Hürrü Əliyevin dilindən çıxan ittihamlarla Prezident Adjminstrasiyasını nələr bağlayır?
Hakimiyyətin müxalifətə qarşı şok planlarının detalları “Gündəm xəbər”də
Məlum olduğu kimi gündəmin əsas mövzularından biri də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əəliyevin AXCP sədri Əli Kərimli haqda mətbuatda dedikləridir. Məlumat üçün bildirək ki, Hürrü Əliyev son açıqlamaları ilə hakimiyyətin işinə yarayan mövqe sərgiləyib və Əli Kərimlinin əmisi Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib. O bildirib ki, əmisinin zəhərlənməs ilə bağlı ona hələ Ə. Elçibəyin ölümündən dərhal sonra bildiriblər: “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu «ajan» adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qorunması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi”. H. Əliyev qeyd edib ki, həmin dövrdə əmisinin zəhərlənməsi ilə bağlı mətbuatda yazılsa da, buna ciddi əhəmiyyət verməyib: “Lakin əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi. Bu, məndə ona olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm”. Biz bu yazımızda Hürrü Əliyevin səsləndirdiyi və ciddi dairlərdə qeyri-ciddi qəbul olunan bu ittihamlarını şərh etmək niyyətində deyilik. Bizi daha çox maraqlandıran Hürrü Əliyevin niyə məhz indi bu haqda danışmasıdır. Bununla bağlı «Gündəm xəbər»i məlumatlandıran mənbənin sözlərinə görə, əslində bu müxalifətə qarşı qurulmuş oyundan daha çox hakimiyyət daxili «nüfuz müharibəsininin» elementidir. Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, müxalifətə qarşı şər böhtan kampaniyasının arxasındakı sirli kölgə Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. Bizi bilgiləndirən mənbənin sözlərinə görə iki gün öncə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı məhz Ə.Həsənovun dəstəyi ilə təşkil olunub və məhz bu səbəbdən hakimiyyətə yaxın bütün media qurumları və tv-lər tədbirə qatılıblar. Amma tədbirə qatılan tanınmış siyasilərin fikirləri gözlənilən istiqamətdə olmadığından çəkiliş efirə verilməyib və məhz bu səbəbdən ötən gecə lavə açıqlamalar ortaya çıxıb. Bizi bilgiləndirən mənbə, ilk açıqlamanın Hürrü Əliyevdən xəbərsiz verildiyini və yalnız açıqlamadan sonra H.Əliyev razı salınıb. Mənbəmiz bildirir ki, PA rəhbəri Ramiz Mehdiyevin tövsiyyəsi ilə hərəkətə keçən və Əli Həsənovun baş rolda oynadığı bu oyunun əsas məqsədi isə prezident İlham Əliyevə bəzi mətləbləri çatdırmaqdır. İlk növbədə prezidentə məhz onu çatdırmaq istəyirlər ki, Ramiz Mehdiyev çox böyük gücdür və istənilən halda onunla hesablaşmaq lazımdır. Xatırladaq ki, son günlər PA rəhbərinin sıxışdırılması yönündə ardıcıl tədbirlər həyata keçirilir və indi Elçibəyin qardaşıoğlunun hakimiyyətin işinə çox yarayan açıqlamasının alınması onun zəifləyən mövqelərini kifayət qədər möhkəmləndirə bilər. Ramiz Mehdiyevin «vurulacağı» halda isə Əli Həsənov bunu öz aktivinə yazmaqla Paşayevlər qruplaşmasında yer alması üçün istifadə etməyə çalışacaq. Göründüyü kimi əslində çox qeyri ciddi görünən bu gedişlərin arxasında böyük oyunun epizodları gizlənib və təəssüfləndirici haldır ki, kimlərsə bu epizodların baş rolunda oynamaq üçün növbə gözləyirlər.
Orxan Həsənli
P.S. Növbədə kimin olacağı haqda dəqiq bir məlumatyımız olmasa da, Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəylə bağlı hər hansı çirkli oyundan kimsənin xeyir götürmədiyi dəqiqdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?