İsti yay günlərində Bakı sakinlərinin daha çox üz tutduqları ünvanlardan biri də, dəniz kənarı ərazilər olur. Çünki, sakinlər isti havaların tüğyan etdiyi vaxtlarda həm istirahətlərini etmək, həm də dəniz sularında çimməklə, müəyyən problemlərini həll etmək niyyətində olurlar. Amma, son illər dəniz kənarı ərazilərin imkanlı şəxslər tərəfindən “işğal zonası”na çevrilərək ələ keçirilməsi, bir növ sadə sakinlərin rahatlığını əllərindən alıb. Məsələn, elə şəhərimizin “Pirşağı çimərliyi” adı ilə tanınan ərazisində yaşananlara diqqət yetirək, o halda yəqin ki, “işğal zonası” faktorunun varlığı öz təsdiqini tapar. Çünki, adı çəkilən çimərlik ərazisində “Palma” ailəvi istirahət mərkəzi var. Bu obyekt dəniz kənarı ərazidən bir qədər aralı məsafədə yerləşsə də, obyekt sahibinin “işğal siyasəti” düz dəniz sularının içərisinə kimi uzanıb. Yəni, həmin obyektin qarşı hissəsinin zəbt olunması qalsın bir yana, dəniz sularında çimib sahildə uzanmağa yerin tapılmaması, başqa bir problemin varlığından xəbər verir. Belə ki, obyekt sahibinin tapşırığı əsasında ərazinin bütün hissələrinə stul və stollar yerləşdirilib və konkret “toskı” da müəyyən edilib. Boş stul və stollardan istifadəyə görə, qiymətlər 10 manatdan 20 manat civarında dəyişir.
Yəni, biz onu qeyd etmək istəyirik ki, “Palma” ailəvi istirahət mərkəzinin sahibi təkcə obyektin yerləşdiyi ərazini, obyektin həndəvərini deyil, həm də obyektdən dəniz sularına bitişik olan ərazini də “işğal edib”. Belə bir səbəblər üzündəndir ki, həmin əraziyə üz tutanlar real mənzərə ilə üz-üzə qaldıqlarından, haqlı narazılıqlarını da ifadə edirlər. Aidiyyəti qurumlar isə hələ ki, susmaqdadırlar. Araşdırmamız bu yöndə davam edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?