Bizim milli adımız kimi dilimizin də adı qondarmadır; Bu qondarma adla o, sonuncu dəfə H. Əliyevin sayəsində «təltif olunub»
Beynəlxalq Ana Dili günüdür bu gün. Nə yaxşı ki, deyirəm, beynəlxalq təşkilatlar bütün hadisələri tarixləşdiriblər, yoxsa unutqanlıq bizləri çox uzağa aparardı, özümüzdən uzaqlaşdırardı. Ana dilindən söz düşəndə yadıma həmişə M. Cəlilin «Anamın kitabı» əsəri düşür. Bu günə haralardan keçib gəlmişik? Aydınlığa çıxmışıqmı? «Hə» deməyə tələsmirəm. Sadəcə, məni növbəti dəfə heyrət hissi bürüyür. Milli mentalitetin hansı qatına nəzər salırsan sal, mütləq görəcəksən ki, vaxtilə M. Cəlil bu məsələyə toxunub, özü də predmetlə bağlı konturları elə müəyyənləşdirib ki, əlavə söz üçün yer qalmayıb. Amma bu son 22 ilin əbədi sualları var. İstəsək də, istəməsək də vaxtaşırı səksənərək özümüzdən soruşuruq: əcəba, görən bu müstəqillik bizə nə verdi? Demokratiyadan yurdumuzda nə qaldı? Təəssüf ki, illər bizim bəzi nailiyyətlərimizi artırmır, əksinə külək kimi onların üstündən aparır, necə deyərlər, sovurur. Vətənpərvərlik və dil məsələsi bir qədər incə məsələdir, çünki bu mövzular bir növ əmtəəyə çevrilib, gəlir gətirir. Bir də görürsən ki, heç bu predmetlərin fərqində olmayanlar alınlarını qırışdırıb elə bəlağətlə danışırlar ki, adam əvvəlcə mat qalır, sonra barmağını dişləyib, elə M. Cəlil sayağı «Mən ölüm, lotusan» deyib, işinin ardınca gedir. Nahaq yerə demirlər ki, vətənpərvərlik hiyləgərlərin sonuncu sığınacağıdır. Ona görə də bəlağətdən, «boğazdan yuxarı» sözlərdən uzaq olacam, çünki unutmayaq ki, bu dil həm də milli yaltaqların dilidir, onlar bu dildə elə «nümunələr», elə ştamplar yaradıblar ki, adam eşidəndə bir köynək ət tökür. Dil əslində universal olur, bu da var və bunu da inkar etmirik. Bir imperator deyibmiş ki, Allahla ispan, qadınla fransız, düşmənlə alman dilində danışasan! Bunun müqabilində M. Lomonosov da buyurmuşdu ki, rus dili yeganə dillərdəndir ki, həm Allahla, həm qadınla, həm də düşmənlə danışmaq olur. Təbii, heç kim öz ayranına turş demir və heç kim öz dilini əskik hesab etmir. Amma dillər də adamlar kimidir, hamısı bir boyda və bir statusda olmur. Adamın sözü olduğu kimi millətin də dili olur. Güclü adamın sözü keçərli olduğu kimi, güclü millətin də sözü keçərli və kəsərli olur. Vay o günə ki, ölüvay olasan, onda sənin özünü saymadıqları kimi dilini də saymayacaqlar. Bir də vay o günə ki, hər şeyi öz adı ilə adlandıra bilməyəsən, onda dil də çaşır, topuq vurur və axsayır… Bizim dilimiz nə dildir? Buna başqa yerdə nə deyirlər? Bəlli olur ki, dilimiz türk dilidir. Özü də türkiyəlilər dillərinə osmanlı dili deyəndə, biz özümüz dilimizə türk dili demişik. Bəs indi nə olub bizə? Türk dili ilə tanış olan adam dilimizi öyrənəndə əvvəlcə çaşar və sonra da sevinər, çünki baxıb görər ki, əcəba, bu elə türk dilidir ki! Bizim milli adımız kimi dilimizin də adı qondarmadır. Bu qondarma adı ona cəmi 93 ildir ki, veriblər. Axırıncı dəfə bu adla o, H. Əliyevin sayəsində «təltif olundu». Yəqin 1995-ci il, ilk konstitusiyanın qəbul edildiyi vaxt yadınıza düşdü. Böyük müzakirə açıldı və axırda ulu öndərin tövsiyəsi və diqtəsilə dilimiz yenə də Azərbaycan dili adlandırıldı. Guya ki, bu, çox böyük siyasət idi və belə olmasaydı bizi pərən-pərən edib, dənizə tökəcəkdilər. İngilis dili dünyanın onlarla ölkəsində işlənir və elə ölkələr var ki, bu dil orada ana dili statusundadır, amma hamı ona ingilis dili deyir, Amerika dili, Kanada dili demirlər. Biz isə stalinizmin ştamplarından elə yapışmışıq ki, sanki ondan əl çəksək, dünya qopar… Bəzən bizə elə gəlir ki, dilimizə türk dili, özümüzə isə türk milləti deməməklə ölkədə yaşayan başqa xalqları aldadırıq. Amma doğrudanmı onlar bu qədər sadəlövhdür, heç yazı-pozudan xəbərləri yoxdur? Deməzdim. Onlar hətta bəzi məsələləri bizdən də yaxşı bilirlər. Bunun acılarını yalnız biz çəkməli oluruq, çünki milli identifikasiya problem olaraq qalır və anaların kitabı (M. Cəlil) oxunmur… Ölkədə milləti aşağılamaq bir ədəbi üsluba çevrilibsə dilə də münasibətin nə səviyyədə olması elə bir sual doğurmur, o da aşınır, aşağılanır. Bəzən biz bunu görmürük, hiss etmirik və «Noolub bizim dilimizə?» deyirik. O olub ki, bu boyda şəhərdə hələ də «İsti peraşki», «Mator remontu» kimi sərlövhələrə rast gəlirik, özü də paytaxtda. O olub ki, rus dilində yazılana hələ də aşağıdan yuxarı baxırıq, onları daha üstün hesab edirik. Nə isə. Adı olmayan, hələ də öz adını tapmayan dilin dadı da kasad olur, çünki o kökündən qoparılan ağaca bənzəyir, hara rişə atacağını bilmir…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?