Müxalifətin birlik qərarına iqtidar cavabı; YAP-ın təcili qurultayı İlham Əliyevin üçüncü müddətə namizədliyini elan etməyə hazırlaşır; Hakim komanda bütün dünya ilə müharibəyə başlayır; Xəbər veridiyi kimi, Yeni Azərbaycan Partiyası (YAP) V Qurultayının vaxtını açıqlayıb. Hakim partiya V Qurultayına hazırlıqları başa çatırdığını və qurultayın iyunun 7-də keçiriləcəyini bəyan edib. Məlumatda o da bildirilir ki, partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib və qurultaya 750-dən çox nümayəndə seçilib. Əlbəttə, hər bir siyasi təşkilat kimi, YAP-ın da qurultayını keçirməsində qeyri-adi nəsə yoxdur. Zatən hakim partiya bu il qurultayını keçirməli idi. Ancaq partiyanın qurultayının vaxtını dəyişməsi və burada qəbul edilməsi gözlənilən qərarlarla, bunun səbəblərilə bağlı daxil olan məlumatlar V Qurultayın iqtidarın, eləcə də ölkədə siyasi proseslərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını söyləməyə əsas verir. YAP qurultayın vaxtını ay yarım irəli çəkdi İlk növbədə qeyd edək ki, yaxın günlərə qədər hakim partiyanın rəsmiləri qurultayın avqust ayının sonunda - seçki kampaniyası ərəfəsində elan olunacağını bildirmişdilər. Məsələn, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir qədər əvvəl Modern.az saytına açıqlamasında “Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı avqust ayında keçiriləcək” deyə bəyan etmişdi. Partiya qurultayının prezident seçkiləri ilə bağlı olduğunu deyən deputatın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki kampaniyası rəsmən elan edildikdən sonra YAP hazırlıq prosesinə başlayacaq:“Bizim qurultayımız seçki ilə bağlı olacaq. Ona görə də seçki prosesinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası qurultayını keçirəcək”. Oxşar fikirləri YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da səsləndirmişdi: “Yeni Azərbaycan Partiyası parlament seçkilərinə qatılacaq namizədlərinin müəyyənləşdirilməsi istiqamətində işləyir. Namizədlərimizi seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacağıq”. Bu və digər faktlar, qurultayın vaxtının sonradan dəyişdirildiyini, daha dəqiqi irəli çəkildiyini göstərir. İlk olaraq YAP-ın qurultayının vaxtının irəli çəkilməsi məsələsindən başlayaq. Niyə? Milli Şuranın yaranması hakimiyəti tələsik qərar verməyə məcbur edib Hakim partiyaya yaxın çevrələrdən daxil olan məlumatlar və müşahidələrimiz göstərir ki, bunun səbəbi real müxalifətin, eləcə də narazı ictimai-siyasi dairələrin vahid cəbhədə birləşməsi istiqamətində önəmli addımların atılması, Milli Şuranın yaradılması ilə bağlı qərarın qəbul edilməsidir. Hakimiyyətdəki qeyri-müəyyənliyin fonunda rejimə qarşı vahid birliyin yaradılması yalnız cəmiyyətdə deyil, elə iqtidarın öz daxilində də hakimiyyətin bu il dəyişəcəyi fikrində olanların sürətlə artmasına səbəb olub. Xüsusən də, hakimiyyətin son illər əsas dayağı kimi qəbul olunan Moskvanın ondan üz döndərməsi, hətta ona qarşı olan qüvvələrə dəstək verəcəyi ilə bağlı məlumatların fonunda iqtidar düşərgəsindəki qərarsızlıq və fikir ayrılıqları rejimin siyasi özülününün çat verməsinə gətirib çıxarmışdı. Rusiyada yaradılan «Milyarderlər İttifaqı»ndan sonra hakimiyyət təmsilçilərinin necə təlaşa düşdükləri yəqin, hər kəsin yadındadır. Milli Şuranın yaradılmasının ardından demokratik düşərgənin vahid namizədi ətrafında müzakirələrin başlaması, ayrı-ayrı partiya liderlərinin öz iddialarından çəkilməyə hazır olduqlarına dair bəyanatları isə hakim düşərgədə ciddi təlaşın yaranmasına səbəb olub. Uzun illərdir rejimin alətinə çevrilərək müxtəlif qeyri-qanuni əməllərə imza atan və bu üzdən anadolu türklərinin sözü ilə desək, «suçluluq duyğusu» yaşayan hakimiyyət mənsublarının ölkədən getmək, müxalifətlə gizli təmaslar qurmaq istiqamətində çabalara başladığına dair məlumatlar yayılır. Bu vəziyyətin getdikcə genişlənməsinin qarşısını almaq üçün hakimiyyətin namizədinin təcili elan olunmasına və onun ətrafında böyük təbliğat şousu qurmağa ehtiyac vardı. Çünki hansısa bir qrup QHT-nin, Həmkarlar İtitifaqının İlham Əliyevin namizədliyini irəli sürməsi heç bir işə yaramadı. Buna görə də YAP-ın qurultayının vaxtı təxminən ay yarım irəli çəkilib. Qurultayda YAP-ın namizədi təsdiq olunacaq Bu sualın cavabını bir qədər sonraya saxlayaraq qeyd edək ki, qurultayda 2013-cü ilin prezident seçkilərində YAP-ın namizədi təsdiq olunacaq. Daha dəqiqi, hazırkı dövlət başçısı İlham Əliyev hakim partiyanın üçüncü dəfə prezidentliyə namizədi olaraq irəli sürüləcək. Belə ki, indiyədək keçirilən və tələsik yekunlaşdırılan bütün konfranslarda YAP-ın sədri İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyə edilib. Beləliklə, bu qurultay uzun müdətdir cəmiyyətdə müzakirə olunan 2013-cü il prezident seçkilərində hakimiyyətin namizədinin kim olacağı ilə bağlı suala da müəyyən mənada aydınlıq gəirəcək. Müəyən mənada ona görə deyirik ki, YAP-ın İlham Əliyevin namizədliyini irəli sürməsi, hakimiyyətin başqa namizədinin olmayacağı anlamına gəlmir. 2003- cü il prezident seçkilərini yada salsaq, YAP-ın İlham Əliyevin namizədliyini irəli sürməsinin hələ hakimiyyətin mütləq mənada onunla seçkiyə getməsi demək olmadığını söyləyə bilərik. Zamanı gələndə İlham Əliyevin öz namizədliyini başqa birinin xeyrinə geri götürməsinin mümkünlüyü ehtimalını da yaddan çıxarmamalıyıq! Ancaq hələlik bu ehtimalları bir yana qoyaraq, konkret məlumatlar üzərində mülahizələrimizi oxucularımızla bölüşmək istərdik. Məsələ ondadır ki, son günlərə qədər hakimiyyətin namizədinin kim olması ilə bağlı iqtidar daxilində ciddi fikir ayrılıqları vardı. YAP rəsmilərinin yeri gəldi-gəlmədi 2013-cü il prezident seçkilərində iqtidar partiyasının namizədinin İlham Əliyev olacağı haqda bəyanatlarına rəğmən, bununla bağlı sual açıq qalırdı və yəqin ki, namizədlərin verilməsi müddəti bitən günə qədər açıq qalacaq. Qərb 3-cü müddətə prezidentliyi qeyri-mümkün hesab edir Beynəlxalq aləmdə "3-cü müddət" məsələsinə həddən artıq neqativ münasibət var. Nə Qərbin aparıcı dövlətləri, nə də beynəlxalq təşkilatlar bu məsələ barədə danışmaq belə istəmirlər. Hətta dünyada müsbət imicə malik olan Mixail Saakaşvilinin belə 2 dəfədən artıq prezidentlik iddiasına düşməsi barədə məlumatlara kəsgin reaksiya verildi. Beynəlxalq birlik üçün «əbədi prezidentlər» anlayışı artıq tarixdə qalıb. “Ərəb baharı” baş verən ölkələrdə Qərbin tutduğu mövqe buna əyani nümunədir. Bu həm də onunla bağlıdır ki, beynəlxalq demokratik inistitutlar «əbədi prezidentliyi» kriminallaşmış avtoritarizmin əsas səbəbi kimi göstərirlər. Bu baxımdan istənilən hada Qərbin İlham Əliyevin 3-cü müddətə prezident seçilməsinə loyal yanaşması mümkünsüz görünür. Bununla bağlı ötən müddətdə ən müxtəlif səviyyədə hakimiyyətə kifayət qədər açıq və üstüörtülü mesajlar verilib. Hakimiyyət daxilindən sızan məlumatlar və müşahidələr göstərir ki, Qərb, o cümlədən ABŞ Azərbaycandakı mövcud oliqarxiya quruluşunun, korrupsiya və rüşvətə əsaslanan sistemin dəyişməsində, ölkədə hüququn aliliyinə əsaslanan dövlətin qurulmasında israr edir. ABŞ-ın ölkəmizdəki yeni səfirinin son müsahibəsində də bununla bağlı açıq mesalar yer alıb. Daha ciddi mesaj isə ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı verilib. Bu haqda əldə olan məlumata görə, xanım Klintonun səfəri zamanı prezident İlham Əliyevlə görüşündə əsas müzakirə predmetinin 2013-cü il prezident seçkilərilə bağlı olub. Hillari Klinton İlham Əliyevin ötən illərdə enerji və təhlükəsizlik sahəsində Qərblə tərəfdaşlığından razılığını bildirib. Ancaq Qərbin, o cümlədən ABŞ-ın İlham Əliyevin üçüncü dəfə prezident seçilməsinə və ya postunu öz ailə üzvlərindən birinə ötürməsinə göz yummasını qeyri-mümkün sayıb. 3-cü prezidentlik qərarı Qeyd edək ki, İlham Əliyevin indiyədək prezident seçkilərində iştirak edəcəyinə dair kiçik bir eyhamda belə bulunmaması onun məhz bu istiqamətdə düşünməsi, daha dəqiqi seçkilərdə iştirak edib-etməmək barədə qəti qərar verə bilməməsi ilə bağlanırdı. Məsələ ondadır ki, İlham Əliyev Qərbin iradəsinin əksinə getməklə dünyada çox mənfi qarşılanan, hətta Putinin belə cürət etmədiyi «3-cü prezidentliyin» acı nəticələr verə biləcəyini də proqnozlaşdırmamış deyil. Xüsusən Azərbaycanda keçirilmiş azı son 2 prezident seçkilərinin nəticələrinin daha çox beynəlxalq iradəni əks etdirdiyini bildiyi halda. Daha açıq desək, xalqın narazılığ ilə yanaşı, həm də beynəlxalq iradənin əksinə olaraq prezident kürsüsündə oturmaq sonu məchul olan bir yola qədəm qoymaqdır ki, bu da İlham Əliyevi düşündürməyə bilməz. Bu və digər səbəblərdən İlham Əliyevin 3-cü müddətə iqtidarın namizədi olacağı mübahisəli görünürdü. Hətta bir çox siyasi ekspertlər bunu mümkünsüz hesab edirdilər. Belə bir vəziyyət isə, təbii olaraq hakimiyyət daxilində qruplar arasında qarşıdurmaya səbəb olurdu. Bu qruplaşmalar arasında əvvəllər biznes və nüfuz savaşı formasında baş verən mübarizə ötən ilin sonları, bu ilin əvvəlindən başlayaraq hakimiyyətin prezidentliyə namizədini kimin müəyyənləşdirməsi formasında təzahür etməyə başladı. Ancaq bu günkü siyuasiya onu göstərir ki, 2013-cü ildə hakimiyyətin prezidentliyə namizədinin yeni şəxs olaraq müəyyənləşdirmək cəhdləri alınmadı. Bunu da bir ehtimalla bağlamaq olar. Qərbdən seçkiləri saxtalaşdırmaqla hakimiyyətin başqa bir şəxsə ötürülməsi planına da dəstək alına bilməyib. Həm Qərbdən, həm də Rusiyadan ümidi kəsilən hakim düşərgə başqa bir namizədlə çıxış etməyin iqtidar daxilindəki gərginliyi daha da artıracağını proqnozlaşdıraraq, yenidən İlham Əliyevin namizədliyini irəli sürməyi qərara alıblar. Bu ehtimalın doğru olması o deməkdir ki, ziddiyyətdə olan qruplar arasında müəyyən müddətə olsa da «barışıq» əldə olunub. Ən azı seçkilərə qədər. Son anda qərar dəyişə bilər. Amma bütün bunlar son deyil. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, YAP-ın İlham Əliyevin namizədliyini irəli sürməsi hələ onun prezident seçkilərinə qatılacağı anlamını vermir. Vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Mümkündür ki, ayrı-ayrı təşkilatlar Mehriban Əliyevanın da namizədliyini versin. Və səsvermə gününə az qalmış İlham Əliyevin namizədliyini onun xeyrinə geri götürsün. Başqa variantların olması da istisna deyil... Hər halda elə bir situasiya yaranıb ki, Azərbaycan hakimiyyətinin ciddi islahatlara getməkdən və Qərbin demokratik seçkilərlə bağlı tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Əks halda, Azərbaycan ağır təzyiqlər, sanksiyalarla qarşılaşa, ölkədə proqnozlaşdırılması çətin olan hadisələr baş verə bilər. Murad Məmmədov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?