May ayına nəzərdə tutulan total kadr islahatları zamanı hətta həbslərin də mümkünlüyü istisna deyil
Qarşıdan gələn prezident seçkiləri fərqli olacaq və bu seçkilər özünün mahiyyətiylə 1993-cü illərin hadisələrini də xatırladacaq». Bu şok açıqlamanı DİA.AZ-a hökumət içindəki etibarlı mənbə verib. Qaynağın bildirdiyinə görə, 20 il əvvəl olduğu kimi, yenə də Rusiya və İran regionda xüsusi fəallıq nümayiş etdirir: «Yenə də Rusiya və İranın Azərbaycandakı maraqları təhlükə altındadır. 20 il əvvəli xatırlayın. Bu iki ölkə Azərbaycanın daxilində müxtəlif separatçı qüvvələri fəallaşdırmaq hesabına süni gərginlik yaratmağa müvəffəq olmuşdular. İndi də eyni ssenarini təkrarlamağa çalışırlar. Alınacaqmı? Təbii ki, nə indi 1993-cü il deyil, nə hakimiyyət o hakimiyyət deyil, nə də Azərbaycan o Azərbaycan deyil». Mənbəmiz bildirir ki, Rusiya və İran dışında özünə kifayət qədər ciddi və etibarlı dayaq müəyyənləşdirməyə müvəffəq olmuş rəsmi Bakının şimal və cənubdan gələn və ehtimal olunan hər türlü basqılara hazırlıqlı görünməsi təəssüratı da mövcuddur: «Rusiyanı indiki hakimiyyət heç də qane etmir. Amma buna rəğmən rəsmi Moskva heç də əvvəlki qədərində təsir rıçaqlarına malik olmadığının fərqindədir. Yeganə vasitələri Qarabağ problemidir ki, bunun da nəticəsində Kreml əslində özünü çətin duruma salmış oldu. Rəsmi şəkildə Azərbaycanın öz Qarabağ torpaqlarını geri almasını (hansı yolla olursa olsun -red.) sakit şəkildə qarşılamayaqlarını bəyan edən ruslar əslində həm ATƏT-in Minsk Qrupundakı missiyalarının və həm də ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli prosesindəki iştiraklarının tərəfsiz olmamaları səbəbindən etibar əldə etməməsinə zəmin yaratdılar. Yəni artıq hər kəs etiraf edir ki, Rusiya da Fransa kimi net olaraq istənilən formada Ermənistanın yanındadır. Və əslində bu şəraitdə Azərbaycan bir dövlət olaraq ATƏT-in Minsk Qrupundan imtina hüququna da malikdir. Amma bu addım ona görə atılmır ki, hələ həlledici döyüş üçün qərar verilməyib». Mənbəmiz bildirir ki, Azərbaycanın müharibə tədarükündə olmasını ruslar yaxşı bilirlər: «O səbəbə görə də Rusiya davamlı şəkildə Ermənistanın hərbiləşdirilməsi səviyyəsinin Azərbaycana yetişə bilməsi üçün bütün addımları atır. Azərbaycanın pulla satın aldığı hərbi texnikaları ruslar ermənilərə peşkəş edir və bu yolla Kreml aradakı balansı qorumaqla yanaşı, həm də Azərbaycan üzərindəki yeganə təzyiq vasitəsini - Qarabağ problemi üzərindəki manipulyasiya imkanlarını itirmək istəmədiyini də ortaya qoyur». Amma artıq çox şeylərin dəyişdiyini bildirən mənbəmizə görə, bu gün hakimiyyət daxilindəki Rusiyameyilli qanadın hədəfə alınması da məhz rəsmi Bakının Qarabağla bağlı planlarının tərkib hissəsidir: «Yaxşı başa düşülür ki, Rusiyaya canişinlik edənlərə söykənib Qarabağ uğrunda bir addım belə atıla bilməz. Amma prezident İlham Əliyev daha böyük dövlətin rəhbəri olmaq, Azərbaycanın ərazi bütünlüyünü bərpa etmək niyyətini hər zaman açıq şəkildə ifadə etdiyi kimi, bu çətin dönəmdə də prinsiplərindən imtina etmədiyini net olaraq ortaya qoymaqdadır». Nədir bu təzahürlər? Mənbəmizə görə, son zamanlar əsas müşahidə olunanı Azərbaycanın Rusiyadan qırılması prosesidir əslində…: «Ramiz Mehdiyevin «vurulmasına» tədarük bir simvol xarakteri daşıyır. Yəni buna başlanğıc da demək olar. Azərbaycandan rus qoşunları 20 il əvvəl çıxarılsa da, Rusiya Azərbaycandan hələ çıxmayıb. Və bu çıxışın təmini, Rusiyanın Azərbaycana girişinin birdəfəlik olaraq qapadılması üçün köklü addımlar atılmalıdır ki, bu gün rəsmi Bakının yürütdüyü siyasət də məhz bu anlamı daşıyır. Bəlkə də hansısa adldımları sezmək olmur. Amma maraqlı dairələr artıq Azərbaycanın bir dövlət olaraq hansı mövqedə qərarlaşmasının tam fərqindədirlər». Mənbəmiz bu arada şok bir məlumatı da redaksiyamızla paylaşdı: «Təbii ki, bu seçki ili gərgin olacaq. Amma istənilən bir gərginliyə rəsmi Bakının adektvat reaksiyası olacaq. Əgər kimlərsə süni şəkildə şiddətə meyl edəcəksə, artıq qərarı verilib, reaksiya da eyni şiddətdə olacaq. Odur ki, may ayına nəzərdə tutulan total kadr islahatları zamanı hətta həbslərin də mümkünlüyü istisna deyil».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?