Müdafiə Nazirliyinin tərkibindəki hərbi hissələr görünməmiş təftişə məruz qalacaq
gundemxeber.az «Gündəm-xəbər»ə ötürülən məlumatlara görə gələn həftədən etibarən Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində yoxlamalara başlanılır. Bu barədə informasiya verən Müdafiə Naziriliyindəki mənbə qeyd edir ki, yoxlama nəticəsində ölkə ərazisindəki yerləşən hərbi hissələrin durumu, şəxsi heyətin sosial vəziyyəti, şəxsi heyətin ərzaq təminatındakı problemlər, əsgərlərin saxlanma şəraiti və digər nüanslar araşdırılacaq. Qəhetimizi bilgiləndirən mənbənin sözlərinə görə, Müdafiə Nazirliyinin tərkibindəki hərbi hissələrdə buna qədər də anoloji yoxlamalar aparılıb, amma bu dəfəki təftiş həm ciddiyyətinə, həm də məqsədinə görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcək: «Əgər buna qədər Müdafiə Nazirliyi sferasında aparılan təftişlər bir növ formal xarakter daşıyırdısa, artıq gələn həftədən start götürməli olan yoxlamalarla bağlı bunu demək olmaz. Uzun illərdən bəri birinci dəfədir ki, hərbi hissələr kompleks yoxlamalara məruz qalacaq. Həm də unutmaq olmaz ki, bu yoxlamalar birbaşa ölkə prezidenti, silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin nəzarətində olacaq. Çünki hərbi hissələrdəki durumun köklü şəkildə araşdırılması təklifi elə prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevdən gəlib. İndi isə V.Əliyev Prezident Administrasiyası rəhbərinin müavini postundadır. Ona görə də bu yoxlamaların müdafiə naziri Səfər Əbiyev üçün rahat keçməyəcəyini proqnozlaşdırmaq olar». Prezident Administrasiyası rəhbərinin müavini general leytenant Vahid Əliyevlə müdafiə naziri Səfər Əbiyev arasında münasibətlərin heç də normal olmadığını da göz önünə gətirdikdə isə baş verənlərin alt qatında ciddi mətləblərin yatdığını iddia etmək mümkündür. Məlumat üçün bildirək ki, son zamanlar Vahid Əliyev özünə yaxın xeyli zabiti Müdafiə Nazirliyinə yerləşdirə bilib. Bu isə onun hərbi sektorda nələrin baş verməsində kifayət qədər informasiyalı şəxs olmasını şərtləndirir. Məhz əlindəki dəqiq informasiyalara arxalanan Vahid Əliyev müdafiə nazirinin «zəif nöqtələri»ni gözəl bildiyindən bu dəfəki yoxdamalarda böyük nöqsan və çatışmazlıqların aşkarlanacağı ehtimal olunur. Mənbəmiz bildirir ki, indi Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan yüksək rütbəliləri təlaş içindədir və baş verənlərin nəylə yekunlaşacağını səbirsizliklə gözləyirlər. Eyni zamanda hərbi hissə rəhbərlərinin qarşısında belə bir tələb qoyulub ki, mövcud olan çatışmazlıqlar qısa zaman kəsiyində (artıq yoxlamalara günlər qalıb-red) aradan qaldırılsın və pis vəziyyətdə olan kazarmalar daxili imkanlar hesabına tezliklə təmir olunsun. Çünki təftiş olunacaq obyektlər sırasında kazarmaların hansı vəziyyətdə olmasına böyük diqqət ayrılacaq ki, bu da səbəbsiz deyil. Mənbəmizin sözlərinə görə, Müdafiə Nazirliyinə ayrılmış vəsaitin böyük hissəsi məhz bu xərclər üçün ayrılıb, bu sahədə amma görülən işlər ayrılmış maliyyə vəsaiti ilə tərs mütənasibdir. Eyni zamanda şəxsi heyətin ərzaqla təminatı məsələsi də diqqət mərkəzində olacaq. Mənbə bildirir ki, ərzaq təminatındakı maxinasiyalarla bağlı ciddi faktlara sahib olan Vahid Əliyev müdafiə nazirini məhz bu «silah»la «yaralayacağını» düşünür. Bir məqamı da qeyd edək ki, Səfər Əiyevin rəqibləri onu sıradan çıxara bilmələri üçün bu dəfə Vahid Əliyevə ciddi dəstək verməyi düşünürlər. Beləliklə Vahid Əliyevin başçılığı ilə rəqiblərinin Səfər Əbiyev üçün qurduqları «yoxlama tələsi»nin hansı nəticələr verəcəyi həm siyasi dairələr, həm də ictimaiyyət üçün böyük maraq kəsb edir. Biz də bu marağı nəzərə alıb mövzunu diqqətdə saxlayacaq və Müdafiə Nazirliyindəki təftişlərlə bağlı daha geniş material hazırlamağa çalışacağıq. Orxan Həsənli
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?