Bakının kirayə evləri terrorçuların da üzünə açıqdır; Kirayə ev bazarına nəzarət işi başlı-başına buraxılıb; Vergilər Nazirliyi isə fakt istəyir...
Hazırda Bakıda olan mənzillərin və fərdi evlərin təxminən 10-12 faizi icarəyə və ya kirayəyə verilir. Bunun müqabilində isə kirayənişin (icarədar) tərəfindən ev sahibinə orta hesabla 250-500 manat pul ödənilir. Deməli, bu gün icarə və ya kirayəlik mənzillərdən xeyli vəsait toplanır. Vətəndaşlar isə həmişəki kimi kirayə müqavilələrin yoxluğundan şikayətlənirlər. Qeyd edək ki, kirayənişinlə ev sahibi arasında müqavilənin bağlanmaması dövlət büdcəsinə bunun vergisini ödəməmək deməkdir. Bu, həm də mübahisəli məqamlarda tərəflərdən birinin zərər çəkməsi, hüquqlarının pozulması anlamına gəlir. Daşınmaz əmlak sahəsi üzrə mütəxəssislər də kirayə müqaviləsinin bağlanmamasının ciddi problem olduğunu vurğulayırlar. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı açıqlamasında paytaxtda 150 mindən artıq ailənin kirayədə müqaviləsiz yaşadığını təsdiq etdi: “Son illərdə paytaxtda o qədər çoxmərtəbəli bina, şəhər ətrafında o qədər fərdi mənzil tikilib ki, mənzillərin konkret sayı ilə bağlı statistikanın özü də alt-üst olub. Hər halda kirayəyə verilən mənzillər barədə uzağı təxminən 5 faiz halda müqavilə imzalanır. Qalanları isə sadə bir razılaşma yolu ilə mənzillərə köçüb yaşayırlar. Bu, vergidən yayınmadan başqa tərəflər arasında problemlər yaranan zaman bu problemlərin hüquqi müstəvidə, məhkəmədə deyil, şəxsi zəmində həll edilməsinə, yazılmamış qanunlarla həll olunmasına, gələcəkdə mənzildə baş verəcək arzuedolməz hadisələrə görə əlavə öhdəliyin yaranmasına da səbəb olur”. Ekspert bir çox cinayət əməllərinin məhz müqaviləsiz götürülmüş kirayə evlərdə baş verdiyi faktını da bildirdi: “ADNA hadisələrini yada salaq. Bakıda məşum terror aktı törətmiş Fərda Xudaverdiyev də Gürcüstandan Bakıya gəlib burada kirayə ev tutmuşdu, o evdə yaşayırdı və heç bir müqaviləsi də yox idi. Sonradan məlum oldu ki, o, qatı cinayətkar imiş, həmin evdə dəhşətli planlar hazırlayıbmış. Onun şəxsiyyətinin identifikasiyası həm də bu məsələ üzündən uzandı. Bir insan bir evdə sadəcə pul şərti ilə yaşayırsa, onu ora başqa heç bir məsuliyyət bağlaya bilməz. O evdə istədiyi işi görə, istədiyi vaxt da evi tərk edib uzaqlaşa bilər. Heç kim də onu tapa bilməz. Müqavilə olmadığı üçün bu işin məhkəmə prosesi də çox ağrılı keçəcək. Belə hallar çoxalandan sonra bir müddət sahə müvəkkillərinə kirayəyə verilən evlərin qeydiyyata alınması işi tapşırılmışdı. Amma təbii ki, bu da çıxış yolu deyil. Bu işə Vergilər Nazirliyinin müvafiq qurumları, Dövlət Reyestri Xidməti, Bakı Şəhər Icra Hakimiyyəti nəzarət etməlidir. Qısası, işə dövlət səviyyəsində müdaxilə olunmalıdır. Bu iş qanunlarla tənzimlənməlidir. Qanunu pozanlara müəyyən cərimələr, sanksiyalar tətbiq edilməlidir”. Bəs ev kirayəsində əsas fiqurlardan olan, özünə kontor açıb işləyən ev dəllalları? Onların yardımından istifadə etmək olmazmı? Ramil Osmanlı hazırkı vəziyyətdə onların tənzimləyici olmasını mümkünsüz sayır: “Dəllallar bu işdə maraqlı deyil. Onların əsas gəliri alqı-satqıdandır. Onlar ev kirayəyə verəndə isə sadəcə müştərinin şəxsiyyət vəsiqəsini surətini götürürlər, amma heç bir normativ hüquqi sənəd hazırlayıb rəsmi orqanlara təqdim etmirlər. İndi Azərbaycanda hətta 2000-3000 manata kirayəyə ev verən adamlar var ki, 14 faizlik gəlir vergisindən imtina etmək üçün hətta onlar da kirayə müqaviləsi bağlamırlar. Buna görə də bu problemin həlli hansısa fiziki şəxsin, ictimai təşkilatın, KİV-in imkanları xaricindədir. Nəzarət mexanizmi olmalıdır. Lazım gələrsə, kirayə verən şəxs kirayəyə vermə hüququndan məhrum edilməlidir”. Birlik sədrinin sözlərinə görə, kirayə müqavilələrinin imzalanacağı təqdirdə kirayə bazarında qiymət artımının olacağı qaçılmazdır: “Kirayə evlər üçün 14 faizlik gəlir vergisi mövcuddur. Artım avtomatik olacaq. Yəni 100 manata təxminən 14 manat artım...” Vətəndaşlar isə kirayə evlərə yalnız “müsəlman qaydası” ilə köçdüklərini deyirlər. İki ildir kirayədə yaşayan Fatma Bağırova evə müqaviləsiz köçdüyünü və belə bir müqavilənin mövcudluğundan xəbərsiz olduğunu deyir: “Getdim maklerə, bu evi məsləhət gördü. Onun da pulunu ödədim, yığdım olanımı-qalanımı köçdüm, indi də yaşayıram. Mənə heç vərəq də vermədilər ki, qol çəkim. Nə edə bilərdim?! O qədər artıq problem var ki...” Vergilər Nazirliyinin mətbuat xidmətindən isə nazirliyin kirayə müqavilələrinin bağlanmasına maksimal dərəcədə çalışdıqlarını dedilər. Xidmət rəhbəri Şahin Məmmədov bu sahədə olan problemlərlə maraqlandıqlarını da dilə gətirdi: “Kiminsə əlində belə bir faktı varsa, müraciət eləsin, biz də araşdıraq. Kirayədən daxil olan vergilərə nəzarət nazirliyin funksiyalarından biridir. Cinayət Məcəlləsinin 124-cü maddəsində də bu barədə yazılıb: "İcarəyə verənlə götürən arasında müqavilə imzalanır. Əgər icarəyə götürən fiziki şəxs vergi orqanında qeyediyyatdadırsa, 14 faiz vergini o ödəyir, qeydiyyatda deyilsə, həmin vergini icarəyə verən şəxs ödəyir və uçota alınır". Amma adətən kimsə qohumunun, kimsə tanışının evində qalır və müqavilə məsələsində çətinliklər yaranır”. Qeyd edək ki, dünya ölkələrinin bir çoxunda binalar, yaşayış sahələri iş adamları tərəfindən özəlləşdirilir və kirayə mənzilləri əsasən ev sahibləri yox, fərdi evləri, binaları və digər obyektləri özəlləşdirən sahibkarlar təklif edir. Bu cür evlər qanun-qayda ilə, müqavilə əsasında verilir. Sahibkar müqavilə qüvvədə olduğu müddətdə kirayənişini evdən çıxara bilməz, belə bir cəhd baş verdikdə isə hüquq-mühafizə orqanları gərəkli tədbiri görür və hüququ pozulan şəxsi müdafiə edirlər. Bizdə isə bu sahədə boşluqdur. Bu üzdən hətta istənilən terrorçu, beynəlxalq axtarışda olan şəxs Bakıya gəlib asanlıqla ev kirayələyə bilər (Fərda Xudaverdiyevin timsalında bunun şahidi olduq). Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə qərarına əsasən kirayə zamanı xüsusi müqavilə forması doldurulmalıdır. Vətəndaşlar bilməlidir ki, müqavilə imzalanarsa, ev sahibi evi təmir etdirmək istədiyi təqdirdə belə kirayənişini və onun ailə üzvlərini yeni bir yaşayış mənzili ilə təmin etməmiş evdən çıxmağa məcbur edə bilməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?