Bakının müxtəlif yerlərində açıq şəkildə, günün istənilən saatlarında qumar oynanılır. Loto-qumar oyununun təşkil olunduğu yerlər haqda bir neçə dəfə məlumat vermişik. Bir müddət əvvəl də “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı loto-qumar məkanından geniş reportaj təqdim etmişdik.
Bu dəfə loto-qumarın təşkil olunduğu başqa bir ünvandan bəhs edəcəyik. Bu məkan paytaxtın mərkəzində, 28 May küçəsində, Səməd Vurğun bağının yanındadır. “Cash rich club” adlanan və yeni açılan bu məkanda gün ərzində saat 15:00-dan etibarən başlayan oyun səhər saatlarınadək davam edir.
Məlumdur ki, bu cür məkanların öz müştəriləri var. Belə obyektlər açılanda həmin müştərilər bir-biriləri ilə soraqlaşaraq, həmin ünvan harada olursa-olsun gedib tapırlar. Məkanın qarşısından keçənlərin diqqətini isə mikrofon vasitəsi ilə torbadan çıxan daşların uca səslə deyilməsi çəkir.
Elə biz də haqqında danışdığımız məkanın qarşısından keçərkən “nömrə 55”, “ləzzətli daş- 88”, “44- bir-bir”, “65 və davolna” kimi səslər diqqətimizi çəkdi. Əvvəlcədən bu cür məkanlar haqda məlumatımız olduğundan söhbətin nədən getdiyini anladıq. Yolumuz düşmüşkən həmin məkana baş çəkdik.
Obyektdə çay, kofe, pivə, sərniləşdirici içkilər də verilir. Lakin buranın əsas müştəriləri təbii ki, loto-qumar oynamağa gələnlərdir. Elə biz də məkana daxil olub, masalardan birində əyləşdik. Xanım işçilər bizə loto kartları təklif etdilər. Bütün belə məkanlarda olduğu kimi, burada da kartın birinin qiyməti 1 manatdır. İki kart alaraq, biz də oyuna başladıq.
Elanlardan da görünür ki, oyunlar səhər saatlarınadək davam edir. Gecə saat 02:00-da “cek pot” və pulsuz oyunların oynanılması ilə bağlı məkanın divarlarında elanlar görürük. Hər masada oyunun şərtlərini izah edən kağızlar var. Kartları paylayan işçilərdən də oyun haqda əlavə məlumatlar öyrənmək mümkündür.
Hər oyuna qoyulan uduşun məbləği oyunda iştirak edənlərin sayına görə dəyişir. Masalardan kart başına yığılan pullardan müəyyən faiz tutulur və qalan hissəsi uduşa qoyulur. Oyunçular çoxaldıqca uduş da, qazanılan faiz də çoxalır.
Diqqətimizi çəkən əsas məqam məkanda xeyli sayda işçinin olmasıdır. 3-4 nəfər növbə ilə torbadan daşları çıxarır, 6-7 nəfər xanım işçi isə masalara kart paylayır, bir neçə nəfər məkanda quraşdırılan monitorlara nəzarət edir, bir neçə nəfər də çay paylayır və müştərilərə xidmət edir.
Məkanda oyunçu axını axşam saatlarına, əsasən də iş vaxtından sonraya təsadüf edir. 20-dən çox masanın olduğu məkan saat 19:00-dan sonra tamamilə dolur.
Qayıdaq, oyunumuza... Oyun zamanı torbadan daş çıxaranlar həyəcanı artırdıqlarını, oyuna rəng qatdıqlarını düşünərək, çıxan rəqəmləri rayon seriyalarına və başqa mənalara görə şərh edirlər. Məsələn, “41 - müharibə başladı”, “90 - baba gəldi”, “85 - Muxtar Respublika”, “37 - repressiya”, “50 - ömrün yarısı”, “88- ləzzətli daş”, “21 - Gədəbəy” və s...
Loto oyununda qalibi olmaq üçün aldığımız kartın ilk sırasında olan 6 nömrə torbadan çıxan daşlarla uyğun gəlməlidir. İlk sıranı dolduran iştirakçı qalib elan olunur.
İki kart seçib, oyuna başladıqdan sonra 6 oyunun sonunda artıq 12 manat uduzmuşduq. Uduzanlara əsas təsəlli də məkanda çayın pulsuz verilməsidir. Pulsuz çayımızı içib, 7-ci oyuna başlayandan sonra şans bizim də üzümüzə güldü. Uduşu 26 manat olan oyunda 89 rəqəminin çıxması ilə qalib olduq. Beləcə itirdiyimiz 14 manatdan əlavə 12 manat da qazancımız oldu.
Oyun ərəfəsində bəzi masalar bir neçə dəfə dolub, boşaldı. Uduzanlar məkanı tərk edir və onları yeniləri əvəz edirdi. Qalib gələnlər isə kartlarının sayını çoxaldaraq, şanslarını artırmağa çalışırdılar.
Loto oynayarkən diqqətimizi çəkən əsas məqamlardan biri də bağlı qapı arxasından fasilələrlə çıxan xeyli sayda xanımlar idi. Bu xanımlar məkandakı ayrı bir otağa girir, müəyyən təlimatlar aldıqdan sonra məkanı tərk edirdilər. Müəyyən vaxtdan sonra isə yenə məkana qayıdırdılar.
Gördüklərimizdən belə məlum oldu ki, bu xanımlar içəridəki otaqda hazırlanan loto kağızlarını müəyyən məkanlarda satmağa aparırlar. Xanımların əllərində xeyli sayda loto kağızlarını apardıqlarının şahidi olsaq da, bu oyunun necə təşkil olunduğunu öyrənə bilmədik.
Hava qaraldıqca məkanın müştərilərinin sayı da çoxalır. Biz də qazandığımız 12 manatı uduzduqdan sonra məkanı tərk etdik. Loto-qumarxananın qarşısında bir neçə dəqiqə müşahidə apararkən gördük ki, ətrafa yayılan rəqəmlərin səsi yaxınlıqdan keçənlərin də diqqətini mütləq çəkir. Hər kəs bir anlıq dayanaraq, məkana baxmağa başlayır. Yoluna davam edən də olur, içəriyə daxil olub, baş verənlərin yaxından şahidi olanlar da, ilk dəfə də olsa, loto-qumarın iştirakçısı olanlar da…
Bəs görəsən, qanunsuz olaraq, Bakının mərkəzində rahatlıqla qumarxana açmaq, işlətmək necə mümkün olur?
Bu sualın cavabını hələlik dəqiqi bilməsək də bir önəmli məqamı xatırlatmaq niyyətindəyik: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?