Hesablama Palatası ilə dövlət qurumlar arasında baş verən gizli sövdələşmə; Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir; Bir neçə gün öncə Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirildi və mətbuata bildirildi ki, iclasda Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu ilə bağlı Audit proqramlarının aparılacağı söylənilib. Həmçinin qeyd olunub ki, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları” QSC-nə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi və Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsi üzrə Audit proqramları təsdiq edilib. Məlumat üçün bildirək ki, Prezidentin Ehtiyat Fondu büdcə fondu hesab olunur. Və qanunvericiliyə görə, fondun həcmi büdcə gəlirlərinin 2 faizindən çox olmamalıdır. Bu gün hardasa bu göstərici 1,6-1,7 faiz civarında dəyişir. Cari il 347 milyon manat planlaşdırılıb. Ötən il hardasa bu rəqəm 300 milyon idi. Yəni getdikcə rəqəm artır. Onu da deyim ki, dünyada belə fondlar fəaliyyət göstərmir. Bir Azərbaycandadır, bir də Gürcüstanda. Tez-tez müşahidə edirik ki, ölkə başçısı müxtəlif sahələrə ehtiyat fondundan müəyyən məbləğin ayrılması haqda sərəncam verir. Amma təəsssüflər olsun ki, ayrılan vəsaitlər bir çox hallarda təyinatı üzrə xərclənmir. Ona görə də Hesablama Palatasının yoxlamalar aparması normal qəbul olunmalıdır. Bir də ki, Hesablama Palatası dövlət büdcəsindən ayrılan bütün vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayan bir qurumdur. Sadəcə olaraq, problem ondan ibarətdir ki, bu vəsaitlərin doğrudan da ayrılması meyarları yoxdur. Düzdür, orada qeyd olunur ki, ayrılan vəsaitlər heç də siyasi məqsədlər üçün nəzərdə tutulmur. Amma təcrübə onu göstərir ki, bu, daha çox siyasi məqsədlər üçün ayrılır. Vəsaitlərin xərclənməsinə gəldikdə isə, bu gün dövlət büdcəsindən ayrılan və müvafiq dövlət qurumları tərəfindən istifadə edilən vəsaitlərin xərclənməsindəki şəffaflıqdan danışmağa dəyməz. O vaxt şəffaflıqdan söhbət gedə bilər ki, həmin vəsaitlərin xərclənməsi ilə bağlı prosesdə ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti və media yaxından iştirak edir, eyni zamanda hesabatlıq mövcuddur. Amma göründüyü kimi dövlət qurumları - istər nazirliklər olsun, istər icra hakimiyyətləri olsun, istər ayrı-ayrı qurumlar tərəfindən xərclənən vəsaitlər bu gün hesabatlı deyillər. Vətəndaş cəmiyyəti müraciət edir, amma heç bir məlumat verilmir. Bu, Hesablama Palatası ilə həmin qurumlar arasında baş verən gizli sövdələşmədir. Hesablama Palatası yoxlama aparar və deyə bilər ki, burada heç bir pozuntu yoxdur. Yəni Hesablama Palatası tərəfindən bu yoxlamalar nə dərəcə effektiv aparılır, nə dərəcədə burada şəffaflıq hökm sürür, bu məsələ bu gün açıq olaraq qalır. Ekspertlər bir qayda olaraq hesab edir ki, Azərbaycanda islahatlar aparılmalıdır. Vəsaitlərin xərclənməsi aidiyyəti yerlərə ötürülməlidir. Söhbət icra hakimiyyətlərindən yox, yerli özünüidarə qurumları olan bələdiyyələrdən gedir. Çünki bələdiyyələrə vəsaitlər ötürüləndə, bir tərəfdən dövlət qurumları bu məsələyə nəzarət edəcək, digər tərəfdən əhali də artıq prosesi yaxından izləmiş olacaq. Çünki bələdiyyə əhaliyə hesabat verməkdə borcludur. Amma heç bir dövlət qurumu, istər icra hakimiyyəti, istərsə də hansısa bir nazirlik olsun, əhaliyə hesabat verməkdə borclu deyil. Ona görə də bu gün vəsaitlər həm səmərəsiz istifadə olunur, həm də bir çox hallarda təyinatı üzrə xərclənmir, bununla bağlı hər hansı bir hesabatlılıq məsələsi də nəzərə çarpmır. Sevda YAQUBOVA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?