Mümkün «El»-İctimai Palata müttəfiqliyi eks-spikeri siyasətdən həmişəlik silə bilər
Məlum olduğu kimi, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, parlamentin sabiq sədri Rəsul Quliyevin hüquqlarınqı Müdafiə Komitəsi onun müdafiəsilə bağlı imzatoplama kampaniyası həyata keçirir. Ziyalılar Forumunun bəzi üzvlərinin - Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Rafiq Əliyev və başqalarının bu kampaniyaya dəstək verməkdən imtinası ACP ilə Ziyalılar Forumunun münasibətlərinə təsir göstərib. Hətta ACP-dən qarşı tərəfə ittihamlara da yol açıb. ACP rəsmisi deyib ki, onu ən çox qəzəbləndirən Cəmil Həsənlinin münasibəti olub: «Cəmil Həsənli uzun illər siyasətdə olan bir ziyalıdır. O, elmlər doktoru, professor, sabiq millət vəkilidir. Məni ən çox qəzəbləndirən də elə budur - özlərini cəmiyyətin “qaymağ”ı adlandıran ziyalıların insan haqlarının müdafiəsinə laqeyd yanaşmasıdır. Üzümü ziyalılara tutub deyirəm ki, insanların haqlarının pozulmasına sizin kimilər şərait yaradırlar. Əgər sən özünü “qaymaq ” adlandırırsansa, ortaya fərqli yanaşma qoymaq məcburiyyətindəsən. Sənin kütlədən fərqin olmalıdır. Əgər ziyalı başqasının hüquqlarını müdafiə edə bilmirsə, kütlə kimin ardınca getməlidir?» ACP funksionerinin daha maraqlı fikirləri isə yeni yaranan «El» hərəkatı ilə bağlı olub. Deyib ki, hərəkatın yaradılmasının məqsədini anlamır: «Maraqlı burasıdır ki, Ziyalılar Forumunun əsas təsisçisi Rüstəm İbrahimbəyovdur. Onun seçki ili ilə bağlı ideyaları müəyyən qədər mənə aydındır. Amma bunun üzərindən yeni bir «El» hərəkatının yaradılması və Eldar Namazovun orda rəhbər olub, seçkilərə namizəd kimi qatılması məndə şübhə yaradır. Yəni burda xeyirə işlənəcək bir layihə olduğu halda, nəyə görə Ziyalılar Forumunun yeni qanadı, «El» hərəkatı təsis edilir, axı bu, nəyə lazımdır? Hesab edirəm ki, «El» hərəkatının yaranması bu ilin seçkisinə yox, 2023-cü ilin seçkisinə hesablanıb. Bu, həbsdə olan ermənistanlıya hesablanmış bir variantdır və bu il seçiləcək prezidentin gələcək alternativinin seçki kampaniyası ilə bağlıdır.» Xatırladaq ki, bir neçə gün əvvəl Rəsul Quliyevin özü də «El» hərəkatını vurmuşdu. ACP lideri bu hərəkatda təmsil olunmayacağını və onlara dəstək verməyəcəyini bildirib. “Bilirsiniz, həm Rüstəm bəy, həm də mən həyatın bir çox üzlərini görmüş ciddi insanlarıq. O bilir ki, mən heç vaxt məramı və proqramı məlum olmayan bir təşkilata dəstək vermərəm. Ondan başqa, artıq Ziyalılar Forumu ”El" hərəkatı və başqa qurumlara eyni münasibət bəslədiyini bir neçə dəfə elan edib, yəni “EL” hərəkatı onların proyekti deyil", - deyə o, modern.az-a bildirib. ACP liderinin bu mövqeyini faktiki olaraq «EL» hərəkatını, daha dəqiqi Eldar Namazovu və Rüstəm İbrahimbəyovu «vurmaq» anlamına gəlir. Əslində onun «El» hərəkatını tənqid edəcəyi isə gözlənilən idi. Rəsul Quliyev özünü mərkəzində görmədiyi heç bir siyasi birliyi, hərəkatı ciddiyə almır. Üstəlik də, nəzərə alsaq ki, «El» bəzən Rusiyanın yeni proyekti kimi təqdim olunur, bu halda uzun müddətdir Moskvadan dəstək almağa çalışan Rəsul Quliyevin mövqeyi daha başadüşülən olur. Bu halda «El»in ciddi qüvvəyə çevrilməsi Rəsul Quliyevin planlarını alt-üst edir. Bunu R.Quliyevin bir qədər sonrakı qəzəbli açıqlamasından da görmək mümkün idi. ACP lideri Eldar Namazovun ona rəqib kimi təqdim olunmasına «Bəzi şantajçı, ağlasığmaz təxəyyüllü şəxslər isə Eldar Namazovu mənə rəqib kimi qələmə verməyə çalışırlar», deyə isterik münasibət göstərmişdi. Beləliklə, görünən budur ki, «El» hərəkatının ciddi qüvvə kimi ortaya çıxması və ən əsası, ənənəvi müxalifətin - AXCP və Müsavatın bu hərəkatla əməkdaşlığı, hətta tərəflərin seçkilərdə birgə iştirakla bağlı mesajları Rəsul Quliyevi qəzəbləndirib. Çünki hadisələrin bu istiqamətdə inkişafı ACP və onun liderini faktiki olaraq təcridə və fiaskoya doğru aparır. «El» və İctimai Palata bir-birinin qismində özlərinə ciddi müttəfiq tapacaqları halda qarşıdan gələn seçkilərdə Rəsul Quliyev faktoru demək olar ki, öz təsirini itirəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?