhbətində bildirib. Bu arada İctimai Palata (İP) cümə axşamı “Daş yuxular” əsərinə görə yazıçı Əkrəm Əylisliyə qarşı başlanan kampaniyanı pisləyən bəyanat yayıb. Sənəddə yazıçının bu əsərinin kəskin neqativ rəy və hərəkətlərə səbəb olduğu vurğulanır. Ə.Əylislinin özünün və ilə üzvlərinin iqtidarın repressiyasına məruz qaldığı nəzərə çatdırılır. İctimai Palata hər bir vətəndaş kimi Ə.Əylislinin də ifadə azadlığı hüququnu tanıdığını bəyan edir. Eyni zamanda adı çəkilən əsərdə Ermənistan-Azərbaycan həqiqətlərinin təhrif olunmasına, milli-mənəvi və dini dəyərlərin aşağılanmasına etiraz ifadə edilir. Müəlliflərə görə, belə münasibət Qarabağ münaqişəsinin aradan qaldırılmasına yox, daha da dərinləşdirilməsinə xidmət göstərir. Bu əsərin nə zamansa Azərbaycan xalqı əleyhinə istifadə oluna bilcəyindən narahatlıq bidirilir. İctimai Palata əsər ictimailəşdikdən sonra rəsmi Bakını konyuktur məqsədlərlə onun ətrafında yalançı-patriotik isteriya qızışdırmaqda ittiham edir. Yazıçının özünə və ailəsinə qarşı təqiblər, səviyyəsiz divantutma çağırışları yolverilməz sayılır və pislənilir. “Xəbər xidməti”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?