Almaniya xarici işlər naziri, Bakıda səfərdə olan Frank-Valter Ştaynmayer ölkəsində insan haqlarının pozulmasına dair məlumatların həqiqətə uyğun olmadığını bildirib.
F.-V.Ştaynmayer Bakıda keçirdiyi brifinqdə virtualaz.org saytının əməkdaşının sualına cavab olaraq deyib ki, Almaniyada sərbəst toplaşmaq haqda ən liberal qanun mövcuddur.
“Frankfurtda, Düsseldrofda və Hamburqda polisin nümayişçilərə qarşı güc tətbiqinə dair sadalanan faktlar, habelə 4 jurnalistin tənqidi yazılarına görə həbs edilməsi həqiqətə uyğun deyil” - deyə nazir bildirib.
Ştaynmayer deyib ki, Almaniya digər ölkələr kimi demokratik və konstitusion haqları müdafiə edir. Nazir 4 alman jurnalistə qarşı qaldırılan cinayət işindən xəbərsiz olduğunu deyib və bildirib ki, onun ölkəsi dünyanın müxtəlif ölkələrində demokratik proseslərə kifayət qədər liberal yanaşır.
Ştaynmayer Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdiyini, Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiklərini açıqlayıb.
“Almaniya təmas xəttində gərginlikdən olduqca narahatdır və münaqişənin tezliklə nizamlanmasını arzu etməklə bərabər situasiyanı diqqətlə izləyir” - nazir bildirib.
O deyib ki, Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur. Azərbaycanın sayəsində Avropanın enerji müstəqilliyi təmin olunur.
Ştaynmayer bildirib: “Mənim Azərbaycana səfərim ikitərəfli münasibətlərin inkişafına yönəlib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?