Azərbaycanda zaman-zaman reketlilə məşğul olan media qurumları ilə mübarizə aparılıb. Son zamanlar isə bu mübarizə yeni mərhələyə keçib və daha da gücləndirilib. Ancaq bütün bunlara baxmayaraq, bu tip fəaliyyətlə məşğul olan bəzi şəxslər əməllərindən əl çəkmək istəmirlər. "Reket jurnalistlər" virtual müstəvidə fəaliyyətlərini genişləndirməyə cəhd edirlər.
Bəs bu cür halların qarşısını tamamilə almaq üçün nə edilməlidir? Onlarla mübarizədə konkret hansı tələb və təkliflər irəli sürülür? Bu barədə suallarımızı Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırıb. gundemxeber.az bildirir ki, o, Publika.az-a açıqlamasında, Mətbuat Şurasının reket jurnalistikasına qarşı uzun illərdir apardığı mübarizədən danışdı: “Demək olar ki, 2008-ci ildən Mətbuat Şurası bu məsələ ilə bağlı sistemli şəkildə mübarizə aparır. Biz çap mediasında reket jurnalistikasına qarşı ciddi tədbirlər görmüşdük. Həmin neqativ qüvvələrin sayı olduqca azalmışdı. Lakin məsələ burasındadır ki, həmin reket jurnalistlər bu məsələni virtual müstəviyə daşıyaraq, yenidən öz “işlərini” davam etdirirlər. Onlayn media isə olduqca sürətli və yeni bir sahədir. Bunun qarşısını almaq üçün artıq yeni sistemlər, mübarizə üsulları formalaşdırılır. Artıq bu məsələ ilə bağlı xüsusi komissiya fəaliyyət göstərir. Mətbuat Şurasına da bu mövzuda lazımı tədbirlərin görülməsi üçün səlahiyyət verilib. Hazırda bu mübarizə Baş Prokurorluq səviyyəsində aparılır. Bu yaxınlarda Mətbuat Şurası daha bir addım ataraq, bu işlə məğul olan komissiyanın tərkibini genişləndirdi. Artıq komissiyanın işində Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluqdan nümayəndələr də iştirak edəcək. Bu addım mətbuatdakı neqativ halların dərhal, qısa müddətdə aradan qaldırılmasını daha da sürətləndirəcək. Hesab edirəm ki, çox uğurlu addımdır. İnanıram ki, qısa zamanda onlayn mediada da ciddi təmizlik işləri öz nəticəsini göstərəcək”. M.Ələsgərli onu da qeyd etdi ki, Azərbaycanda qanunvericilikdə edilən dəyişikliklər bu sahədə görülən tədbirlərin daha yaxşı nəticələr verməsinə xidmət edəcək: “Yeni qanunvericiliyin İnformasiya, İnformasiyalaşdırma və İnformasiya təhlükəsizliyi haqqında hissələrində edilən dəyişikliklərdə reket jurnalistika ilə məşğul olan şəxslərə və mətbu orqanlara qarşı müxtəlif cəza tədbirləri nəzərdə tutulub. Sadəcə həmin qanunlarla bağlı mexanizmləri daha da artırmaq lazımdır. Bu mövzuda maarifləndirmə tədbirləri görülməlidir ki, həmin neqativ informasiyaları tirajlayan mətbu orqanlar gördükləri “işlərin” müqabilində ciddi şəkildə cərimələnə biləcəklərini anlasınlar. Düşünürəm ki, bu istiqamətdə görülən işlər reket jurnalistikanı konkret olaraq media aləmindən uzaqlaşdırmağa xidmət edəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?