Müsavatçıların məqsədi — Milli Dövlət yaratmaq idi, Milli Dövlət vasitəsiylə Milli Dirçəlişə nail olmaq idi
XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi. Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı… Müsavatçılar millətçiydilər. Bu, çox gərəkli, zəruri, yüksək məziyyət idi: beynəlmiləlçi, kosmopolit imperiya məfkurəsinə qarşı çevrilmiş düzgün yol, xətt, yön idi… Müsavatçıların məqsədi — Milli Dövlət yaratmaq idi, Milli Dövlət vasitəsiylə Milli Dirçəlişə nail olmaq idi: Müsavat millətçiliyində daşnak utopiyası və qəsbkarlığına bənzər yırtıcılıqdan əsər-əlamət yox idi, həmçinin gürcü əyanlığına bənzər təşəxxüsdən də azad idilər müsavatçılar: uca ziyalılıq səviyyəsindəydi Müsavat millətçiliyi, fitri yurdçuluq səviyyəsində… Marksist millətçi ola bilməz, çünki marksizm millətlərin bir-birinə qovuşması və vahid fövqəlmillət — xalq yaranması ideyasına əsaslanır… Marksistin yurdsevərliyi qeyri-təbii və sünidir. O, gec-tez «məhv olmalı», «ləğv olmalı» bir varlığı necə sevə bilər? O ləğvinə, məhvinə çalışdığı bir varlığı necə sevə bilər? Marksist süur – üzvi surətdə antimillətçi, beynəlmiləl, kosmopolit süur idi. Bu səbəbdən də həm imperialistlər, həm kommunistlər millətçiliyə qarşıydılar… Nərimanovların yurdsevərliyi marksist, kommunist «yurdsevərliyi» idi: yəni əslində kosmopolit, beynəlmiləlçi «yurdsevərlik» idi; Nərimanovların Rəsulzadələrə qarşı durması zəruri idi: beynəlmiləlçilik mahiyyətcə antimillətçilikdir: — hakim millət beynəlmiləlçilik tələsində millətləri əridir, məzlum millət həmin tələdə əriyir… XX əsrin siyasi dünyası Millətçiliyə qarşıydı — millətçilik Fədakarlıq Rəmzinə çevrilmişdi. Müsavatçılar Milli Dövləti tək qura bilmədilər: İttihadçılarla və sosialistlərlə birgə qurmalı oldular. İttihadçılar islam kosmopolitizmi, sosialistlər marksizm kosmopolitizmi gətirdilər hökumətə; Bayraq çoxrəngləşdi, şüar çoxmüddəalaşdı: islamlaşma – türkləşmə – qərbləşmə calağı yarandı. Millətçilik kosmopolitizmlə, özümlük özgələşməylə çulğalaşdı. Mahiyyətcə Birlik əvəzinə — ideoloji, siyasi xaos yarandı: həmin xaos – qarışıqlıq – Milli hökumətin devrilməsini əsaslandırdı; əslində Müsavat Partiyasından başqa parlamentin heç bir partiyası Milli hökuməti müdafiə etməyə cəhd göstərmədi. Ağamalıoğlunun «O olmasın, bu olsun!» məzhəkəçiliyi buna aydın sübutdur. Müsavatçılar kommunist təhlükəsini tam qavramadılar; kommunist təbliğatına, yalanına — fəhlə hakimiyyəti, zəhmətkeş dövləti vədinə qarşı — öz həqiqətlərini deyə bilmədilər; zəhmətkeşləri kommunist mövhumatından ayıra bilmədilər. Bu səbəbdən zəhmətkeşlər Milli dövləti müdafiə etmədilər. Müsavat hökuməti güclü dövlət yarada bilmədi, bolşevik Rusiyasının zorakılıq, fitnəkarlıq əməlini düzgün qiymətləndirmədi; ölkəmiz demək olar ki, müqavimətsiz zəbt olundu. 28 May millətçilik dərsidir — öyrənməli, ötməli.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?