İki saata yaxın davam edən görüşdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri tam tərkibdə iştirak ediblər
Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının plenar iclasından sonra AŞPA-nın sədri Jan-Klod Minyonun iştirakıyla Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin arasında görüş keçirilib.
İki saata yaxın davam edən görüşdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri tam tərkibdə iştirak ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən AŞPA sədri, bunu xoşməramlı görüş kimi qiymətləndirib. “Bu dostlar arasında, azərbaycanlılar, ermənilər və Assambleyanın sədrinin də iştirak etdiyi parlamentarlar arasında olan bir görüş idi. Qərara gəldi ki, dostcasına burada, demokratiya evində görüşək və işlərimizi bir yerdə necə qura biləcəyimiz haqda fikir mübadiləsi aparaq. Qeyd etməliyəm ki, ümumi işlər görməyimiz üçün hər iki tərəfdən həqiqi istəyin, siyasi iradənin olduğunun hiss etdim. Belə görüşlərimizin davamlı olmasını da qərara aldıq. Növbəti sessiyalarda yenə də görüşəcəyik.”
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi üzrə AŞPA-nın xüsusi Alt komitəsinin fəaliyyəti dayandırıldıqdan sonra, quruma yeni sədr seçilmiş Jan-Klod Minyon Alt komitənin bərpasını qəbul etməsə də, hər iki ölkənin nümayəndə heyətləri arasında qeyri-formal görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. AŞPA-nın demək olar hər sessiyasında belə görüşlər keçirilirdi, lakin indiyə kimi bu görüşlər nümayəndə heyətləri rəhbərləri səviyyəsində baş tuturdu. Bu sessiya ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin digər üzvləri də görüşə qoşulublar.
Görüşün məzmunu haqda hələlik mətbuata açıqlama verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?