«Məndən «bu seçkilər irəliyə doğru bir addım oldu” sözünü eşitməyəcəksiz»
Avropa Mübadilə Mərkəzinin sədri, (Almaniya) Avropada Demokratik Seçkilər üzrə Platformanın koordinatoru Ştefan Şiffer «Bizim Yol» qəzetinə müsahibə verib. O, ölkədəki seçkiqabağı durumu dəyərləndirib, problemlərə münasibətini açıqlayıb. Ş.Şiffer açıq şəkildə bildirir ki, növbəti seçkilərin legitimliyinin tanınması ancaq demokratik və şəffaf şəkildə keçrilməsindən asılıdır. Müsahibəni ixtisarla oxucularımıza təqdim edirik. - Xanım Şiffer, beynəlxalq təşkilatlar hər bir seçkini hakimiyyətin legitiimliyi üçün bir addım hesab etsələr də, proses bitəndən sonra “bu seçkilər irəliyə doğru bir addım oldu” fikrini işlətməkdən çəkinmirlər. Bu ziddiyyəti necə izah edərdiniz? - Əlbəttə ki, mənim də “bu seçkilər irəliyə doğru bir addım oldu” fikrindən xoşum gəlmir. Əslində, Avropadakı bir sıra həmkarlarım həmin fikri bu tərzdə ifadə edirlər: 1 addım irəli, 2 addım geri. Ona görə “bu seçkilər irəliyə doğru bir addım oldu” ifadəsini ciddi hesab etmirəm. Bəli, pis və ən pis situasiyaları müqayisə etmək olar. Gərək, məsələyə seçicilərin səslərinin düzgün sayılması prizmasından yanaşılsın. Amma mən müqayisədə “ən pis seçkiləri” götürməyi doğru hesab etmirəm, əksinə, ümumi qəbul olunmuş normalar əsasında seçkilərə yanaşmaq lazımdır, hansı ki, Avropa Şurasının üzvü olan hər bir ölkə bu istiqamətdə öhdəlik götürüb. - O zaman necə proqnoz verərsiz, həmkarlarınız 15 oktyabrdan sonra yenə “bu seçkilər irəliyə doğru bir addım oldu” deyəcəklər? - (gülür). Yox, məndən eşitməyəcəksiniz, amma həmkarlarım haqqında bunu deyə bilmərəm. - Bu gün Avropa Şurasının üzvü olan Azərbaycanda və bir sıra beynəlxalq təşkilatlarda dövlət başçısının üçüncü dəfə namizədliyinin irəli sürülməsinin öhdəliklərə cavab verib-verməsi müzakirə predmetidir. Bu məsələnin beynəlxalq standartlara uyğun gəlib-gəlməməsi barədə nə deyə bilərsiniz? - Mən prezidentin üçüncü dəfə namizədliyinin irəli sürülməsinin normalara ziddi olması barədə konkret heç nə deyə bilmərəm. Məsələn, Almaniyada bundestkanslerin seçiminə hədd qoyulmur, o, parlament tərəfindən seçilir. Avropa ölkələrinin qanunvericiliyində bu məsələnin necə qoyuluşundan da xəbərim yoxdur, gərək araşdıram. Məncə, bu, mübahisəli məsələdir, çünki 2009-cu ildə bununla bağlı referendum keçirilib. Ona görə referendumu araşdıraq. Referendum pozuntularla keçməyibsə, o zaman üçüncü dəfə namizədliyin irəli sürülməsi legitimdir. Məndə olan məlumata görə, referendumun beynəlxalq standartlara cavab vermədiyi bildirilib. - Sizin 2013-cü il seçkilərindən hansı gözləntiləriniz var? - Mən referendumla bağlı bildirdim. Bu, artıq birinci bənddir. İkinci, prezidentin marağında olmalıdır ki, onun xalqı demokratik seçkilərdə iştirak edib səs verəcəklər. Əgər o, buna təminat verə bilirsə, xalq onun bütün qərarlarına şübhə ilə yanaşmayacaq və bunun nəticəsində onun bütün hakimiyyəti həm mübahisəli sayılmayacaq, həm də sabit olacaq. Ona görə ki, sabitliyi təmin etmək üçün demokratik seçki vacibdir. Bütün hallarda referendumun nəticələri araşdırılmalıdır. - Ümumiyyətlə, polis gücüylə sabitliyi nə vaxta qədər saxlamaq olar? - Polisin gücü sabitlik üçün deyil, əksinə, cinayətkarlığa qarşıdır. Sabitlik polisə söykənməməli, insanların bir-birinə və hakimiyyətə inamına əsaslanır. Heç zaman polislərin vasitəsilə sabitliyi uzunmüddətli saxlamaq olmaz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?