Məqaləni oxuyan hər kəs çox götür-qoy edə bilər ki, həyatda çox şeylərin “dublikat”ını görmüşdük, amma jurnalist “dublikat”ına rast gəlməmişdik
KİV nümayəndələrinin cəmiyyət həyatında oynadıqları rol, hüquq və səlahiyyətləri qəbul olunmuş Qanunla tənzimlənsə də, təəssüflər olsun ki, bu gün bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti, kimlərinsə qınaq obyektinə də çevrilirlər. Məsələnin kökündə bir çox amillər dayansa da, əsas məqam jurnalistika ilə məşğul olan şəxslərdən bəzilərinin, adicə elementar göstəricilərə cavab verə bilməmələridir. Düzdür, Azərbaycan jurnalistikasında xeyli müddətdir ki, senzura aradan qaldırılıb, müəyyən qadağalara son qoyulub, hansısa addımlar da atılıb.
Elə ki, ümumi vəziyyətin necəliyinə diqqət yetirilir, bu zaman bəlli həqiqətlər də ortaya çıxır. Yəni, kimin jurnalistika ilə məşğul olub ola bilməməsi haqda ortada konkret prinsiplər olmadığından, bu sahəyə axın günü-gündən artır və əmələ gələn olayların da ahətə dairəsi, getdikcə genişlənməkdə davam edir.
Son vaxtlar isə maraqlı olaylarla üz-üzə qaldığımızdan, hələ də şokdan ayıla bilməmişik. Problemin kökündə “dublikat” jurnalistlərin peyda olmalarıdır. Bəlkə də məqaləni oxuyan bir kimsə çox götür-qoy edə bilər ki, həyatda çox şeylərin “dublikat”ını görmüşdük, amma jurnalist “dublikat”ına rast gəlməmişdik. O halda ayrı-ayrı ünvanlara, bəzi bölgələrə üz tutmaq lazımdır ki, idarə, müəssisə, təşkilat və digər qurum rəhbərlərini aldadardaq, “mən “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Çəfəriyəm” deməklə, “ianə” toplayan “dublikat” jurnalistlərin varlığını, sizlər də öz qulaqlarınızla eşidəsiniz. Çünki, bir neçə gün bundan əvvəl, Şirin Cəfəri ilə birlikdə keçirilən tədbirdə iştirakçı idik. Həmin gün yaxından tanıdığım məmurla söhbət edərkən, “müəllim tanış olun, bu şəxs “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəridir” deməyim, sanki rəhbər vəzifə sahibini şoka saldı. Necə Şirin Cəfəridir? “Bu heç cür ola bilməz! Ona görə ki, təqribən 15-17 gün bundan əvvəl, özünü “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri kimi təqdim edən mətbuat nümayəndəsi qəbulumda olub. Üzləşdikləri problemin həllinə köməklik də göstərmişəm” dedikdə, Şirin Cəfəri şəxsiyyət vəsiqəsi ilə bərabər, jurnalist vəsiqəsini də vəzifə sahibinə təqdim etdi. Həmin an təqdim olunan sənədləri diqqətlə nəzərdən keçirən vəzifə sahibi bildirdi ki, “mən ona inanıb sənədlərinə baxmadım, indi aydın olur ki, o, məni aldadıb”.
Bəli, bu bizim üzləşdiyimiz mənzərələrdən biri olsa da, yəqin ki, üzləşmədiyimiz mənzərələrin sayı-hesabı çoxdur. Çünki, redaksiyamıza ayrı-ayrı ünvanlardan, müxtəlif şəxslərdən bu günədək məlumatlar çatdırılırdı ki, kimlərsə “Gündəm Xəbər” qəzetinin adından istifadə edib, dilənçiliklə məşğul olurlar. Odur ki, hər bir vəzifə sahibinə, idarə, müəssisə, təşkilat və digər qurum rəhbərlərinə üz tutaraq bildiririk, “əgər sizi kimsə “Gündəm Xəbər” qəzetinin adından narahat edib, pul tələb edirsə, o halda (055) 209-03-66, yaxud da 012-538-76-26 nömrələrinə zəng etməyinizi xahiş edirik. Eyni zamanda, hüquq-mühafizə orqanı əməkdaşlarına da məlumat verməyi də unutmayın”.
Bu cür halların Bakı şəhərində deyil, daha çox bölgələrdə yaşanması haqda da məlumatlara malikik. Məsələn, hələ bir müddət bundan əvvəl oxşar olayların
Gədəbəydə, Ağcabədidə, Zaqatalada, Ağdamda və Qazaxda yaşanması haqda, redaksiyamıza zəng edib məlumat da vermişdilər. Belə bir səbəblər üzündən bu gün də, bildiririk ki, redaksiya rəhbərliyinin həmin zonalarda səllahiyyət verdiyi şəxs yoxdur. Odur ki, diqqətli olun!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?