Hakimiyyət beynəlxalq tədbirlərindən imicini yaxşılaşdırmaq, eləcə də əsas insan haqları pozuntularını ört-basdır etmək üçün yararlanır
Aprelin 7-8-də Dünya İqtisadi Forumu (DİF) Bakıda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» keçirir. Dünya İqtisadi Forumu hər ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilir. Bakıdakı ilk belə tədbirə dair razılıq yanvarın 23-də Davosda əldə olunub. DİF icraçı sədri Klaus Schwab Bakıda deyib ki, məqsəd uzunmüddətli ssenarilər hazırlamaq, regionun unikal imkanlarını aşkarlamaqdır. Tədbirdə 200 lider regionun gələcəyini müzakirə edir. Forum Cənubi Qafqaz və Orta Asiya regionunda ciddi iqtisadi artım və inkişafa diqqət çəkir. Məsələn, son onillikdə Azərbaycan iqtisadiyyatının ikirəqəmli artımı, Qazaxıstanın biznes uğurları qeyd olunur. «Bu tədbir vaxtında verilmiş bir imkandır ki, regionun hazırkı və potensial payçıları onun gələcəyi üçün planları müəyyənləşdirib, dəyərləndirsinlər», - DİF-nun saytında belə yazılır.
«Qeyri-neft sektorunda 10 faiz artim»
Azərbaycan prezidenti İlham Əliyev tədbirdəki açılış nitqində bildirib: «Bizim hökumət üçün şaxələndirmə bir nömrəli prioritetdir. 2004-2009-cu illərdə regional inkişaf proqramı yaratdıq və burada özəl sektorun inkişafı hədəf götürüldü. Ötən il qeyri-neft sektorunda 10 faiz artım olub. Şaxələndirmə bu formada gedəcək». İqtisadçı Nazim Məmmədov bu tədbirin Azərbaycanın tanınması üçün platforma, ölkənin investisiya potensialının göstərilməsinə yaxşı fürsət sayır. Qeyri-neft sektorunda 10 faizlik artıma gəlincə, iqtisadçının fikrincə, artıq hökumət də bu sektorun inkişafının vacibliyini anlayır. O, investisiyalara 7 milyard vəsait qoyulduğuna diqqət çəkərək qeyri-neft – tikinti, iaşə, xidmət, əmək bazarı sektorlarının bundan faydalandığını bildirir. Ancaq iqtisadçı bu sektorun inkişafını əks etdirən rəqəmlərə şübhəylə yanaşır: «İndiki durumda 10 faiz, məncə, xeyli nikbin rəqəmdir. Bəlkə də ondan irəli gəlir ki, ölkə prezidentinə verilən statistik məlumatları analiz edəndə, onların şişirdilmiş olduğunu görürük. Məsələn, taxıl istehsalını götürək. Guya çox istehsal olunur, ancaq əslində subsidiyaları mənimsəmək üçün əkin sahələrini şişirdirlər».
Gürcüstan və Azərbaycanda vergi yığımı
İqtisadçı diqqəti böyük holdinqlərin, dövlət şirkətlərinin büdcə qarşısında borclu qaldığını, vergi ödənişlərinin cüziliyini, vergi yığımının hələ də büdcə gəlirlərinin 33 faizini təşkil etdiyini vurğulayır. Nazim Məmmədovun fikrincə, bu rəqəmlər ölkədə «kölgə iqtisadiyyatı»nın mövcudluğunu, «kölgə iqtisadiyyatı» ilə məhz patronajlı iri şirkətlərin məşğul olduğunu göstərir: «Potensialı Azərbaycandan təxminən dörd dəfə az olan Gürcüstanın vergi yığımı ilə bizim ölkə arasındakı fərq çox azdır. Azərbaycanda 2013-cü ildə 3 milyard 760 milyon vergi yığılması proqnozlaşdırılır. Gürcüstanda isə bu rəqəm təxminən 4 milyard 160 milyon dollardır».
Artımın əsl səbəbləri
«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl isə bu tədbiri hökumətin daha çox öz təbliğatı, siyasi hakimiyyətini uzatmaq üçün keçirdiyini deyir. İqtisadçı qeyri-neft sektorunda artımın olduğunu, ancaq bunun dövlət büdcəsindən infrastruktura qoyulan sərmayələrdən yarandığını vurğulayır: «Bu, həmçinin böyük neft pullarının yaratdığı tələbat, idxaldakı monopoliya ilə bağlı bir sıra oliqarx bizneslərindəki istehsal artımı, tikintiyə qoyulan pullarla bağlıdır. Bütün bunlar davamlı inkişafa ümid yaratmır». İqtisadçılar qeyri-neft sektorunun inkişafı üçün korrupsiya və rüşvətxorluqla mübarizəni artırmağı, inhisarçılığı aradan qaldırmağı, iqtisadiyyatı liberallaşdırmağı vacib sayır. Xarici ticarətin liberallaşdırılması, hər bir işadamının maneəsiz həm mal və xidmətlərin, həm də investisiyaların hərəkətini təmin edə bilməsi, lisenziyalaşdırılan sahələrin sayının azaldılması da vacib sayılan islahatlar sırasındadır. Azərbaycan ötən il «Eurovision» mahnı müsabiqəsi, BMT-nin İnternet İdarəçiliyi Forumuna ev sahibliyi edib, 2015-ci ildə isə Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İctimai rəydə belə fikir formalaşıb ki, hakimiyyət bu cür beynəlxalq tədbirlərindən imicini yaxşılaşdırmaq, eləcə də əsas insan haqları pozuntularını ört-basdır etmək üçün yararlanır.
Sorğu
Yeni dizaynımız necədir?