Hökumət Avropa Məhkəməsinin sabiq nazirlə bağlı qərardan şikayət verməyib
Avropa Insan Haqları Məhkəməsi bu ilin martında Əli Insanovun barəsində qərar çıxararaq, keçmiş səhiyyə nazirinin Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqlədi. Üstəlik, Əli Insanovun hüquqlarının pozulmasına görə dövlətin ona 10 min avro kompensasiya ödəməli olduğu haqda da qərar verildi. Prosedur qaydalara görə, əgər tərəflər (ərizəçi və ya dövlət) qərardan üç ay ərzində Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət verməsə, qərar qüvvəyə minir. Əli Insanovla bağlı qərardan isə hökumət hələ ki, şikayət verməyib. Bu barədə “Azadlıq”a məlumat verən sabiq nazirin vəkili Toğrul Babayev bildirib ki, əgər qalan müddətdə də hökumət şikayət verməsə, o halda, Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarı 14 iyunda qüvvəyə minəcək. Vəkil əlavə edib ki, Ə.Insanovla mütəmadi görüşür və sabiq nazirin heç bir narahatlığı yoxdur. Xatırladaq ki, Əli Insanov 2005-ci il oktyabrın 19-da həbs edilib və Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub. Avropa Məhkəməsi Əli Insanov həbsdə saxlanıldığı müddətdə onun müalicəsinə şərait yaradılmamasını sabiq nazirə qarşı işgəncə kimi qiymətləndirib. Həmçinin onun məhkəməsi keçirilərkən Konvensiyanın 6-cı maddəsinin tələblərinə əməl olunmadığı təsdiqlənib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?