Yaxud FHN şefinin emissarlarına həqiqət xatırlatması
Yalan qədim peşədir.İsim olaraq qrammatikada yer alan bu anlayışın hərəkət forması aldatmaqdır. Bu baxımdan yalan və aldatma Yer planetinin yaşından da qədimdir. Bütün səmavi dinlərdəki inanca görə Şeytan Həvvanı, ikinci də öz növbəsində Adəmi aldadır. Mifalogiya olsa da bizə bəlli ilk aldatma, yalan faktı budur. Elə ilk yalanla birfə onun daxili anatomiyasının başqa bir keyfiyyəti də üzə çıxıb: cəza. Heç bir yalan cəzasız qalmır. Rəhim və mərhəmət simvolu olan Tanrı belə bunu cəzasız buraxmadı. Adəm və Həvva Cənnətdən qovulmaqla cəzalandırıldı. Min illər keçdikdən sonra da yalanın daxili anatomiyasında heç nə dəyişməyib: yalançılar öz əməlində, aldadılanlar sadəlöhvlüyündə, Uca Məqam isə səbrlə cəza vermək zamanını gözləməkdə. Adəm övladları bu prosedura sadəcə xırda bir əlavə ediblər. Müasir ictimai idarəetmə prinsipləri yalan yazılı qanunlarla qadağan edilən cinayətlərə yol açdıqda dərhal cəzalanma tələb edir. Girişimiz uzun və yorucu görünə bilər. Amma günlərdir ki, xalqın gözünün içinə ağ yalan söylənənlərə hansı əmələ imza atdıqlarını izah etmək, yalanın anatomiyasını anlatmağa ehtiyac duyduq. Sonuncu yazımız – “Kəmaləddin Heydərovun xalqdan gizlətdiyi 100 milyon” başlıqlı araşdırmamız deyəsən düz hədəfə dəymişdi. Adətən təmkin və reaksiya göstərməmək xüsusiyyəti ilə tanınan Fövqəladə Hallar Nazirliyi bütün resurslarını işə salıb özünü təmizə çıxartmağa çalışır. Öz aramızdı zarafat deyil söhbət yüz milyondan gedir... Hərçənd bu hökumətin ən imkanlı nazirlərindən olan Kəmaləddin Heydərov üçün bu məbləğ o qədər də böyük sayılmaya bilər, amma nəzərə alsaq ki, söhbət açıq talandan, yəni büdcədən ayrılan pulun altı ay ictimaiyyətdən gizlədilməsindən gedir, onda belə bir yalanın (yuxarıda verdiyimiz izahata görə cinayətin) ifşa olunması sakit qarşılana bilməzdi. Amma yalançının yaddaşı olmaz deyiblər. FHN şefinin emissarları artıq neçə gündür ki, öz yalan fontanlarını ayrı-ayrı telekanallarda quraşdıraraq gözə kül üfürəcəklərini təxmin edirdilər. Gen qaz, dərin qaz... Öz yalanlarında özləri boğulurlar.
Yenə də siyahı yalanı Yaxud FHN daha bir fiasko ilə üz-üzə
TV səviyyəsini İctimaidən ANS-ə yüksəldən FHN bu dəfə də Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəsi müavini Elxan Əsədovun dilindən eyni rəqəmi səsləndirdi. Zəlzələ bölgəsində 3197 ev tikilib istifadəyə verilib. Bu rəqəm səslənən gündən “fövqəlçilər” adlı siyahını nazirliyin saytına qoyacaqlarını deyirlər. Özü də çox böyük əminliklə- yəqin sabahdan bu siyahı saytda yerləşdiriləcək. Bu yazının yazıldığı an belə bir siyahı yox idi, bəlkə də heç yaxın günlərdə olmayacaq. Yox əgər bölgənin seçici siyahısı əsasında ortaya nəsə qoyacaqlarsa bu növbəti biabırçılığın əsası olacaq. Təxminən bir ay bundan əvvəl “Kür” Vətəndaş Cəmiyyətinin və aparıcı media orqanlarının əməkdaşlarından ibarət reportyor qrupunun apardığı monitorin iddia olunan rəqəmin yarısından da az sayda evin tikildiyini aşkarladı. Əslində FHN bir dəfə belə bir siyahı fiaskosuna uğrayıb. Elə sözügedən monitorinq zamanı “Kür”ə də anoloji siyahı verilmişdi. Monitorinq zamanı məlum oldu ki, o evlərin heç üçdə biri tikilməyib. Sonradan FHN yalanını ört basdır etmək üçün siyahının təsadüfən yanlış verildiyini, yəni istifadə verilmiş evlərin əvəsinə baxış keçirilmiş evlərin siyahısının verildiyini bildirdi. Bu dəfə də eyni fiaskonun yaşanacağı istisna deyil. Yox əgər FHN gördüyü işlərə, açıqladığı hesabata əmindirsə jurnalist araşdırmasına əsəbi və dözümsüz cavab verməkdənsə media ilə birgə bölgədə monitorinq keçirmək yolunu tutsaydı daha yaxşı olardı.
Kəmaləddin Heydərovun dilindən deyilən yalanlar Yaxud FHN yalan ixrac edir?
Bəlkə də FHN-in müxtəlif vəzifə sahiblərinin yalanına təəccüblənməyə dəyməz. Çünki dəfələrlə bu qurumun rəhbəri Kəmaləddin Heydərovun dilindən doğru olmayan rəqəmlər, yerinə yetirilməyən yalanlar eşitmişik ki, bunun da bir adı var: insanları aldatmaq. Cənablar, lütfən əsəbləşməyin ümumi sözlərlə kifayətlənməyəcəyik. Müxtəlif zamanlara aid faktlara üz tutaq: - Kür daşqınları zamanı- 2010- cu ildə nazir demişdi ki, insanlara kompensasiya kartla veriləcək, bu vaxta qədər bu vəd reallaşmayıb; - K. Heydərov 24 iyun 2010- cu ildə Kür qaçqınlarını Sabirabadda FHN- nin Zəngənəyə köçürmə siyasətinə etirazla bağlı keçirdikləri izdihamlı mitinqdən sonra camaatı qəbul edib demişdi ki, sizlərə daşqınlarla bağlı elə kompensasiyalar veriləcək ki, onunla bütün problemlərinizi həll edəcəksiniz, hətta uşaqlarınıza toy edib, qızlarınıza cehiz alacaqsınız. Amma nəticədə onlara 1000 manatdan çox olmamaq şərti ilə adam başına 300 manat yardım verildi (!?). əgər buna yardım demək mümkündürsə. Kür- Araz bölgəsində darısqal "ayı balası" evlər tikildi ki, indi o evlərin bir çoxları ovulub tökülür, dağlır. K. Heydərovdanun vədlərinin quirbanı olan 100- lərlə ailə evsiz qaldı. Nə qədər insan ev görmədən dünyadan köçdü; - Zaqatala zəlzələsinin ilk günlərindəsə FHN rəhbəri Kür daşqınları zamanı yaşanan bəzi narazılıqları da əsas gətirərək bildirdi ki, evlərin tikilməsi üçün insanlara pul veriləcək özləri tikinti işlərini aparacaqlar. Zaman bunun da yalan olduğunu ortaya qoydu; - Nazirin müxtəlif vaxtlarda istifadəyə verilmiş evlərlə bağlı səsləndirdiyi rəqəmlərdə müəmmalıdı. FHN ilk 7 aya 782 ev tikir (hərçənd ki, bu rəgəm də monitorinq nəticəsində təsdiqini tapmadı), amma sonradan 1 aya bu rəqəm 2300 olur. Növbəti 5 aya isə yenidən rəqəm artıb və 3197 olub. Bütün bunlar nazirin Zaqataladakı məlumatının həqiqətə söykənmədiyini göstərir; Yalanları, özü də birbaşa FHN şefinə bağlı olan yalanları davam etdirmək də olardı, amma görünən dağa nə bələdçi? Əslində zəlzələ bölgəsində baş verənləri bir cümlə ilə belə ifadə etmək olar:
Yalan üstə "inşa olunan" Zaqatala... Yaxud nazirin düz çıxmayan daha bir vədi
Zəlzələnin nəticələrinin aradan qaldırılmasına birbaşa məsul olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 2012- ci ilin noyabr ayında Qax- Zaqatala bölgəsinə səfər edərkən bildirmişdi ki, may ayında baş vermiş ilk zəlzələ zamanı dağılan bütün evlər dekabrın sonuna kimi tikilib təhvil veriləcək http://apa.az/az/xeber_kemaleddin_heyderov_____zaqatalada_bas_ver_278732.html Amma bu baş vermədi. Əksinə tikintisinə qərar verilmiş evlərin inşası yubanmaqla yanaşı, yerli əhali FHN- nin müvafiq komissiyalarının evlərə baxış zamanı ədalətli mövqe tutmadıqlarına etiraz edərək yenidən evlərə baxış keçirilməsini tələb etdilər. Və yuxarıda qeyd olunduğu kimi hazırda təsirə məruz qalmış evlərə baxış prosesi davam edir. Kəmaləddin Heydərovun verdiyi digər vəd orta məktəblərin tikintisi ilə bağlı idi. O demişdi ki, “İlin sonuna qədər (söhbət 2012- ci ilin dekabrın sonlarından gedir- red.) isə dörd böyük məktəb istisna olmaqla, bütün məktəblər tam təhvil veriləcək. Həmin dörd məktəbin gec təhvil verilməsi isə həmin məktəblərin daha böyük olması və onların layihələrinin bir az gecikməsi ilə əlaqədardır”). Amma təəssüflər olsun ki, nazirin vəd etdiyi müddətdə nəinki zəlzələ bölgəsində tikintisi nəzərdə tutulan 35 məktəbin 4- ü istisna olmaqla qalanları istifadəyə verildi, hətta istifadəyə verilən bir sıra məktəblər dərslərin keçirilməsinə yararlı olmadığı üçün istifadəsiz qaldı (!?). Məsələn, Zaqatala rayonunun Faldar kənd orta məktəbində istilik sistemi işləmədiyindən məktəblərdə uzun müddət dərslər keçirilməyib. Məktəb Kür Cəmiyyətinin son səfərindən sonra üzə çıxardığı qüsrlardan sonra 2- ci dəfə təmirə daynadı.
Zəlzələ bölgəsində işləyən şirkətlər Yaxud K.Heydərova yaxın “Gilan” şirkəti prezidenti necə aldadıb?
ANS- efirində çıxış edən Elxan Əsədov bildirir ki, biz FHN olaraq zəlzələ bölgəsində tikinti işlərinə cəlb olunmuş şirkətlərin işinə qarışmırıq, onlar müstəqil fəaliyyət göstərirlər və Kür daşqınları ilə bağlı təcrübə toplamış, tanınmış şirkətlərdir. Maraqlı məntiqdir. Əvvalə, o şirkətlərin bir çoxu bir başa Kəmaləddin Heydərova bağlı şirkətləridir. Başda Gilan Holdinq olmaqla. Bunu körpələr evində də hamı bilir Ən çox tikinti işlərinin aparılması, evlərin tikilməsi də məhz bu şirkətə həvalə olunub. O cümlədən Azər- Trans və Azenko şirkətlərinə. Şirkətlərlə bağlı diqqət çəkən bir faktı da xatırlatmaq yerinə düşər. Hələ ötən il Zaqatala rayonunun Gözbarax kəndində istifadəyə verimiş üçmərtəbəli orta məktəbin binasında jurnalistlər və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının birgə monitorinq qrupu tərəfindən fundamentdən dama doğru 0,5-1 sm. enində böyük çat aşkarlanmışdı. Məsələ bundadır ki, 500 şagirdlik həmin məktəb yeni tədris ili üçün “Gilan” inşaat şirkəti tərəfindən tikilmişdi və məktəbin açılış mərasimində qırmızı lenti prezident İlham Əliyev kəsmişdi Hər halda, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın «Gilan» şirkətinin inşa etdiyi yeni məktəb binasının çat verməsi aşkar surətdə yeyintidən xəbər verir. Yəni dövlətin ayırdığı pullar FHN şefinin şirkəti tərəfindən mənimsənilib. Əgər belə olmasaydı, inşaata dövlətin nəzərdə tutduğu bütün pullar xərclənsəydi, onun çat verməsi qeyri-mümkün idi. Bu faktı həm də Kəmaləddin Heydərovun prezidentə söylədiyi yalan kimi də dəyərləndirmək olar.
Böyük yalanlar böyük üsyan doğurur Yaxud niyə 420 milyonun hesabı sorulmur?
Hazırda 116 nəfər 2 ildir ki, K. heydərova qarşı məhkəmələrdə mübarizə aparır. 2 nəfərin işi isə Avropa İnsan haqları Məhkəməsinə qədər gedib çıxıb. Azərbaycan tarixində son illər bir nazirə qarşı müxtəlif bölgələrdən bu sayda insan məhkəmədə iddia qaldırmayıb. yalnız K. Heydərova qarşı qaldırıblar. Bəs deyirdilər ki, o əli açıq, alicənab , insanlara çörək verən adamdır. Əksinə son 3 il göstərdi ki, o dövlət büdcəsindən - yəni xalqın cibindən xalqa ayrılan pulların ünvanına çatmasına imkan vermədi. Ortada real müqayisə faktı - Van təcrübəsi var. Vanda 150 milyon dollarla, təxminən 130 milyon manatla 17 487 nəfərin ev problemi həll olundu, bu qədər ev tikilib vətəndaşlara verildi. Amma FHN şefi Kür daşqınları ilə bağlı ayrılan 460 milyon manatla cəmisi 3500 "ayı balası" tikdi. Eyni proses Qax-Zaqatala bölgəsində də baş verib. Türkiyənin Van şəhərini zəlzələ yararsız hala saldı. Türkiyə hökuməti şəhəri bir qədər aralıda salıb camaata verdi. Ərdoğan da açılışda dedi ki, Türkiyə dövləti şəhərin salınmasına 130 milyon xərcləyib. İlham Əliyev dövlət büdcəsindən Zaqatalada zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 20 milyon bir, 300 milyon bir və nəhayət sonuncu məlumata görə 100 milyon manat da bir ayırdı. Hanı 420 milyon manat? Niyə prezident Kəmaləddin Heydərovdan soruşmur ki, 420 milyonu hara xərclədin? Həmin pulun yarısını Zaqatalaya xərcləsəydilər, bu qədər narazılıq olmazdı.
Yalanın pik nöqtəsi Yaxud Kəmaləddin Heydərovun gerçək obrazı
Bütün sadalananlardan sonra Kəmaləddin Heydərovun bütün fəaliyyət sisteminin ən böyük yalanı-onun özü haqda cəmiyyətdə süni şəkildə formalaşdırılan imicin üzərində dayanmağı vacib bildik. Hamı bilir ki, bu ölkədə korrupsiyanın ən böyük yuvalarından biri Dövlət Gömrük Komitəsidir və DGK sistemində korrupsiyanın əsasını məhz Kəmaləddin Heydərov qoyub. Kəmalləddin Heydərovun ətrafı bunu «idarəçilik sistemi» adlandırır. Kəmaləddin Heydərovun «çörəkverən» obrazını formalaşdırmağa çalışan ətrafı hər yerdə onun xeyirxahlığından danışır və altdan-altan öz ideyalarını yeritməyə çalışırlar. Əslində isə K. Heydərov isə böyük pulları yalnız hakimiyyətə gələndən sonra görüb. Bu isə yalnız hakimiyyət resurslarından sui-istifadə ilə mümkün olub. Ona qədər isə Kamal müəllim toylarda o qədər də tanınmayan musiqiçi olub. Bizim məmur-oliqarxların fəaliyyəti təmənnalıdır. Verilən hər bir şeyin mahiyyətində maraq, mənfəət, siyasət durur və zamanında bu çərçivədən çıxanlara bədəl ödətdirilir. Azərbaycan hakimiyyətində ilk dəfə olaraq qeyri-rəsmi paket sisteminin tətbiqi məhz Kamaləddin Heydərovun adı ilə bağlıdır. Bu davranış deyilişdə çox da bəsit və cəlbedici görsənsə də, əslində qeyri-formal dəyərlərin dövlət strukturlarında institutlaşdırılması, nəhayətdə isə dövlət içində dövlətsizləşməyə aparan yolun önünü açdı. Korrupsiya ilə bağlı bugünkü acınacaqlı durum məhz həmin mühitin yetişdirdiyi meyvə hesab oluna bilər. Bu, “fövqəlnazir”in rəhbərlik etdiyi nazirlikdən və nəzarətində olan bütün dövlət strukturlarından tutmuş, media və ictimai nüfuzu olan insanlara olunan yardımlarda da belədir. Məhz bu səbəblərdən dolayı İvanişvilidən fərqli olaraq Kamaləddin Heydərov bütün xərclərə rəğmən kökündə ictimai sevgi dayanan xarizmatik bir şəxsə, siyasətçiyə, liderə çevrilə bilmir. Görünən odur ki, belə şeylər ölü pullarla və gündə bir neçə dəfə dəyişdirilən eynək, əyin-başla formalaşdırılmağa çalışılan süni imiclə olmur. Kamaləddin Heydərov qurmaq istədiyi siyasi və iqtisadi imperiyada indiyədək heç bir rəqib tanımayıb və bu gün də dəyişən bir şey yoxdur. Örnək olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi göstərmək olar. Ölkədə böyük bir iqtisadi imperiya qura bilmiş Fərhad Əliyevin çökdürülməsinə məhz Kamaləddin Heydərovun bais olmasını ictimaiyyətdə bilməmiş yoxdur. Hansı ki, Qərb dairələrində Fərhad Əliyevin liberallığı ilə Azərbaycanın gələcəyinə baxanlar vardı. Onu “fövqəlnazir”in hədəfinə gətirən də bu amillə bərabər, iqtisadi-maliyyə bazarında inhisara əngəl olması və ölkə prezidentinə yaxın olması idi. “Fövqəlnazir” üçün bu üç meyar vazkeçilməz əsas meyarlardır və buna qarşı çıxanlar Fərhad Əliyevin aqibəti ilə üzləşmə təhlükəsi ilə yaşamaq məcburiyyətindədirlər. Kamal müəllim indiyədək öz təhlükəsizliyini prezidentlə aralarındakı məsafənin yaxınlığı ilə qurub və bu araya kimsənin girməsinə bütün zamanlarda taleyüklü məsələ kimi baxıb. Ona görə də bu məsafə arasına girməyə cəhd edən istənilən məmuru müxtəlif kompromatlarla daim təhlükə gözləyir. “Fövqəlnazir” Gömrük Komitəsinin sədri olmasından tutmuş, Kür çayının daşmasından zərərçəkmiş insanlara, çayın deltasının təmizlənməsi, blindajların qurulmasına, indidə Zaqatalada baş verən zəlzələ qurbanları üçün ayrılan yüz milyonlarla vəsaitin xərclənməsi ilə bağlı konkret əməllərdə heç də ictimai yaddaşlarda müsbət bir qəhrəman kimi qalmayıb. Orada olan fəsadların acısını bu gün də insanlar yaşamaqdadır və görsənən odur ki, bu yalan xəmiri xeyli su aparacaq. Son əvəzi Hər kəsi bir dəfə,bəzilərini isə hər zaman aldada bilərsiniz. Lakin hər kəsi hər zaman aldada bilməzsiniz..(Avraam Linkokln)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?